"Sabah"ın özbəkistanlı yeni transferi Umarali Raxmonaliyev "Kəpəz"lə oyundan sonra Rekord.az-a müsahibə verib:


- Azərbaycan çempionatında ilk oyunun idi və məğlub oldunuz. Təəssüratların, xal götürməyinizə nə mane oldu?

- Öncəliklə hamını salamlayıram. İlk oyunum idi, çox intensiv futbol getdi. Həmçinin mübarizə. Rəqib futbol oynadı, bizə də oynamaq imkanı verdi. Bizim üçün çatışmayan qol epizodların reallaşdıra bilməməyimiz oldu. Əvəzində çox yüngün 3 qol buraxdıq. Buna görə də uduzduq.

- Baş məşqçiniz Berezutski də müdafiə xəttinin 3 asan qol buraxmasını qeyd etdi...

- Yox, yox, mən deməzdim ki, oyunu müdafiəçilər uduzdu. Uduzmuşuqsa, bütün komanda uduzub, tək adamı buna görə ittiham etmək olmaz. Səhv varsa, qol buraxmışıqsa, deməli, bütün komanda olaraq səhv etmişik. 

- Süni meydança amili oyununuza nə dərəcədə təsir etdi?

- Yalnız mənim üçün, yoxsa komanda üçün?

- Ümumi komandanın oyununa. Elə həm də sənin üçün.

- Şəxsən mənə gəlincə, sonuncu dəfə Rusiya çempionatında "Fakel"ə qarşı süni örtükdə oynamışam. Bizdə bu cür meydançaların sayı çox deyil. Əlbəttə ki, süni meydançada oynamaq daha çətindi. Mən demək istəmirəm ki, bugün oynadığımız meydança pis idi. Tədricən uyğunlaşdıq, məşqçimiz dediyi oyunu oynamağa çalışdıq. 

- Bundan sonrası üçün nə düşünürsən? Çempionatda liderlərdən geri düşdünüz, eyni zamanda kubok matçları var...

- Bəli, hələ qarşıda çox oyunumuz var, həmçinin kubok oyunları var. İnşAllah düşünürəm ki, hər şey yaxşı olacaq, hər şey hələ irəlidədir. Hazırda səhvlərdən nəticə çıxarmalı, onları müzakirə edib aradan qaldırmalı və irəli baxmalıyıq. 

- Azərbaycanda özünü necə hiss edirsən?

- Hər şey yaxşıdı, özümü çox yaxşı hiss edirəm. Komanda yoldaşlarım da məni çox isti qəbul etdi, bir sözlə, heç bir problem yoxdur. Bu cür münasibətə görə də hamısına təşəkkür edirəm. Bu, ilk oyunum idi, inanıram ki, inşAllah hər şey yaxşı olacaq.

- Çempionatımızın səviyyəsi haqda nə düşünürsən?

- Pis deyil. İlk başda da dedim, intensiv futbol gedir, texnika, topa nəzarət, deyərdim ki, yaxşı bir çempionat gedir.


Anar XANLAROV