AZ

Umud Rəhimoğlu: “Mənim ürəyim köksümün altında bir şəhiddir”

“Neyləyim ki, o güllələrdən biri mənə dəyməyib, şəhid olmamışam?”

Elə söhbətə başlamaq istəyirdik ki, köməkçi üzr istəyib BMT baş katibinin müavini, təşkilatın Asiya və Sakit Okean ölkələri üzrə İqtisadiyyat və Sosial Məsələlər Komissiyasının icraçı direktoru xanım Şamşad Axtardan məktub gəldiyini söylədi. Məlum oldu ki, BMT rəsmisi iqtisadi mövzuda yazdığı məqaləni həmsöhbətimiz, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun qurucusu olduğu, beş dildə yayımlanan, əsasən xarici auditoriyaya xitab edən “Eurasia Diary” (“Avrasiya Gündəliyi”) portalında dərc edilməsini arzulayır. Qeyd edək ki, BAMF və BMT arasında illərdir ki, əlaqələr var. Bu təşkilat dünyanın Birləşmiş Millətlərlə əməkdaşlıq edən 31 mindən çox qurumu içərisində ən yüksək statusu almış 146 təşkilatdan biri, Azərbaycandan isə yeganə təşkilatdır. Elə yeri gəlmişkən, Umud Rəhimoğlu ilə söhbətimizə BMT mövzusundan başladıq:

- Umud müəllim, sizin BMT-də təmsil olunmağınızı, bu qurumla yaxın təmaslarınızı nəzərə alıb əvvəlcə işğal olunmuş ərazilərimzlə bağlı kağız üzərində qalan qətnamələr barədə soruşmaq istəyirəm. Biz Azərbaycanın səsini BMT-yə yetərincə çatdıra bilmirik, yoxsa bu qurum bizi eşitmək istəmir?


- Əslində torpaqların işğalı zamanı BMT-nin qəbul etdiyi qətnamələr mühüm sənədlərdir. O qətnamələrdə bir balaca boşluq olsaydı, işğalçı çox məharətlə onlardan bizə qarşı istifadə edərdi. Qətnamələrin icra olunmamasının səbəbinə gəldikdə, burada təbii ki, bu gün beynəlxalq aləmdə mövcud olan ikili standartların təsiri var. İkili standartlara məruz qalan ölkələr içərisində Azərbaycan ilk sıradadır. Mən də didərgin salınmış insanlardanam, viran qoyulmuş torpaqların nümayəndəsiyəm və dəfələrlə öz mövqeyimi BMT tribunasından səsləndirmişəm. Bəzən tədbirin moderatorları mənim sözümü kəsiblər, mikrofonumu söndürüblər. Amma eyni zamanda auditoriyadakılar səslərini qaldırıb və məni müdafiə ediblər, mikrofonumun yandırılmasını tələb ediblər. Bizi istəməyən qüvvələr çoxdur.

Amma bizim görə biləcəyimiz və görməli olduğumuz işlər də çoxdur. Əslində biz qonşunun bu xəyanətini gözləmirdik, ona görə qəfildən yaxalandıq, onun fəsadlarını necə aradan qaldırmağımızla bağlı hazırlıqlı olmadıq. Çünki təcrübəmiz yox idi. Biz kimə öz dərdimizi danışmalı, hansı müstəvidə problemi qaldırmalı olduğumuzu bilmirdik. Bizim dil bilənlərimiz, beynəlxalq auditoriyaya çıxanlarımız, lobbimiz, diasporumuz yox idi. BMT-ni təsis edən, orada əsas söz sahibi olan böyük güclər var. Qarabağ məsələsində əsas söz sahibləri Minsk Qrupudur. İstər Amerika, istər Fransa, istərsə Rusiya ədalət prizması ilə, BMT qətnamələrində qeyd olunan kriteriyalarla yox, öz maraqlarından çıxış edirlər, reallıq budur.


- İşğala məruz qalan ölkədə Sülh Platformasının yaradılması, ermənilərin Bakıya ayaq açması birmənalı qəbul olunmur. Siz də Platformanın təsisçilərindənsiniz. Özünüz də erməni işğalından şəxsən zərər çəkmisiniz, kəndiniz işğaldadır. Cəmiyyətin qisas hissinə kökləndiyi şəraitdə belə bir qurumun yaradılmasını nə ilə izah edirsiniz?

234A1348.jpg

“Unutmayaq ki, Sülh Platformasının birinci düşməni Ermənistan rəhbərliyidir”


- Mənim ana qanadım, qohum-əqrəbam bütünlüklə Ermənistanda yaşayıb. Ermənistandan deportasiya olunan 270 minin içərisində mənim ana qanadım da var. Onların bir hissəsi də o vaxt gəlib bizim Füzulidəki evimizdə qaldılar. Mənim ata tərəfim və özüm qarabağlıyam. Yəni mən bu faciəni bütünlüklə yaşamış birisiyəm. Qarabağ hadisələrində də mən gecə-gündüz səngərlərdə olmuşam. Xarici jurnalistləri bir-bir, iki-iki, bəzən beş-beş, hətta olub ki, 8 nəfəri Qarabağa aparıb bütünlüklə gəzdirmişəm. Bu proseslər 1989-cu ildən başlayıb. Neyləyim ki, o güllələrdən biri də mənə dəyməyib, şəhid olmamışam?

Amma mən ürəyimdə yüz dəfə, min dəfə şəhid olmuşam. Belə götürəndə mənim ürəyim köksümün altında bir şəhiddir. Mən ötən ilin sonunda rəhmətə gedən dədəmi aparıb o torpaqda dəfn eləmişəm. Amma bu gün o faciələrə heç qarışmayan, o proseslərdən zərrə qədər xəbəri olmayan insanlar görürsən elə pafoslu danışırlar, guya ki, o torpağın, bu millətin təəssübkeşi elə bunlarmış. Bütün konfliktlərin sonu dialoqdur, danışıqdır. Biz Azərbaycan vətəndaşlığını qəbul edən erməniləri burdan qovası deyilik... Özümüz də daima barışa meylli millət olmuşuq. Bu gün də o adamlarla işbirliyinə gedirik ki, onlar Ermənistanda hakimiyyətin cinayətkar bir zümrənin əlində olmasını ifşa etməyə çalışan şəxslərdir.


- Bəs onlar erməni işğalına son verilməsini tələb edirlərmi?


- Birmənalı şəkildə. Onlar tələb edirlər ki, Azərbaycanın torpaqları qayıtmalıdır. Onlar fərqindədirlər ki, bu torpaqlar erməni xalqına heç bir xoşbəxtlik gətirmədi. Baxın, gün-gündən Ermənistanı insanlar tərk edirlər. Sizcə, 5-10 il bundan əvvəl belə təşəbbüslə çıxış etmək, belə şeyləri dilə gətirmək mümkün idi? Mən sizi inandırıram, bu platforma ilə bağlı çox ağzıgöyçəklər çamur atmağa çalışırlar. Unutmayaq ki, Sülh Platformasının birinci düşməni Ermənistan rəhbərliyidir. Bu platformanı istəməyən Ermənistanın ən qatı millətçiləridir. Biz nə istəyirik? Barış!


- Amma beynəlxalq cameə Sülh Platformasını sanki görməzdən gəlir. Bunun səbəbi nədir?


- Ona görə ki, bizim daxilimizdə də bu məsələyə bir az qısqanc yanaşan qüvvələr var.


- Amma sülh çağırışı edən təşkilatlar heç nəyə baxmayaraq, ən azı bu təşəbbüsə dəstək verməlidirlər...


- Bunu kifayət qədər dəstəkləyən qüvvələr var. Mən bu platformanın perspektivinə inanıram. Əslinə qalanda bu, çox ağıllı bir addım oldu. Mən zərrə qədər də təəssüf etmirəm ki, bu platformanın qurucularından biriyəm.


- Siz xatırlatdınız, rəhmətlik atanızı bir tərəfi düşmən tapdağında olan Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin qəbiristanlığında dəfn etdiniz. Üstəlik, ev-eşiyiniz dağılıb. Yəqin baş çəkirsiniz o yerlərə, üzü evinizə tərəf baxırsınız...

234A1352.JPG


- (Pauzadan sonra) Bizim kəndimiz dünyanın bəlkə də ən çox viran olmuş, xaraba qalmış yerlərindən biridir. Orada qalan ancaq qəbiristanlıqdakı başdaşlarının qalıqlarıdır. Orada təxminən 500-dən artıq məzarın başdaşına həkk olunmuş şəkillər hədəfə alınıb, şəkildəki insanlar alnından, gözlərindən, ağzından güllələnib. Bu, dünyanın ən böyük vandalizmidir. Biz bu məsələlərin fərqindəyik. Mənim ata babamın, ana babamın məzarları da hədəfə alınan məzarlardandır. Bir-bir güllələnib o başdaşları. Mən düşünürəm ki, Azərbaycana gəlib-gedən jurnalistlərin ora sərbəst gediş-gəlişini təşkil etməliyik. Kəndimiz tərəfə vaxtaşırı gedib-gəlirəm, ildə heç olmasa 7-8 dəfə. Oralara gedəndə bir az rahat oluram... Atamın məzarının yanından dağıdılmış evimizin yeri görünür. Məzarı elə yerdə qazdıq ki, düşmən snayperi görsə, vura bilərdi. Sağ olsun bizim qəhrəman əsgər və zabitlərimiz! Bir dəfə telekanallardan birinin əməkdaşları ilə çəkilişə getmişdik. Düşmən snayperi işə düşdüyündən 6 saat snayperdən gizlənməyə məcbur olduq. Gözlədik, gecə düşdü, daha sonra ərazini tərk etdik.


- Umud müəllim, ürəyinizdə bu ağrıları gəzdirirsiniz. Amma Bakı ermənisi 30 ildən sonra bura gəlir, sərbəst gəzir böyüdüyü bu şəhərdə. Siz və sizin kimi yüz minlərlə insan isə öz yurduna gedə bilmir, nəinki Qərbi Azərbaycandakı, həm də Qarabağakı yurduna. Həmçinin şəhid verən ailələr minlərlədir və fərqli reaksiyanın olması bəlkə də normaldır. Necə hesab edirsiniz, Sülh Platforması bizi Şuşaya aparıb çıxaracaqmı?


- Mən hətta sizin yuxarıdakı fikirlərinizə onu da əlavə edərdim ki, bizim Dilqəmimiz, Şahbazımız bu gün bizim ən ağrılı yerimizdir. Bunlar nə istədilər? Getmişdilər ki, dədə-babalarının məzarını ziyarət etsinlər. Ancaq biz onlara kömək edə bilmirik. Bilirsiniz niyə? Ona görə ki, biz fəaliyyətimizdə, addımlarımızda ardıcıl deyilik. Biz bəzi məqamlarda bütöv deyilik. Biz daha çox daxildəki tribunlarda görünməyi, söz danışmağı, efirdən bəyanatlar verməyi xoşlayırıq. Bu cür bəyanatlar verən yüzlərlə insanlar var ki, onlar çöpü çöp üstünə qoymurlar, problem bundadır. Bunun üçün konkret addımlar atılmalıdır, beynəlxalq qurumların qarşısında tələblər qoyulmalıdır, bu istiqamətdə çabalar göstərilməlidir. Biz bu istiqamətdə yetərincə fəaliyyət göstərə bilmirik. Görünür, təcrübəmiz çatmır, koordinasiyamız azdır.


- Bir jurnalistimiz Şuşadakı girovlarımız haqda rusiyalı diplomata sual verdi, cavabında bütün Azərbaycan mediasına həqarət olundu. Siz də media qurumunun rəhbərisiniz. Bu barədə nə deyə bilərsiniz?


- Həmin açıqlamaya mənim operativ münasibətim “Avrasiya Gündəliyi”ndə gedib, elə cavabı da o xanımın öz dilində vermişəm. Əslinə qalsa, bizim jurnalistə münasibət normalda bir diplomata yaraşan münasibət deyildi. Zaxarovanın reaksiyası əslində sualdan qaçmaq idi, verilən sual onu rəncidə edirdi, onun cavabı yox idi. Əslinə qalanda Dilqəmin, Şahbazın girov qalmasının ən böyük səbəbkarı elə həmin xanımın mövqeyində olan insanların dolayısı ilə sifarişidir. Rusiya Ermənistandan bu insanları azad etməyi tələb etsə, bir saniyədə məsələ həllini tapar. Bizim Ermənistanla problemimiz yoxdur. Bizim problemimiz, beynəlxalq supergüclərlədir. Əlbəttə, burada təkcə Rusiya məsələsi də deyil. Ermənistan alətə çevrilib. Rusiya Ermənistandan çəkiləcək, bir başqası gəlib oturacaq, bu təhlükə də var.


-Erməni işğalçıları Şuşanın işğalının 25 illiyini qeyd etməyə hazırlaşır. Buna Azərbaycanın münasibəti necə olmalıdır, sakitcə düşmənin toy-büsatını izləməlidirmi?


- Soruşsanız ki, 25 il bundan əvvəl siz hardaydınız, sizə cavab verərəm.

234A1363.JPG


- Soruşuram.


- Mən mayın ilk günlərində Şuşadaydım. May ayının 5-də Şuşanı tərk elədim. O zaman Pribaltikadan və Moskvadan olan jurnalist həmkarlarımla Şuşadaydıq. Biz bir yerdə Şuşa qalası üzərində şəkil çəkdirdik, Azərbaycanın Milli Qəhrəmanı, mərhum Ramiz Qəmbərovun məzarını ziyarət etdik, Şuşa ziyalıları, əsgərlərlə görüşdük. Mən gedib hərbi imkanlarımızla maraqlandım. Heç zaman ağlıma gəlməzdi ki, o boyda potensialla biz Şuşanı təhvil verək. Mən Şuşadan çox arxayın qayıtdım. Ona görə də Şuşanın işğalı mənim üçün çox ağır oldu. Şuşa işğal olunan Qarabağ torpaqlarının gözüdür. Şuşa bizim Xarı bülbülümüzdür, təkcə Qarabağın deyil, Azərbaycanın məbədgahıdır. Şuşanın bulaqları, təbiəti, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə bəxş etdiyi dahilər haqda saatlarla danışmaq olar. Mən 25 il əvvəlki o günləri çox böyük ağrı-acı ilə xatırlayıram. Bizim haqqımız yoxdur ki, Şuşanı təkcə tarixi günlərdə, yaxud anım tədbirlərində xatırlayaq. Şuşanı hər dəqiqə, hər an, yatanda da, duranda da xatırlamalıyıq, Şuşa beynimizdən çıxmamalıdır.


- Bəs ermənilərin Şuşada bayram keçirməsinə reaksiyamız necə olmalıdır, sadəcə, qəzəbli anma?..


- Yox, qətiyyən! Bu gün artıq ermənilər çox böyük mövqelərdə bizə uduzur. Bizim ordu quruculuğumuzda, dövlətçilik məsələsində, diaspor fəaliyyətində - baxmayaraq ki, mən Azərbaycan diaspor fəaliyyətini çox bəyənmirəm, amma yenə də diaspor fəaliyyətimiz çətinliklə də olsa, inkişaf edir - uğurlarımız göz qabağındadır. Azərbaycanda vətəndaş cəmiyyəti gün-gündən inkişaf edir, əlaqələrimiz genişlənir. Əvvəllər aylarla axtarsaydın, Azərbaycanla bağlı yazılara, xəbərlərə rast gəlməzdin. Amma artıq hər gün müxtəlif beynəlxalq media qurumlarının səhifələrində Azərbaycan haqqında yazılar gedir, fikirlər səslənir. Biz artıq tribuna qazanmışıq və ondan istifadə etməliyik. Yəni bu istiqamətdə təbliğat gedir, amma daha effektli işlər aparmalıyıq. Baxın, biz mart ayının 10-da BMT-nin Cenevrə ofisində qaçqın uşaqlar və müharibə mövzusunda bir beynəlxalq tədbir düzənlədik.

Son dərəcə ciddi bir tədbir keçirildi. Auditoriyada təxminən 60-a yaxın insan var idi və onların yarıdan çoxu BMT strukturlarında statusu olan ciddi adamlar, söz sahibi olanlar idi. Bizim iki saatlıq tədbirimiz bitdikdən sonra adamlar auditoriyanı tərk etmək istəmirdilər, suallar verirdilər. Əlbəttə, biz orda Xocalıdan, Şuşadan danışdıq. Bizim qısametrajlı bir filmimiz nümayiş olundu, çox böyük effekti oldu. Ukrayna vətəndaşı, etnik rus olan Azərbaycan vətəndaşları olan ekspertlərimiz danışdı, Əfqanıstan, Polşadan, Cenevrədən natiqlərimiz var idi, yaddaqalan müzakirələr oldu. Biz inanırıq ki, bu cür tədbirlərin Qarabağ həqiqətlərinin yayılması üçün çox böyük təsiri olur. Biz o istiqamətdə işlərimizi gücləndirməliyik. Özü də bəlli tarixlərdə yox, hər gün hər an fəaliyyət göstərməliyik.


Azərbaycanda sıravi vətəndaşların da Qarabağ probleminin həllini tezləşdirmək üçün öz dəstəyini verə bilər. Yetər ki, hər kəs öz yerində çalışsın, jurnalist də, yazıçı da, fəhlə də, məmur da Qarabağ yarası olan bir dövlətin, millətin təmsilçisi olaraq öz vəzifəsini yerinə yetirsin. Hər birimiz öz yerimizdə çalışmalıyıq. Bizim özümüzdən başqa heç kimimiz yoxdur...


Elşad PAŞASOY
FOTO: “YM”

Seçilən
29
qht.az

1Mənbələr