AZ

"Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib" - Tahir Mirkişili

Qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan Şərqlə Qərb arasında mühüm körpü rolunu oynamağa davam edir. Eyni zamanda, Şimal ilə Cənubu birləşdirən nəqliyyat qovşağı kimi çıxış edən ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərinin əsas hissəsinə çevrilib. Son 20 ildə nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində atılan addımlar həm daxili nəqliyyat sisteminin inkişafına töhfə verib, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat mərkəzinə çevirib. Yeni quru və dəmir yolları, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri, metro stansiyaları və yol qovşaqlarının tikilməsi bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.

Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. O vurğulayıb ki, Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə verdiyi məlumatlar ölkəmizin bu sahədə əldə etdiyi uğurları və qarşıdakı perspektivləri bir daha ortaya qoyub:

“Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi və bunun ölkəmizin iqtisadi, siyasi nüfuzuna müsbət təsiri illər öncə aparılmış uzaqgörən siyasətin nəticəsidir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə tələbatın artması onların buraxıcılıq qabiliyyətinin genişləndirilməsini tələb edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi əvvəlcə müəyyən müqavimətlə qarşılaşsa da, ölkəmizin ardıcıl siyasəti nəticəsində uğurla tamamlandı. Bu layihə olmasaydı, bu gün Orta Asiyadan Avropaya yükdaşımalar çətinləşərdi və Azərbaycanın tranzit rolu zəifləyərdi”.

Deputat əlavə edib ki, 2024-2026-cı illəri əhatə edən Fəaliyyət Planında tranzit potensialın artırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi nəzərdə tutulub. Son 20 ildə Azərbaycanda 1500 kilometrdən çox yeni dəmir yolu tikilib, 1800 kilometri isə yenidən qurulub. Bundan əlavə, 21 min kilometr avtomobil yolu çəkilib, 335 körpü, 45 tunel və 163 yerüstü və yeraltı keçid inşa olunub. Azad edilmiş ərazilərdə də mühüm nəqliyyat layihələri həyata keçirilir, ümumilikdə 3400 kilometrə yaxın avtomobil yolu çəkilib.

Eyni zamanda, son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən qurulub, Qəbələ, Zaqatala, Füzuli və Zəngilanda yeni hava limanları istifadəyə verilib. Laçın Hava Limanı isə bu il açılacaq. Dəniz Ticarət Limanının illik yük dövriyyəsinin 25 milyon tona çatdırılması da artan tələbatın göstəricisidir.

Tahir Mirkişili bildirib ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan avtomobil yollarının keyfiyyəti üzrə 24-27-ci, dəmir yollarının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdədir. Bununla yanaşı, əhalinin sayının artması və avtomobillərin çoxalması Bakıda tıxac problemlərini aktuallaşdırıb. Bu səbəbdən paytaxtda nəqliyyat infrastrukturunun inkişafına dair yeni dövlət proqramı hazırlanıb. Layihəyə əsasən, Bilgəh-Novxanı-Xırdalan-Şamaxı və Sabunçu-Sulutəpə avtomobil yolları genişləndiriləcək, Ziya Bünyadov prospektində yeni dairəvi yol tikiləcək, 10 yeni metro stansiyası inşa ediləcək.

Seçilən
37
aznews.az

1Mənbələr