Bakıda qurumuş ağac aşaraq avtomobilə ciddi ziyan vurub. Avtomobilin ön şüşəsi tamamilə, yan şüşələri isə qismən sıradan şıxıb. Avtomobilin kapotu da bir neçə yerdən zədələnib. Hadisə paytaxtın Nizami rayonunda baş verib.
Xezerxeber.az-ın məlumatına görə, zərərçəkən Xaqan Məmmədov deyir ki, avtomobil onun qardaşına məxsusdur. Yaşadıqları həyətdə baş verən hadisə zamanı xoşbəxtlikdən sürücü avtomobildə olmayıb.
Digər sakin də iddia edir ki, 20 gün əvvəl buna bənzər hadisə nəticəsində onun da avtomobilinə ziyan dəyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Tofiq Abbasov 13 ünvanında ağacın avtomobilin üzərinə aşması hadisəsi ilə bağlı quruma hər hansı müraciət daxil olmayıb.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən qurumuş, qəzalı və xəstəliklərə yoluxmuş ağacların götürülməsi üçün vətəndaş torpaq mülkiyyətçisinə - yəni müvafiq olaraq mərkəzi, yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət etməlidir. Onlar da öz növbələrində rəy alınması üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət ünvanlamalıdırlar. Nazirliyin əməkdaşları sözügedən ağaclara baxış keçirir və onların götürülməsinə müsbət rəy verildikdə icra hakimiyyəti orqanları və ya bələdiyyələr tərəfindən proses həyata keçirilir. Buna isə götürülən hər bir ağacın əvəzinə dərhal yenisinin əkilməsi şərti ilə icazə verilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.