AZ

Vitali Borisov: “Uşaqlara elə də çox iradım yoxdur”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov bu gün Xorvatiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Avropa çempionatının (AÇ-2026) əsas mərhələsi çərçivəsində bu gün keçirilmiş Xorvatiya – Azərbaycan matçı meydan sahiblərinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin baş məşqçisi Vitali Borisov matçdan sonra Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinı açıqlamasında ağır məğlubiyyətlə bağlı bunları söyləyib:

“Komandalar arasında səviyyə fərqi açıq seçilirdi. 9 qoldan altısını səhvlərimizdən buraxdıq. Çox yüngül səhvlərə yol verdik, əvəzində 6-7 qol epizodundan ikisini reallaşdıra bildik. Bu cür oyunlarda ələ düşən hər fürsəti dəyərləndirməlisən.

İlk dəqiqələrdən “5-in 4-də” oynamaqla sürəti aşağı salmağa, bununla həm də gücümüzə qənaət etməyə çalışdıq. Çünki fevralın 4-də Bakıda Yunanıstanla oyunumuz var. Həmin matç qrup mərhələsini yuxarı pillələrdə başa vurmaq baxımından əhəmiyyətlidir.

Uşaqlara elə də çox iradım yoxdur. Bacardıqları qədər mübarizə apardılar. Bu görüşü unutmalı, qeyd etdiyim kimi, Yunanıstanla matça diqqət yetirməliyik. Bakıda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Həmin oyun həm də qrupda ikinci yeri tutmaq baxımından son şansımız olacaq”.

Xatırladaq ki, Azərbaycan yığması qrupdakı ilk oyununu Bakıda İsveç milli komandasına qarşı keçirmişdi. Həmin oyunda qalib müəyyənləşməmişdi – 3:3. Hazırda 5-ci qrupda Yunanıstan və Xorvatiya yığmalarının 3 xalı varsa, Azərbaycan və İsveç millilərinin hesabında cəmi 1 xal var. Millimiz fevralın 4-də Bakıda Yunanıstan yığmasını qəbul edəcək.

Seçilən
21
1
arena.az

10Mənbələr