AZ

Kartdan pul oğurluğu daha çox Kapital Bank və Beynəlxalq Bankda baş verir...

Image

Əkrəm Həsənov: “Bank təhlükəsizliyi təmin edə bilmirsə bu qədər müştəriyə niyə xidmət göstərmək öhdəliyi götürür?"

Son zamanlar vətəndaşların bank kartlarından qanunsuz şəkildə vəsaitlərin oğurlanması halları artmaqdadır. Kiberdələduzluq hallarının çoxalması səbəbilə insanlar artıq kartlarında pul saxlamağa ehtiyatla yanaşır, maaşları hesaba köçən kimi çıxarmağı üstün tuturlar. 

Bu problemin həll olunması üçün bankların qarşısında informasiya təhlükəsizliyini gücləndirməklə bağlı tələb qoyulacaq. Bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd edilir. Bildirilir ki, bankların kiber mühafizə sistemlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankının "Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər"i rəhbər tutaraq müəyyən  tədbirləri həyata keçirməklə təmin oluna bilər. Bütün tələblər nəzarət subyektlərində məlumatların oğurlanmasının qarşısının alınması üçün tələb olaraq qeyd olunub. 2025-ci ilin mart ayından etibarən Tələblər qüvvəyə minəcək. 

Mərkəzi Bank onu da bəyan edib ki, onlar tərəfindən davamlı olaraq bütün hədəf qrupları nəzərə alınmaqla ölkəmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir. Maraqlıdır, bu tədbirlər sayəsində kiber oğurluğa son qoyulacaqmı? 

Kiberdələduzluğa qarşı Mərkəz Bank yeni qaydalar həyata keçirəcək, bu qaydalar qismən də olsa problemin qarşısını alacaq”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, kiberdələduzluq günün, dövrün problemidir. Elə həftə yoxdur ki, kart hesabından pul oğurluğu ilə bağlı ona şikayət daxil olmasın: “Bu problemin həll olunması üçün Mərkəz Bank yeni qaydalar həyata keçirəcək. Bu qaydalar qismən də olsa problemin qarşısını alacaq, ancaq tam yox. Məlumat üçün deyim ki, kartdan pul oğurluğu problemi daha çox Kapital və Beynəlxalq Bankda müşahidə olunur, düşünmürəm ki, qısa müddətdə bu məsələ tam şəkildə həll olunsun. Çünki kiberdələduzluq sistemli problemdir, onların müştəri bazası, əməliyyatları böyükdür. Bəzən banklar vətəndaşları günahkar çıxardırlar ki, onlar kart məlumatlarını kiberdələduzlara verirlər. Banklar sistemi elə qurmalıdırlar ki, kartdan istifadə zamanı hər dəfə vətəndaşın mobil telefonuna sms gəlsin, OTP kod daxil edildikdən sonra kartdan vəsait çıxılsın. Bankların belə bir xidməti var. Vətəndaş bilərəkdən yaxud bilməyərəkdən bu məlumatları təsadüfən kiberdələduzlara verə bilər. Amma bankların da bir mühafizə sistemi olmalıdır. Müştəri sms vasitəsilə təsdiqləməsə kartdan vəsaitin silinməsi prosesi baş verməməlidir. Kiberdələduzlar vətəndaşın mobil telefonunu görə, ora müdaxilə edə bilmirlər. Bəzən sms xidmətlərə qoşulan müştərilərə də otp kod gəlmir, və vəsait kartdan silinir. Artıq bunun günahı vətəndaşlarda yox, banklardadır. Böyük məbləğlər kartdan çıxardıldıqda bankın mühafizə sistemi sms təsdiqi olmazsa, kartı avtomatik bloklamalıdır. Milli Qəhrəman Hökümə Əliyevanın atasının kartından 80 min manatın oğurlanması faktı banklardakı bu boşluğu üzə çıxartdı. Bank sms təsdiqlənmirsə müştəriyə zəng edib kartdan vəsaitin onun tərəfindən çəkilib-çəkilmədiyini dədiqləşdirməlidir. Çünki, banklar xaricə pul köçürdükdə müştərini "sual atəşinə" tuturlar. Bu onu göstərir ki, bankların informasiya təhlükəsizliyi sistemi zəifdir. Çünki, bəzən vətəndaş kart məlumatlarını ikinci şəxsə ötürmədikdə belə çıxılır. Bank təhlükəsizliyi təmin edə bilmirsə bu qədər müştəriyə niyə xidmət götürmək öhdəliyi götürür?".

Günel CƏLİLOVA





Seçilən
19
baki-xeber.com

1Mənbələr