Qələm dilin tərcümanı olduğu kimi, cəmiyyətin də daxilinə, gizlin qalan mətləblərə, əyər-əysiyinə, gözlə görülən və görülməyən tərəflərinə sirayət etməyi bacarır. Əlbəttə, əgər usta bir yazarın, tükü-tükdən, yaxşını-pisdən, yağı şordan ayırmağı bacaran, düzə düz, əyriyə əyri deməyi bacaran bir söz əhlinin, qələm adamının əlində olarsa.
Azərbaycan ədəbiyyatında, publistikasında klassiklərimizdən üzü bəri belə qələm sahibləri olub, bu gün də var, sabah da olacağına ümidimiz az deyil.
Çağdaşımız olan, bizimlə bir şəhərdə, bir göyün altında, bir yerin üstündə yaşayan yazıçısı, nasir, dramaturq, tənqidçi, dövlət və siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq baş konsulu, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri və "91-lər"in üzvü, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Xeyrəddin Qoca qələmin qüdrəti, sözünün kəsəri, zəndinin itiliyi, prinsipial vətəndaş mövqeyi, ictimai-siyasi fəaliyyəti, yaradıcılığı ilə özünü çoxdan sübut edib. Xeyrəddin müəllim cəmiyyətin ağrı-acılarına, problemlərinə laqeyd qalmayan qələm adamıdır və biz onun yaradıcılığını, yazdıqlarını Azərbaycan cəmiyyətinin güzgüsü hesab edirik.
Xeyrəddin Qocanın 75 yaşının tamam olduğunu eşidəndə sözün düzü, qulağımıza inanmadıq. Yəqin çoxlarınız da bizim kimi buna inanmamısınız. İnansaq da, inanmasaq da, gerçəklik budur ki, 2025-ci ilin yanvar ayının 29-da Xeyrəddin Qocanın 75 yaşı tamam olub.
Xeyrəddin Sayəddin oğlu Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olub. 1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra N. Tusi adına Pedaqoji Universitetə qəbul olunub, 1971-ci ildə ali məktəbi bitirib. 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil alıb.
1971-ci ildə ordu sıralarında xidmət etdikdən sonra uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləyib. “Politexnik" qəzetində müxbir (02.03.1974–03.1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (30.03.1977–08.1978, 26.07.1982–2.10.1985), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor (9.08.1978–6.07.1982), "Dan ulduzu" qəzetində baş redaktor (25.03.1987–29.03.1991), "Mədəniyyət" qəzetində baş müxbir (29.03.1991–08.1991), "Şeytan" jurnalında müxbir (1.08.1991–04.1992, 1.02.1993–04.1993), "Açıq söz" qəzetində redaktor müavini (10.04.1992–1.11.1992), "Mozalan" qəzetində redaktor müavini (1.11.1992–02.1993), "Yeni Azərbaycan" qəzetində baş redaktor (1.04.1993–12.1997) vəzifələrində çalışıb.
Bildiyimiz kimi, X.Qocanın jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı Azərbaycanda və xaricdə çıxan 100-dən çox müxtəlif adda qəzet və jurnalda dərc edilib. Xaricdə və Azərbaycanda televiziya və radio efirində yüzlərlə verilişi, sujeti və çıxışları səslənib. Onun səs yazılarının bir qismi, videolentlərə yazılmış tamaşaları Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivində, qəzet və jurnallarda dərc olunan yazıları və kitabları S. Mumtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, son yaradıcılıq məhsulları isə şəxsi arxivində qorunub saxlanılır.
X.Qoca Azərbaycan Jurnalistlər İttifaqı (1979) və Yazıçılar (1996) Birliyinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun İdarə Heyətinin üzvüdür (2008).
X.Qoca 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərib, "91-lər"- dən biri olub. Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirlən təsis konfransında iştirak edib, Siyasi Şuranın üzvü seçilib.
1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. Ona 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.
Yazıçı-satirik "Filankəslər" (1995), "Hərə öz payını götürsün" (1998), "Marallar" (2000), Türkiyədə nəşr olunmuş "Bu dünyadan məktublar" (2002), "Gərək yazam…" (2003), "Hərənin öz payı" (iki hissəli satirik komediya) (2003), "Pyeslər" (2004), "Bu da belə həyatdır…" (2008), "Biz bizə bənzərik…" (2010) və "Yazdıqlarım… Yazılanlar…" (2018) adlı kitabların müəllifidir.
O, böyük türk satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirib.
Dramaturqun Akademik Milli Dram Teatrında "Hərənin öz payı…" adlı iki hissəli satirik komediyası tamaşaya qoyulmuşdur (2002). Onun "Qonşulaşma, qohumlaşma, kirvələşmə" adlı komediyası Azərbaycan Dövlət Televiziyasında ekran həyatı tapmışdır (2004). "Düzü-düz, əyrini-əyri" (2006), "Bu bizim zamanədir" (2007), "Toy olacaq…" (2008) adlı pyesləri Azərbaycan radiosunun tamaşaları kimi efirdə səslənilibdir.
Ədibin həyat və yaradıcılığına həsr olunmuş "Xeyrəddin Qoca" (foto-kitab) (2000), "Ömür belə keçir…" (2004) və " Həyati proseslərin axarında" adlı kitablar nəşr olunmuşdur. "Çinar-çap" nəşriyyatı "Xeyrəddin Qocanın gülüşü" adlı miniatür kitab buraxmışdır (2007). İctimai Televiziya yazıçı haqqında "Ömür belə keçir…" adlı film çəkmişdir. (2009). Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə "Bilirəm, səsim xoşunuza gəlməyəcək…" adlı satira gecəsi keçirmişdir (avqust 2003).
Cəlil Məmmədquluzadənin həyatından və "Molla Nəsrəddin" jurnalının yaradılmasından bəhs edən "Zamanın ruzigarı" adlı pyes yazıb.
O, uzun müddət Moskvada çıxan "Trud" qəzetinin ictimai müxbiri olmuş, qəzetin işində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub (1986), Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə Azərbaycan demokratik mətbuatının təşəkkülündə görkəmli xidmətlərinə görə "Qızıl qələm" (1994) mükafatına layiq görülüb. Azərbaycan Mətbuat Fondunun "Dan ulduzu" (1995) mükafatını alıb. Mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, ədəbi-bədii, publisistik yazılarında vətəndaşlıq mövqeyinə, satira və yumor janrındakı kitablarına görə "Araz" Ali Ədəbi Mükafatı (2001) ilə təltif olunub. "Pyeslər" kitabında, "Hərənin öz payı…", "Qonşulaşma, qohumlaşma, kirvələşmə", "Bu bizim zəmanədir…" kimi dram əsərlərində ictimai problemləri işıqlandırdığına, güclü satirik-yumoristik təhkiyəsinə, özünəməxsus üslubuna, estetik-sənət axtarışlarına görə Bakı Kitab Bayramında Milli Kulturoloji mükafat-Diplom alıb (2005).
Xeyrəddin Qocanın 75 illiyi ilə bağlı mətbutda xeyli sayda yazılar, fikirlər dərc olunub. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında nasirin həyat və yaradıcılığından, ictimai və siyasi fəaliyyətindən bəhs edən “Xeyrəddin Qoca – 75. Yazdıqlarım... Yazılanlar...” adlı virtual kitab sərgisi hazırlanıb. Bu xəbəri də sizinlə bölüşək ki, Azərbaycan Mədəniyyət Nazirliyinin kollektivi də yubuleyi münasibəti ilə Xeyrəddin Qocaya təbrik məktubu ünvanlayıb.
75 il bundan əvvəl Ağdaş rayonunun Qulbəndə kəndində dünyaya gələn və bu gün nəinki Azərbaycanda, eləcə də Türkiyədə və başqa ölkələrdə şöhrət qazanan səmimi, sadə insan, diplomat, alovlu publisist, mübariz vətəndaş, yazdıqları cəmiyyətin aynasına çevrilən Xeyrəddin Qocanı biz də “Bakı-Xəbər” kollektivi adından təbrik edir, ona can sağlığı yaradıcılıq uğurları arzu edirik. Xeyrəddin müəllim, yubleyiniz mübarək.
İradə SARIYEVA