AZ

“İlk iki matçda “Qarabağ” və “Zirə” kimi güclü komandalarla üz-üzə gəldik” – uğursuz, amma ümidlidilər...

Misli premyer-liqasında mövsümün ikinci yarısına ən uğursuz start verən komanda “Şamaxı”dı. Daha dəqiqi, “şirlər” son üç turda bir xal da qazanmayıb. Halbuki bölgə təmsilçisi “transfer pəncərəsi”nin ən fəalı olmaqla yanaşı, premyer-liqada qalmaq uğrunda mübarizə aparır.

Görəsən, klub rəhbərliyi təhlükənin fərqindədimi? Autsayderlər sırasında qərarlaşan komandanın premyer-liqada qala biləcəyinə inanırmı? Transferlər “şirlər”i həqiqətən gücləndirib, yoxsa uğurlu seçimlər deyil?

“Football-plus.az”ın suallarını “Şamaxı”nın idman direktoru Kamran İsmayılov cavabladı:

“Komandamızda hər şey qaydasındadı. Növbəti oyuna hazırlaşırıq. Heç bir problem yoxdu. Planauyğun çalışırıq. Təəssüf ki, qışdan sonra keçirdiyimiz ilk üç oyunda xal qazana bilmədik. Amma çempionatın ikinci yarısı hələ yeni başlayıb. Biz də xal ehtiyatımızı artıracağıq. Bəlkə də belə müqayisə aparmaq doğru olmaz, lakin biz ilk iki matçda “Qarabağ” və “Zirə” kimi güclü komandalarla üz-üzə gəldik. Düzdü, istənilən rəqibə qarşı oynamaq çətindi. Lakin bu komandaların ilk “üçlük”də qərarlaşdığını unutmamalıyıq. Əsas odu ki, hansısa problemimiz yoxdu. Düşünürəm ki, bu heyətlə premyer-liqada qala biləcəyik. Vəzifəmizin öhdəsindən gələcəyimizə inanırıq. İmkan daxilində güclənmişik. Bəzi futbolçularımız hələ komandaya yeni qoşulub.Bir neçə oyunçumuz bizimlə birgə təlim-məşq toplanışında iştirak etməyib. İndi tam güclərini göstərməkdə çətinlik çəkirlər. Bütün futbolçular kollektivə uyğunlaşandan və formaya düşəndən sonra bizə xeyir verəcəklər. Gələcəyə ümidlə baxıram. “Qarabağ” və “Zirə”yə qarşı göstərdiyimiz oyun inamımı artırıb. Hər şeyi zaman göstərəcək”.

Xatırladaq ki, “Şamaxı” 17 xalla 9-cu sıradadı. Bölgə təmsilçisi sonuncu pillədə qərarlaşan "Səbail"i cəmi 2 xal qabaqlayır.

KƏNAN BAHADIR
Seçilən
17
football-plus.az

1Mənbələr