Çip istehsalı nəhəngi "SK hynix" tarixində ilk dəfə rüblük mənfəət baxımından ən böyük rəqibi "Samsung Electronics"i geridə qoyub.
Valyuta.Az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, çərşənbə axşamı açıqlanan məlumatlara görə, süni intellekt (AI) yaddaş çiplərinə olan güclü tələbat şirkətin IV rübdə rekord göstəricilər əldə etməsinə səbəb olub.
Şirkətin rüblük maliyyə hesabatına əsasən, "SK hynix" 2023-cü ilin oktyabr-dekabr dövründə 8,08 trilyon von (təxminən 5,62 milyard dollar) əməliyyat mənfəəti əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 % artım deməkdir.
Müqayisə üçün, "Samsung Electronics" IV rüb üzrə əməliyyat mənfəətini 6,5 trilyon von səviyyəsində qiymətləndirib. Bunun təxminən 3 trilyon vonu yarımkeçirici bölməyə aiddir. Şirkət hələlik yekun maliyyə nəticələrini açıqlamayıb.
Bu, "SK hynix"in ilk dəfə "Samsung Electronics"i rüblük əməliyyat mənfəəti baxımından üstələməsi deməkdir. Qeyd edək ki, "Samsung Electronics" məişət texnikası, mobil qurğular və yarımkeçiricilər də daxil olmaqla geniş fəaliyyət sahəsinə malikdir.
Şirkətin 2024-cü ildəki tarixi nailiyyətləri
İl ərzində "SK hynix"in ümumi əməliyyat mənfəəti 23,47 trilyon von (təxminən 16,3 milyard dollar) olub ki, bu da tarixi rekord göstəricidir. Müqayisə üçün, "Samsung Electronics"in çip bölməsinin 15 trilyon von (təxminən 10,4 milyard dollar) mənfəət əldə edəcəyi proqnozlaşdırılır.
"SK hynix"in möhtəşəm nəticələri generativ süni intellekt sahəsində artan tələbat fonunda "HBM" çiplərinin satışının güclənməsi ilə bağlıdır. Bununla yanaşı, smartfonlar və fərdi kompüterlər üçün adi yaddaş çiplərinə tələbatın aşağı olması şirkətin ümumi göstəricilərinə mənfi təsir etməyib.
Şirkət HBM bazarında lider mövqeyə sahibdir və "Nvidia"ya HBM çipləri tədarük edir. "Nvidia"nın qrafik prosessorları (GPU) süni intellekt hesablama sistemləri üçün kritik əhəmiyyət daşıyır.
IV rübdə "HBM" çiplərinin satışları "SK hynix"in "DRAM" satışlarının 40 %-dən çoxunu təşkil edib. Bu göstərici əvvəlki rübdə 30 % idi.
"NH Investment & Securities" analitiki Ryu Yonq-ho bildirib ki, "SK hynix" rəqiblərindən daha yüksək əlavə dəyərə malik məhsul portfelinə sahib olduğu üçün bazardakı dalğalanmalardan daha az təsirlənir.
Dünyanın ən böyük yaddaş çipi istehsalçısı olan "Samsung Electronics" isə "HBM" bazarına tam daxil ola bilmədiyi üçün mənfəətini artırmaqda çətinlik çəkir. "SK hynix" isə demək olar ki, bütün HBM tədarükünü "Nvidia"ya yönəldib və yaxın gələcəkdə də bazardakı liderliyini qoruyacağı gözlənilir.
Rəhim