“Zirə” iki futbolçusu – sağ vingeri Salifu Suma və sol vingeri İssa Cibrilla ilə müqavilənin müddətini artırıb.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Yeni müqaviləyə əsasən hər iki futbolçu 2027-ci ilin yayında qədər paytaxt təmsilçisinin şərəfini qoruyacaq.
Xatırladaq ki, İssa Cibrilla 2023-cü ilin yanvar ayından “Zirə”nin uğurları üçün çalışır. Nigerli 29 yaşlı futbolçu cari mövsümdə bu komandanın heyətində 15 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Cibrillanın “Zirə”nin heyətindəki ümumi statistikası 45 oyun, 4 qol və 2 məhsuldar ötürmədən ibarətdir. O, daha öncə Türkiyədə “Ankara Keçiörengücü” klubunun da formasını geyinib.
Cibrilla 2020-ci ilin oktyabr ayında debüt etdiyi Niger yığmasının heyətində 21 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Salifu Suma isə 2023-cü ilin avqust ayından “Zirə”nin formasını geyinir. Qvineyalı vinger cari mövsümdə meydana çıxdığı 23 oyunda 4 qol və 4 məhsuldar ötürmə müəllifi olub. O, paytaxt klubunda bütövlükdə 64 oyun keçirib, 10 qol vurub, 8 məhsuldar ötürmə verib.
Suma daha öncə “Kalum” və “Havr” klublarının da uğurları üçün çalışıb. Qvineyanın U-23 yığmasında da oynamış futbolçuya ölkəsinin əsas millisində debüt etmək qismət olmayıb.
Xatırladaq ki, hər iki futbolçunun “Zirə” ilə əvvəlki müqaviləsinin müddəti bu ilin yayında başa çatacaqdı.
“Zirə” Azərbaycan Premyer Liqasının cari mövsümündə 20 oyuna topladığı 36 xalla 3-cü pillədə qərarlaşıb.