AZ

Bağlardan piştaxtaya: Meyvə qiymətlərindəki uçurumun SƏBƏBİ

Son dövrlər bazarlarda və supermarketlərdə mövsümi meyvələrin qiymətlərində ucuzlaşma demək olar ki, müşahidə olunmur. Lakin eyni məhsullar bağlarda fermerlər tərəfindən qat-qat ucuz qiymətə satılır. Bağdan toplanan meyvələrin qiyməti ilə bazardakı qiymət arasındakı əsas fərqləri yaradan amillər isə müxtəlifdir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı, aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, qiymət fərqini meydana gətirən səbəblər çoxdur:

“Bu, onunla bağlıdır ki, ilk növbədə məhsul istehsalçıdan istehlakçıya çatana qədər arada bir neçə vasitəçi var. Birincisi, istehsalçı istehsal etdiyi məhsulu özü bazara çıxara bilmir. Burada müəyyən səbəblər var. Əvvəla, bazar onlar üçün bir çox halda əlçatan deyil. Bazarlarda artıq illərlə oturuşmuş inhisarçılar, alverçilər var. Digər tərəfdən istehsalla məşğul olan kəndlinin bir çox halda bu işlər üçün vaxtı olmur. O, daimi istehsalla məşğul olmalıdır. Əslində belə də olmalıdır. İstehsalçı bütün diqqətini istehsala yönəltməlidir ki, əkini, səpini, yığımı, aqrotexniki qaydaları vaxtında eləsin. Yəni istehsalçının problemi çoxdur. Burada tədarükçü məhsulu qapı-qapı gəzərək yığır və xərc çəkir. İstehsalçı qədər olmasa da, onun da xərci xeyli çox olur. Azərbaycanda topdan və pərakəndə satış bazarları var. Tədarükçü gətirib topdan satış bazarına təklif etdikdə, topdançılar çalışırlar ki, daha baha qiymətə satmaq üçün məhsulu ucuz alsınlar”. 

Ekspert qeyd edib ki, ölkəmizdə bu sahədə ciddi inhisarçılıq var:

“Məlum olduğu kimi, topdan satışın da şəbəkələri var və böyük marketlərin hamısı bu şəbəkələrlə işləyir. Təəssüflər ki, Azərbaycanda bu sahə “Meyvəli” topdan satış bazarının inhisarındadır. Belə olan halda tədarükçü çalışır ki, kəndlidən məhsulu daha ucuz qiymətə alsın ki, o da satanda nisbətən yaxşı qazanc əldə etsin. Topdançı da eynisini edir. Sonrakı mərhələ isə pərakəndə satış mərkəzləridir ki, bunların da sayı həddən artıq çoxdur. Onlar istəyir ki, daha ucuz alıb baha qiymətə satsınlar. Amma pərakəndə satışla məşğul olanlar çox da ucuz qiymətə ala bilmirlər. Çünki bazarda 1 topdan satış bazarı var və qiyməti o diqtə edir. Burada ən az qazanan məhsulu istehsal edən kəndlidir. Çünki onun məhsulunu uzun müddət saxlayacaq anbarı yoxdur. Kənd məhsulları tez xarab olduğu üçün, kəndli məcburdur ki, onu dəyər-dəyməzinə satsın. Bəzən hətta ziyanına da satır. Məsələn, Türkiyənin müxtəlif şəhərlərində həftənin bazar ertəsi günü yarmarkalar təşkil olunur. Kəndli və fermer birbaşa məhsulunu həmin yarmarkada satır. Burada artıq rəqabət yaranır”. Azərbaycanda isə yarmarkanı təşkil edənlərin demək olar ki hamısı alverçilərdir. Kəndli məhsulunu Bakıya birbaşa gətirə bilmir, onlar üçün müəyyən şərait yaradılmalıdır. Bu kimi problemlər həll edilməlidir”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
11
2
yenisabah.az

3Mənbələr