AZ

İran Zəngəzur dəhlizi iddialarından əl çəkir? –ŞƏRH

Məlum olduğu kimi, İran uzun zamandır Azərbaycanın reallaşdırmağa çalışdığı Zəngəzur dəhlizinə qarşı çıxır. Tribunainfo.az xəbər verir ki, molla rejimi 2020-ci il müharibəsindən sonra ortaya çıxmış məsələni özünün “qırımızı xətti” hesab etdiyini bəyan edir.

Tehranın bununla bağlı iddiası belədir ki, guya, Zəngəzur dəhlizi açılarsa, İranın Avropa ilə əlaqələri kəsiləcək və Ermənistanla birbaşa sərhəddi olmayacaq. Lakin bunun mənasız və məntiqsiz olmasını elə özləri də yaxşı bilirlər. Sadəcə, böyük bir layihədə Azərbaycanın iştirakını həzm edə bilmədikləri üçün bu cür bleflərdən istifadə edirlər.

Dünən isə bu yöndə maraqlı və diqqətçəkən bir məsələ ortaya çıxıb. SEPAH-a bağlı “Mehr” Agentliyi  “Qərbi Azərbaycan, İranın Avropaya ticarət yolu; Sərhəd infrastrukturu gücləndirilir” başlıqlı məqalə dərc edib. Həmin məqalədə İranın Avropaya çıxışı üçün ölkənin Qərbi Azərbaycan vilayəti üzərindən ən optimal yol olmasından bəhs edilir.

Belə ki, orada yazılır ki, yeni infrastruktur qurulduqdan sonra İranla Avropa arasında ticarət yolunu həyata keçirmək mümkündür.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən siyasi şərhçi Fikrət Fəraməzoğlu bildirib ki, bu məqalədən anlaşılan odur ki, İran fikrini qismən dəyişdirməyə başlayıb. “Həmin məqalədə Qərbi Azərbaycan vilayətinin Avropaya çıxış üçün ən optimal yer olmasından, infrastruktur yaradıldıqdan sonra bu işlərin rahatlıqla həyata keçirilməsindən bəhs edilir. Görünür, İran Zəngəzur dəhlizi məsələsində bəzi addımlardan geri çəkilmək qərarına gəlib”.

O deyib ki, Tehranın dəhliz məsələsində istiqamət dəyişdirməsinin bir neçə səbəbi ola bilər. “Hələ xeyli əvvəldən məlum idi ki, İran Zəngəzur dəhlizinin açılmasına bir şərtlə razılıq verməyə hazırlaşır. O da dəhlizdən pay alması şəklində izah olunurdu. Yəni, İran öz yüklərini Qara dənizə çıxarmaq üçün bir xeyli güzəştlər istəyirdi. Güman ki, Türkiyə, Çin və Rusiyada aparılan danışqlardan sonra İran bu məsələdə anlaşıb. Və bu yazı da həmin prosesin konturlarından biridir”.

Fərməzaoğlu qeyd edib ki, bu yaxınlarda üç ölkənin paytaxtında keçirilən görüşlərdən sonra İranın bu addımı atması həmin prosesin start götürməsinə imkan verəcək. “Böyük ehtimalla Tehran Zəngəzur dəhlizinin açılmasına etiraz etməyəcək. Orada yükdaşıma məsələsində pay sahibi olacaq, sərbəst yüklərini Qara dənizə çıxara biləcək. Əvəzində Qərbi Azərbaycan vilayətindən Türkiyə üzərindən Aralıq və Qara dənizlərə yol alacaq”.

 

Seçilən
39
tribunainfo.az

1Mənbələr