AZ

Kanala görə 2 ölkə hərbi toqquşma həddinə çatdı- "Panamanın" rəhbəri Senata gəlməkdən imtina etdi...

Image

ABŞ dövlət katibi Marko Rubio Latın Amerikası turnesinə Panama səfəri ilə başlayıb. Bu ölkənin rəhbərliyi Rubionu inandırmağa çalışıb ki, Çin Panama kanalına nəzarət etmir. O da vurğulanır ki, ABŞ-ın hazırkı prezidentinin ittihamları əsassızdır. 

Yenicə vəzifəyə başlayan Donald Tramp etiraf edir ki, Birləşmiş Ştatlar Panama kanalını hansısa yolla geri alacaq. Burada qeyd edilir ki, Panama hakimiyyəti kanala nəzarətlə bağlı verilən şərtləri pozub. Konqresdə də Panama hakimiyyətinə qarşı eyni ittihamlar səsləndirilib.

Bu fonda Rubionun Panama prezidenti Xose Raul Mulino ilə danışıqları xüsusi maraq doğurur. Görünən odur ki, ABŞ güc yolu ilə olsa da Panama kanalına nəzarətdə israrlıdır.

Tramp tərəfdarı respublikaçı Ted Kruzun sədrliyi ilə Senatın Ticarət Komitəsinin Panama kanalı ilə bağlı keçirdiyi dinləmələr də bunu təsdiq edir. Bu, Trampın inauqurasiya nitqində dediklərini mahiyyətcə təkrarı olub. İddialara görə, Panama ABŞ-ın keçən əsrdə inşa etdirdiyi kanalın 1999-cu ildə bu ölkəyə verilməsi şərtlərini pozub. Pozulma Amerika gəmilərinin keçidi üçün həddindən artıq yüksək tariflərdə və ən əsası, bu strateji əhəmiyyətli obyekti - Sakit və Atlantik okeanlarını birləşdirən əlaqəni Çinin nəzarəti altına keçirmək niyyətində ifadə olunur. Kruz dinləmədə bu xüsusda qeyd edir: “Çin şirkətləri kanalın sahilində körpü tikir. Tikinti sürətini nəzərə alsaq, bu, 10 ilə qədər çəkə bilər. Çin şirkətləri kanalın hər iki ucundakı limanlara nəzarət edir. Körpü Çinə Panamaya və digər qurumlara xəbərdarlıq etmədən kanaldan keçmək imkanı yardır. Limanlar Çini bu hərəkətləri əlaqələndirmək üçün müşahidə nöqtələri ilə təmin edir". Trampçı senatorlar Panamaya xəbərdarlıq ediblər ki, onun Çinlə yaxınlaşması ABŞ-ın strateji maraqları üçün təhlükə yaradır. Axı, kanal Amerika ticarət donanmasının konteyner daşımalarının təxminən 40%-ni təşkil edir. Dinləmələrdə iştirak edən Federal Dəniz Komissiyasının sədri Luis Sola Amerika limanlarına daxil olan Panama gəmilərinin cərimələnməsini təklif edib. Sadə dillə desək, ölkəni sanksiyalarla hədələyirlər. Kruz bildirib ki, dinləmələrə Panama Kanalı Administrasiyasının rəhbərinin müavini İlya Espino de Marotta dəvət olunub. Lakin o, senatorun sözlərinə görə, dəvətə məhəl qoymayıb. Panama mediasında Espino de Marotta fərqli versiya təqdim edib. İddialara görə, dəvət dinləmələrdən bir gün əvvəl gəlib və sadəcə olaraq, onlara hazırlaşmaq imkanı olmayıb. Əgər bu doğrudursa, onda məlum olur ki, senatorlar konkret olaraq Panama tərəfi olmadan da qərar veriblər. Buna baxmayaraq, o, yenə də öz fikrini ABŞ səlahiyyətlilərinə çatdırıb. Belə ki, Panama xarici işlər nazirinin müavini Karlos Ruiz-Hernandez Vaşinqtona səfər edib: “The Wall Street Journal” iddia edir ki, hələ də kanalın ABŞ-ın nəzarətinə qaytarılması ideyasını müzakirə etməkdən imtina edən panamalılar Trampa başqa güzəştlər təklif edirlər. Bunlara qeyri-qanuni miqrasiyaya qarşı daha sərt mübarizə, narkotiklərin qanunsuz dövriyyəsi, Çin investisiyalarının məhdudlaşdırılmasına və Vaşinqtonla daha sıx ticarət-iqtisadi  əməkdaşlıq daxildir. Bu durumda kanalın administrasiyası bəyanat yayıb. Bəyanat Senatda dinləmələr zamanı müzakirə edilən bəzi faktları təsdiqləyir. Xüsusilə, Balboa (Sakit Okean) və Kristobal (Atlantik Okeanı) limanlarının 1997-ci ildən Honq-Konqda yerləşən “CK Hutchison Holdings”ə məxsus Panama Ports şirkətinin idarəçiliyində olduğu bildirilir.

Bununla belə, bəyanatda Çin firmasının limanların planlaşdırılması ilə heç bir əlaqəsinin olmadığı vurğulanır. Qeyd edilir ki, Çinin hansısa yolla kanalın işinə təsir göstərə biləcəyi ilə bağlı ittihamlar əsassızdır. Amma bu izahat çətin ki, Trampı qane etsin. Xose Raul Mulinonun bəyanatlarına əsasən, ölkə hakimiyyəti kanalın verilməsi istisna olmaqla, ABŞ-la əməkdaşlığı genişləndirmək üçün müxtəlif variantları müzakirə etməyə razıdır. Bu olduqca başadüşülən yanaşmadır. ABŞ-ın tələblərinin yerinə yetrilməsi ölkənin nüfuzuna zərbə vurmaqla yanaşı, bu obyektin istənilən formada təhvil verilməsi Panama iqtisadiyyatına ciddi ziyan vuracaq. Kanala nəzarət sayəsində bu dövlət maliyyə göstəricilərini xeyli yaxşılaşdırıb. Panama bu gün regional standartlara görə yüksək həyat səviyyəsinə malik Latın Amerikasının ən zəngin ölkələrindən biridir. Bu fonda ABŞ-ın müdafiə naziri Pit Heqset Panama kanalında naviqasiya azadlığını təmin etmək üçün hərbi güc tətbiqini istisna etməyib. O, Vaşinqtonun hərbi güc tətbiq etmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib: “Mən irəli gedərək nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə danışmaq istəmirəm. Strateji qeyri-müəyyənlik vacib bir şeydir. Lakin Müdafiə Nazirliyinə aid olub-olmamasından asılı olmayaraq Panama kanalında naviqasiya azadlığına malik olacağıq. Əgər onlar digər ölkələrin blok edə bilməyəcəyi pulsuz və maneəsiz girişi təmin etmirlərsə, onda biz Panama kanalında sərbəst naviqasiyanı təmin etmək üçün lazım olan hər şeyi etmək hüququmuzu özümüzdə saxlayırıq”.

Tahir TAĞIYEV





Seçilən
33
baki-xeber.com

1Mənbələr