AZ

Niyə psixoloqa getmirik?

Psixoloji yardım mərkəzi xəyal edin. İçəri daxil olanlar ətrafa gözucu baxıb, kimsə tanış çıxmasın deyə tez-tez başını aşağı salır. Çünki burada olmaq, psixoloqa getmək hələ də sirr kimi qorunmalı bir məsələdir. Azərbaycanda psixoloqa müraciət etmək, xüsusilə açıq şəkildə bunu etiraf etmək, çox adam üçün qorxulu addımdır. Amma niyə? Biz niyə hələ də mental sağlamlığımızı qorumaq üçün yardım almağa çəkinirik?

Ən birinci səbəb damğalanma qorxusudur. Azərbaycanda uzun illər psixoloqa müraciət edən insanlara qeyri-adi baxılıb. Xüsusilə yaşlı nəsil üçün psixoloq "dəli doktoru" anlayışı ilə eyniləşdirilib. Ailələr hələ də övladlarının psixoloji yardıma ehtiyac duyduğunu qəbul etmək istəmirlər. Axı "biz səni normal böyütmüşük", "sənə nə olub ki, psixoloqa gedirsən?" deyib mövzunu bağlamaq daha rahatdır. Uşaqlıqdan bizə öyrədilib ki, psixoloji problemlər haqqında danışmaq zəiflik əlamətidir. Əgər kimsə psixoloqa gedirsə, deməli, ciddi problemi var və artıq "normal" insan deyil. Halbuki dünyanın inkişaf etmiş ölkələrində psixoloqa getmək, bədən sağlamlığını qorumaq üçün həkimə getmək qədər adi və vacib hesab edilir.

Sanki kimsə psixoloqa müraciət edibsə, onunla araya məsafə qoymaq lazımdır. Bu yanaşma, sosial həyatın hər sahəsində özünü göstərir. Psixoloqa getmək, cəmiyyətdə hələ də bir növ "fəlakət" kimi qəbul edilir və nəticədə insanlar xəstəliklərini gizlətməyə, bu haqda danışmağa çəkinirlər. Psixoloq xidməti hələ də qorxulu bir sirr kimi qalır.

Digər bir səbəb isə psixoloji problemlərin ciddiyə alınmamasıdır. Azərbaycanda hələ də depressiya, təşviş, panik atak kimi hallar bir çox insanlar tərəfindən "bəhanə" və ya "şıltaqlıq" kimi qəbul edilir. Ətrafdan tez-tez belə sözlər eşitmək mümkündür: "Başını qat, keçib gedəcək, şükür elə, hər şey düzələcək", "Lap naza çəkilmisən, belə şeyləri beyninə salma" və sair. Hətta psixoloji problemlərlə bağlı açıq danışanlar "göz dəyməsi" və ya "cin-şeytan" kimi inanclara yönləndirilir, məsləhət görürlər ki, bir mollaya getsinlər, dua yazdırsınlar. 

Bir araşdırma nəticələrinə görə, ölkədə hər 5 nəfərdən biri həyatında bir dəfə də olsa psixoloji problemlərlə üzləşir, amma onların yalnız 15%-i psixoloqa müraciət edir. Bu, psixoloji xidmətlərə olan ehtiyacın böyük olmasına baxmayaraq, hələ də bu xidməti almağın cəmiyyətdə lazımlı və normal bir addım kimi qəbul edilmədiyini göstərir.

Psixoloqa getməyə mane olan başqa bir səbəb isə maddi çətinliklər və yetərincə peşəkar psixoloqların olmamasıdır. Xüsusilə Bakının mərkəzi hissələrində psixoloji xidmət göstərən yerlər var, amma rayon və qəsəbələrdə bu xidmət ya ümumiyyətlə yoxdur, ya da çox aşağı səviyyədədir. Üstəlik, peşəkar psixoloqların qiymətləri də kifayət qədər yüksəkdir. Orta statistik bir insan üçün psixoloqa hər həftə müraciət etmək böyük maliyyə yükü deməkdir. Dövlət xəstəxanalarında isə psixoloq xidməti ya ümumiyyətlə yoxdur, ya da formal xarakter daşıyır. Nəticədə insanlar ya qeyri-peşəkar şəxslərə müraciət edir, ya da ümumiyyətlə problemini gizli saxlamağa davam edir.

Bir də, var axı bizim mental xüsusiyyətlərimiz: hisslərimizi danışmağı bacarmırıq. Çoxumuz problemlərimizi içimizdə saxlayıb, "keçib gedər" ümidilə yaşayırıq. Amma bəzi şeylər keçib getmir. İçimizdə böyüyə-böyüyə həyatımızı zəbt edir. Bir gün partlayır, o partlayışda ya birini itiririk, ya özümüzü. Bizə öyrədilib ki, hisslərimizi göstərmək zəiflikdir, susmaq isə gücün göstəricisidir. Ancaq bu susqunluq, zamanla bizə ən çox zərər verən şeyə çevrilir.

Bütün bunlar göstərir ki, bizdə psixoloqa getməmək təkcə fərdi seçim deyil, bir toplum problemi, köklü düşüncə məsələsidir. Mental sağlamlıq haqqında açıq danışmaq, bunu normal və vacib bir hal kimi qəbul etmək üçün hələ uzun yol qət etməliyik. Amma bir yerdən başlamaq lazımdır, elə deyilmi? Çünki sağlam bədənə qayğı göstərdiyimiz kimi, sağlam ruha da diqqət etmək eyni dərəcədə vacibdir.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr