AZ

Rəşad Sadıqov Qurban Qurbanov üzərində tarixi qələbə qazana bilər! - YENİLƏNİR

Misli premyer-liqasında 21-ci turun ilk iki matçı geridə qaldı.

"Football-plus.az" xəbər verir ki, bu gün və sabah keçiriləcək oyunlarla daha bir futbol həftəsi başa çatacaq. Görüşlər “CBC Sport”un efirində canlı yayınlanacaq.

Misli premyer-liqası
3-cü dövrə, 21-ci tur
1 fevral
Turan Tovuz – Səbail

“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 5:+2=2-1, 9:8.
2022/23 – 2:2, 2:2; 2023/24 – 1:3, 3:1; 2024/25 – 1:0.
Cəzalı: Rəhim Sadıxov (Turan Tovuz).
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: TURAL QURBANOV, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov.
VAR hakimi: Rauf Allahverdiyev.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz, şəhər stadionu. Saat 16.00.

“Turan Tovuz” ötən həftə “Qarabağ”ın meydanından qalib ayrılmaqla Qərb derbisində üzləşdiyi fiaskonun günahını yudu. İndi yerli azarkeşlər komandanın ətrafında daha sıx birləşib. Bu üzdən onların stadionda rəqib üçün daha gərgin ab-hava yaradacığını güman etmək olar. Ümumiyyətlə, “bozqurd” “avrokubok zonası”nda yerini möhkəmləndirməyə davam edir. Rəqibin autsayderlər sırasında qərarlaşan “Səbail” olduğunu nəzərə alsaq, meydan sahiblərinin növbəti dəfə uğurlu nəticə qazanacağına inanmaq olar. Amma Tovuz təmsilçisi bir çox komandalarımızın yol verdiyi səhvi təkrarlamamalı, daha doğrusu, arxayınlaşmamalıdı. Ona görə ki, “dənizçilər” mövsümün ikinci yarısına inamlı başlayıb. İlk iki matçda maksimum nəticə qazanan komanda rəqib meydanından azı bir xalla ayrılmağa çalışacaq. Həmçinin Cavid Hüseynov vaxtilə yardım etdiyi Kurban Berdıyevin taktiki incəliklərindən xəbərdardı. Deməli, Tovuzdakı matçın hansı sonluqla bitəcəyini təxmin etmək elə də asan deyil.

Komandalar indiyə qədər 10 dəfə qarşılaşıb. Bunların 3-də “bozqurd”, 2-də “dənizçilər” qalib gəlib, 5-də “sülh” qeydə alınıb. Topların nisbətində “Turan Tovuz”un cüzi üstünlüyü var – 14:13.

Sumqayıt – Araz-Naxçıvan
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 3:+2=0-1, 3:1.
2023/24 – 2:0, 1:0; 2024/25 – 0:1.
Cəzalı: yoxdu.
“Fubol+”in proqnozu: 20-40-40.
Hakimlər: CAVİD CƏLİLOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 18.30.

“Sumqayıt” Masazırda “Sabah”a qarşı göstərdiyi oyunla hücum, xüsusilə müdafiə planında irəliləyişə nail olduğunu ortaya qoydu. Bəlkə də komanda ardıcıl xallar qazanmaqla avrokuboklar uğrunda mübarizəyə qoşulmaq arzusundadı. Təbii ki, bunun üçün ilk “dördlük”də qərarlaşan rəqiblərə qarşı mübarizədə ehtiyatlı olmaq, onları büdrətməyin yolunu tapmaq lazımdı. Bu baxımdan “doğma divarlar” arasında keçiriləcək matçın nəticəsi çox önəmlidi. Vaqif Cavadov komandasını qələbəyə kökləməli, güclü “Araz-Naxçıvan” yenməklə turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışmalıdı. “Qırmızı-ağlar” isə 2-cipillədəki yerindən vaz keçmək istəmir. Ardıcıl məğlubiyyətlər üzündən sarsılan kollektiv “Neftçi”nin ardından “Sumqayıt”ı məğlub etməklə xal ehtiyatını artırmalı, “Zirə”nin onu qabaqlamasına imkan verməməlidi. Hər halda, Sumqayıtdakı oyunda üz-üzə gələcək komandalar təslim olmaqdan yox, sona qədər mübarizə aparmaqdan yana olacaq.

Komandalar indiyə qədər 6 dəfə qarşılaşıb. Bunların 2-də “Sumqayıt”, 2-də “Araz-Naxçıvan” qalib gəlib, 2-də hərəyə 1 xal düşüb. Topların nisbətində “gənclik şəhəri”nin təmsilçisi öndədi – 5:4.

2 fevral
Zirə – Qarabağ

“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 19:+0=4-15, 7:46.
2015/16 – 0:0, 0:2; 2016/17 – 0:2, 0:0; 2017/18 – 2:3, 1:2; 2018/19 – 0:6, 0:3; 2019/20 – 1:3, 0:6; 2020/21 – 0:0, 0:2; 2021/22 – 1:1, 0:3; 2022/23 – 1:7, 0:1; 2023/24 – 0:1, 0:1; 2024/25 – 1:3.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Şirməmməd Məmmədov, Elçin Məsiyev.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə, İdman Kompleksinin stadionu. Saat 19.00.

Göründüyü kimi, tura sabah Zirədə yekun vurulacaq. Burda qəsəbənin eyniadlı təmsilçisiylə “Qarabağ” qarşılaşacaq. Düzü, bu komandaların oyununun gözlənilən nəticəsi haqda dəqiq danışmaq mümkün idi. Lakin indi durum fərqlidi. “Qartallar” rəqibə düzgün yanaşa bilsə, daha dəqiqi, artıq bariz görünən çatışmazlıqlarından, psixoloji eniş yaşamasından faydalansa, tarixində ilk dəfə meydanından məğlub yola sala bilər. Ona görə ki, “Zirə”ni çətin Yunanıstan səfərində böyükhesablı məğlubiyyətlə üzləşən, vətənə yorğun qayıdan, elə premyer-liqada keçirdiyi son matçda da uduzan “Qarabağ” gözləyir. “Köhlən atlar”a gəlincə, Qurban Qurbanov komandasının ötən həftə yaşadığı xal itkisindən düzgün nəticə çıxarmağa, hadisələrin axarının çempionluq məqsədinin təhlükə altına düşməsiylə nəticələnə biləcəyini hesablamağa məcburdu. Əks halda, çoxuna inandırıcı görünməsə də, böhran yaşayan ağdamlılar daha çətin günlər görəcək.

Bu komandalar indiyə qədər 37 dəfə qarşılaşıb. Bunların 1-də “Zirə”, 25-də “Qarabağ” qələbə qazanıb, 5-də qalib müəyyənləşməyib. Topların nisbətində “köhlən atlar” öndədi – 77:18.

KƏNAN BAHADIR

Seçilən
43
football-plus.az

1Mənbələr