2 fevral - Gənclər Günüdür
Gənclər bütün zamanlarda Azərbaycan cəmiyyətinin avanqard hissəsini təşkil edib. Onların zamanı qabaqlayan ideyaları və bütün sahələri əhatə edən fəaliyyətləri ölkəmizin inkişafına təkan verib. Respublikamızda 2 fevral Gənclər Günüdür. Bu tarixin əsası isə Ulu öndər Heydər Əliyevin 2 fevral 1997-ci ildə imzaladığı Sərəncamla qoyulub. Həmin vaxtdan etibarən 2 fevralın MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd edilməsinə başlanıb.
Heydər Əliyevin gənclərə xüsusi münasibəti
Böyük siyasətçi Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin möhkəm ideoloji təməlini qoyan tarixi şəxsiyyətdir. Azərbaycançılıq ideologiyası cəmiyyətimizdə həmrəyliyin təmin olunmasında və milli gücün artmasında əvəzsiz rol oynayır. Heydər Əliyevin Gənclər Gününü təsis etməsi də gələcəyimizə hesablanan bir addım idi. Böyük siyasətçi olan Heydər Əliyev gənclərə xüsusi münasibət bəsləyirdi. Təsadüfi deyil ki, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikamızın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev ilk görüşlərindən birini məhz gənclərlə keçirdi. Bu görüş açıq dialoq şəraitində keçdi, gənclər problemlərini dilə gətirdilər, arzu və istəklərini bildirdilər. Sonrakı illərdə Heydər Əliyevin imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi. Prezident Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Heydər Əliyevin gənc nəslə qayğısının təzahürü kimi ötən əsrin 70-80-ci illərində Onun tərəfindən əsası qoyulmuş azərbaycanlı gənclərin xarici ölkələrin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilməsi ənənəsi bərpa edildi. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən çox azərbaycanlı gənc təhsil alırdı. Heydər Əliyev dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumunu daim diqqət mərkəzində saxlayırdı. Onun göstərişi ilə təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşməsi, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərar qəbul etməsi dahi şəxsiyyətin gənclərə diqqətinin daha bir nümunəsidir. Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə gənc istedadların “Qızıl kitab”ı yaradıldı. Eyni zamanda, “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.
Respublikamızda gənclər forumlarının keçirilməsi ideyası da Heydər Əliyevdən gəlib. Onun 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının təşkil edilməsinə start verildi.1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Heydər Əliyevin gənc nəslə həssas yanaşmasının təzahürü olaraq 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” ayrıca Fərman imzalandı. Bu sənədlə ölkədə gənclərin inkişafı üçün daha əlverişli şəraitin yaradılması təmin edildi. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Respublikamızda gənclər siyasətinin məqsədləri, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsasları məhz bu Qanunla tənzimlənir.
Gənclərin hərtərəfli inkişafını hədəfləyən ardıcıl və sistemli tədbirlər davam etdirilir
Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndə vəd vermişdi ki, Onun üçün ən ümdə vəzifə Heydər Əliyev yolunu davam etdirmək olacaq. Biz həmin tarixdən bu günədək ölkəmizdə Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursun uğurla davam etdirilməsinin şahidiyik. O cümlədən gənclər siyasətində də varislik yüksək səviyyədə təmin edilir. Bəhs olunan dövrdə Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilib. Ötən dövrdə paytaxtda və regionlarda 32 “Gənclər evi” sosial xidmət müəssisəsi tikilib, ölkənin bütün inzibati ərazi vahidlərində Gənclərin İnkişaf və Karyera Mərkəzi nümayəndəliklərinin fəaliyyəti təşkil olunub, onlarla Olimpiya İdman Kompleksi və digər idman qurğusu gənclərin və idman həvəskarlarının istifadəsinə verilib. Gənclərin məşğulluğu, biznes fəaliyyətinin təşkili və karyera quruculuğuna xüsusi diqqət yetirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci il respublikamızda “Gənclər ili” elan edilib. Dövlətimizin başçısı 30 dekabr 2019-cu il tarixində “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb ki, bu da ölkəmizdə, eyni zamanda, gənclərə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir.
Dövlət başçısının təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb. Fond 2024-cü ildə gənclər və gənclər təşkilatları tərəfindən hazırlanmış 680-dən çox layihəni maliyyələşdirib, eyni zamanda, 286 min 760 gənci əhatə edən 1450-dən çox tədbir həyata keçirib, 52 qurum və təşkilatla əməkdaşlıq edib. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə verilir.
Ölkəmizdə bacarıqlı gənc kadrların irəli çəkilməsi də diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində əldə edilmiş nailiyyətlər Vətən müharibəsində şanlı Zəfərimizi şərtləndirən əsas amillərdən biri olub. Verilən məlumatlara görə 44 günlük müharibədə Ermənistanın silahlı qüvvələrində təxminən 11 min fərari qeydə alınıb - onlar silah və sursatlarını qoyaraq döyüş mövqelərindən qaçıblar. Azərbaycan Ordusunda isə bir nəfər də olsun fərarilik etməyib. Gənc əsgər və zabitlərimiz “Arxada Vətəndir” deyib daim irəli getməyə, torpaqlarımızı son qarışınadək işğaldan azad etməyə can atırdılar. Həmin hərbiçilər Heydər Əliyev və İlham Əliyev dövründə formalaşan sağlam əqidəli, vətənpərvər gəncliyi təmsil edirdilər.
Mübariz ABDULLAYEV