Son günlər ABŞ-də miqrasiya siyasətində ciddi dəyişikliklər baş verib. Prezident Donald Trampın dəstəklədiyi yeni deportasiya qərarları çərçivəsində minlərlə qanunsuz miqrantın ölkədən çıxarılması planlaşdırılır.
Bu siyahıya müxtəlif ölkələrdən olan şəxslərlə yanaşı, azərbaycanlı miqrantlar da daxildir. ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin məlumatına görə, yüzlərlə Azərbaycan vətəndaşı deportasiya riski ilə üz-üzədir.
Bu qərar ABŞ-də yaşayan azərbaycanlı icması arasında ciddi narahatlıq yaradıb və onların gələcək taleyi ilə bağlı bir çox suallar ortaya çıxarıb.
Bunu azərbaycanlılara qarşı yönəlmiş siyasət adlandırmaq olarmı?
ABŞ-də yaşayan soydaşımız, ictimai-siyasi fəal Zaur Bayramlı Bakıvaxtı.az-a müsahibəsində bu suallara da aydınlıq gətirib.
- Trampın deportasiya siyasəti onun hansısa ölkəyə qarşı mövqeyi kimi hesablana bilərmi?
- Son günlərdə Amerikadan deportasiya ediləcək şəxslərin içərisində 709 nəfər azərbaycanlının olması o demək deyil ki, bu addım Trampın anti-Azərbaycan siyasətidir. Nəzərə almalıyıq ki, deportasiya edilən şəxslər arasında başqa ölkələrdən olan şəxslər də var. Bunu hansısa ölkəyə qarşı antipatik addım kimi adlandırmaq yersiz olardı. Məsələ ABŞ-nin qanunvericiliyidir. Təəssüf ki, Bayden administrasiyası dönəmindən ABŞ-yə xüsusilə Meksika körfəzi ərazisindən çoxlu sayda qeyri-qanuni miqrant daxil olub. Bu da o deməkdir ki, Birləşmiş Ştatların qanunları ölkəni idarə edənlər tərəfindən rəsmən ayaqlar altına atıldı.
Milyonlarla qaçaq insanın daxil olmasının günahkarı birbaşa Bayden-Harris cütlüyü hesab edilməlidir.
- ABŞ-də qanuni yaşamaq üçün hansı yollar mövcuddur? Bu cür daxil olan şəxslər də deportasiya edilibmi?
- Xeyr, qanuni şəkildə ölkəyə daxil olan şəxs problem yaratmağı müddətdə deportasiya edilmir. Bəllidir ki, Birləşmiş Ştatlarda da digər ölkələr kimi viza siyasəti mövcuddur. Məsələn, şəxs ölkəyə tələbə vizası, səyahət vizası, evlilik vizası ilə daxil ola bilər. O cümlədən, son zamanlar "Green card" sistemi dünyada məşhurlaşıb. Bunlar hamısı leqaldır.
Qeyd edim ki, ABŞ-yə uzunmüddətli daxil olan şəxslər xüsusi yoxlamadan keçirilir, bunun müddəti də xeyli uzun çəkir. Bunun müəyyən səbəbləri var. Məsələn, Əfqanıstanda terror törədən bir şəxs Meksika ərəzisinə qədər rahat şəkildə gəlib. Bu o deməkdir ki, bir müddət sonra sözügedən terrorçu ABŞ-yə daxil olmuş sayılacaq. Bu da Birləşmiş Ştatlar üçün potensial təhlükə deməkdir. Həmçinin, PKK fəalları, FETÖ qruplaşmasının üzvləri də müəyyən miqdarda ödəniş edərək ölkəyə daxil olublar.
- Yeni prezidentin fəaliyyətini necə adlandırmaq olar? Qanunsuzluq, yoxsa...
- Donald Trampın həyata keçirdiyi miqrant siyasəti tamamilə qanundur. Çünki yeni administrasiyası qanunvericiliyi bərpa etməyə çalışır, ölkəsi üçün mövcud olan potensial təhlükələri aradan qaldırır. Demək istərdim ki, bu gün müəyyən edilmiş qeyri-qanuni miqrant sayından da əlavə bir çox şəxs deport ediləcək. Çünki, ölkədə qaçaqların sayı həddindən artıq çoxdur. Hazırda milyon yarım şəxsin adı dərc edilib, lakin ABŞ-yə ümumilikdə daxil olan qeyri-qanuni miqrantların sayı 12-15 milyona çatır.
Bayaq da dediyim kimi, yalan bəyanlar üzərində ölkəyə daxil olan çoxsaylı şəxslər var. Bunların qarşısı hər hansı bir formada alınmalıdır. Trampın seçilməsində qaçaqçılıq və qeyri-qanuni köç mövzusunda xeyli vədlər var. O bu vədləri icra etməlidir. Çünki, Amerika cəmiyyəti artıq qeyri-qanuni miqrantlardan kəskin şəkildə narahatdır. Düşünürəm ki, bu siyasət yaxın 4 il ərzində davam edəcək.
Əli Hüseynov