AZ

“Human Rights Watch” “ənənə”sini dəyişmir

Bu təşkilat kimlərə xidmət edir?

Erməni lobbisinin təsiri altında olan “Human Rights Watch” təşkilatı Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Təşkilat 2024-cü ilin yekununa dair hesabatında da ölkəmizə münasibətdə qeyri-obyektiv münasibət sərgiləyib. Belə ki, “Human Rights Watch” ənənəsinə sadiq qalaraq guya Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin yaxşı olmadığını iddia edib. Maraqlıdır ki, bu təşkilat torpaqlarımızın 30 il işğal altında olduğu dövrdə Ermənistanı heç vaxt qınamayıb, əksinə qondarma “DQR”i öz hesabatlarında “müstəqil dövlət” kimi təqdim etməyə çalışıb. Bu faktlar “Human Rights Watch”un erməni lobbisinin sifarişi əsasında işlədiyini sübut edir.

Daim insan haqlarının qorunmasının zəruriliyindən danışan hesabat müəlliflərinin Azərbaycanı mənfi fonda qələmə verməyə cəhd göstərmələri “Human Rights Watch” təşkilatının tez-tez dünyada bəyan etdiyi ədalətlilik prinsipinin əsl “mahiyyətini” ortaya qoyur. Hər bir təşkilat hesabat tərtib edərkən istinad etdiyi mənbələrdə ədalətli balansı gözləməli, hüququn və qanunun aliliyi prinsipinə hörmətlə yanaşmalıdır. Lakin beynəlxalq qeyri-hökumət təşkilatı olan “Human Rights Watch” tərtib etdiyi hesabatlarda bu prinsipləri nəinki gözləmir, hətta müəyyən siyasi məqsədlərə xidmət edən qarayaxma kampaniyası həyata keçirir. Hesabatın təhlili onu göstərir ki, “Human Rights Watch” hər zaman olduğu kimi, bu dəfə də Azərbaycana münasibətdə ikili standartlara yol verir, insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycanı neqativ, Ermənistanı isə pozitiv siyahıda göstərməyə çalışır.

Ombudsman açıq məktub ünvanlayıb

Məsələ ilə bağlı Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Human Rights Watch” (HRW) təşkilatının icraçı direktoru Tirana Hassana açıq məktub ünvanlayıb. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, məktubda sözügedən təşkilatın dünya ölkələri ilə bağlı 2024-cü il hesabatının Azərbaycana dair hissəsində ölkəmizə qarşı qərəzli və birtərəfli yanaşmanın nümayiş etdirildiyi bildirilib. Eyni zamanda, HRW-nun öz hesabatını hazırlayarkən geniş ictimaiyyətə açıq olan, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən işgəncələrin qarşısının alınması sahəsində fəaliyyətinin də əhatəli şəkildə yer aldığı illik və paralel hesabatlarına istinad etmək əvəzinə, şübhəli və qərəzli mənbələrə əsaslandığı göstərilib. Habelə təşkilatın hesabatında qeyd edilən bir sıra şəxslərlə Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin görüşdüyü, onlara qarşı heç bir işgəncə və ya pis rəftar faktının aşkar edilmədiyi bildirilib.

Məktubda Azərbaycanın ev sahibliyi etdiyi, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində effektiv müzakirələrin həyata keçirildiyi COP29 çərçivəsində iqlim dəyişmələri nəticəsində baş vermiş fəsadların aradan qaldırılması məqsədilə mühüm qərarların qəbul edilməsinə baxmayaraq, HRW-nun öz hesabatında aktual problemlər üzrə əldə olunan bu uğurları nəzərə almadığı diqqətə çatdırılıb. Eyni zamanda, məktubda Azərbaycanın uzun illər Ermənistanın işğalçılıq siyasətinə məruz qalması, nəticədə bir milyondan çox soydaşlarımızın fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulması, işğala son qoyulduqdan sonra keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıdışının bərpası istiqamətində görülən işlər, insanların həyat və sağlamlığına mühüm təhdid yaradan mina problemi, habelə yüz minlərlə azərbaycanlının Ermənistandan zorla qovularaq qaçqın düşməsi faktlarının hesabatda nəzərə alınmadığı və nəticədə Azərbaycana qarşı ikili standartların nümayiş etdirildiyi bildirilib.

Ombudsman “Human Rights Watch” təşkilatını öz hesabatlarını hazırlayarkən qərəzsiz yanaşma sərgiləməyə, ədalətli olmağa və təsdiqlənmiş faktlara əsaslanmağa çağırıb.

“Human Rights Watch” sifariş yerinə yetirir

“Vəzifəsi dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyərlərin qorunması vəziyyətini araşdırmaq olan “Human Rights Watch” təşkilatı, çox təəssüf ki, hazırda bu missiyasından tamamilə uzaqlaşıb. Təşkilat bir sıra güc mərkəzlərinin, islamofob dairələrin əlində vasitə, alət rolunu oynayır və onların maraqlarının ifadəçisi qismində çıxış edir”. Bu fikirləri isə Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. O, bildirib ki, “Human Rights Watch”un sonuncu hesabatı da təşkilatın nə qədər qərəzli, qeyri-obyektiv fəaliyyət göstərdiyini ortaya qoydu.

Millət vəkilinin sözlərinə görə, “Human Rights Watch”un reallıqlara qeyri-adekvat münasibət bildirdiyini, faktları təhrif etdiyini və subyektiv yanaşdığını təkcə Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe sübut etmir: “Ümumiyyətlə, bu təşkilatın ayrı-ayrı dövlətlərdə baş verənlərə verdiyi “qiymət” onun ikili standartdan çıxış etdiyini göstərir. Təkcə Ermənistanla Azərbaycana münasibətdə sərgilənən mövqe “Human Rights Watch”un öz fəaliyyətində demokratik prinsipləri və meyarları deyil, konkret sifariş və maraqları əsas tutduğunu ortaya qoyur. Bu təşkilat konkret qüvvələrin tapşırıqlarını icra edir”.

Nardar BAYRAMLI

Seçilən
23
20
yeniazerbaycan.com

10Mənbələr