![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/aydin-quliyev012.webp)
"Böyük dövlət" deyilən ölkələr dünyanı barmaqlarına dolayıblar. ABŞ iddia etdi ki, Meksika körfəzinin adını dəyişib " Amerika körfəzi" qoyacaq. Az sonra Rusiyadan cavab iddiası gəldi - "Fin körfəzinin adını dəyişib Peterburq körfəzi qoymaq lazımdır"...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Amerika jurnalisti Taker Karlson iddia etdi ki, Bayden prezident olanda Putinə sui-qəsd təşkil etmək istəyirdi. Rusiya Dövlət Dumasının sədri Volodin etmədi tənbəllik və ABŞ konqresinə məsələnin araşdırılması tələbilə müraciət göndərdi. Baydenin Putini öldürmək istəməsi nə təəccüblü iş imiş?! Açıq müharibə vəziyyətində olan ölkələr deyillər?!Kim deyə bilər ki, öz növbəsində Putinin də Bayden öldürmək planı olub və ya ola bilər?! Sovet və alman kəşfiyyatları Stalinin və Hitlerin həyatlarına neçə dəfə sui- qəsd təşkil etdilər?! Axı burada təəccüblü nə var ki?!
ABŞ Meksika körfəzinin, Rusiya Fin körfəzinin adını dəyişirsə, sabah İran qalxıb " biz Xəzərə bundan sonra Mazandaran dənizi deyəcəyik" desə, nə baş verəcək? Putin 2014- cü ildə demədi ki, " Krım Rusiyanın olmalıdır?! Bunun ardınca da Tramp 1- ci prezidentlik dövründə BMT qərarlarını açıq - aşkar çeynəyərək " Qüdsü İsrailin paytaxtı kimi tanıyıram" demişdi. İndi isə " Qəzza xalqı köçüb Misirdə və İordaniyada yerləşsin " deyir.
Misallar çoxdur... Biz indiyədək görmüşük ki, dünyanın informasiya məkanında dezinformasiyalar olur, informasiyalar manipulyasiya edilir, yəni hansısa bir informasiyanın başına oyun qalmır açılır. İndi ayrı şey görürük - Rəsmi şəkildə elə ağlasığmaz informasiyaları dövriyyəyə buraxırlar ki, ağıllı adamların dəli olmağı gəlir. Bir daha əmin olursan ki, özünə böyük deyən bəzi ölkələr həqiqətən dünya ilə " məzələnirlər"...
Bunların cavabı bilirsiniz nə olmalıdır? Böyük deyilən ölkələrdən qorxu anlayışına son qoyulmalıdır. Heç bir ölkə onlara öz daxili işlərinə qarışmasına imkan verməməlidir. Ağıllı şəkildə hər bir ölkə sürətlə silahlanaraq öz hərbi qüdrətini artırmalıdır.
"Hər kəs evinin qibləsini özü təyin etməlidir" prinsipi yer üzündə hakim olmalıdır...
Tahir TAĞIYEV