AZ

Avropa ölkələrində minimum əməkhaqqı: İnflyasiya və maaş artımına necə təsir edir?

Minimum əməkhaqqları əksər Avropa İttifaqına üzv və namizəd ölkələrdə inflyasiyadan daha sürətli artıb, bu isə regionda real əməkhaqqının artmasına səbəb olub.

Teleqraf.com “Euronews Business”ə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar ayı etibarilə Aİ-nin 22 ölkəsindən 10-da aylıq ümumi minimum əməkhaqqı 1000 avrodan azdır. Alıcılıq qabiliyyəti paritetinə (AQP) uyğunlaşdırıldıqda bu fərq azalsa da, əhəmiyyətli fərqlər qalır. Məsələn, AQP baxımından Almaniyada minimum əməkhaqqı Bolqarıstandakından iki dəfə yüksəkdir.

Aİ-nin statistika ofisi “Eurostat”ın məlumatına görə, 2025-ci ilin yanvar ayı etibarilə Aİ-də aylıq ümumi minimum əməkhaqqları Bolqarıstanda 551 avrodan Lüksemburqda 2,638 avroya qədər dəyişir. Namizəd ölkələr də nəzərə alındıqda ən aşağı minimum əməkhaqqı 285 avro ilə Moldovadadır.

Aylıq 1500 avrodan yüksək

Bu qrupa Lüksemburq (2,638 avro), İrlandiya (2,282 avro), Niderland (2,193 avro), Almaniya (2,161 avro), Belçika (2,070 avro) və Fransa (1,802 avro) daxildir.

Bu qrupda yalnız Fransada minimum əməkhaqqları 2,000 avrodan aşağıdır. Digər ölkələrin hər biri bu həddi üstələyir, bu da həmin ölkələrin fərqi genişləndirdiyini göstərir. Bu göstəriciyə ən yaxın ölkə – İspanyada minimum əməkhaqqı 1,323 avro təşkil edir, ancaq bu ölkənin yenilənmiş rəqəmi hələ açıqlanmayıb.

1000 avro ilə 1.500 avro arasında

İspaniya (1,323 avro), Sloveniya (1,254 avro), Polşa (1,091 avro), Litva (1,038 avro), Portuqaliya (1,015 avro) və Kipr (1,000 avro) "orta" əmək haqqı qrupuna daxildir. 2024-cü ilin iyul ayında bu qrupda yalnız iki ölkə var idi, lakin son vaxtlar minimum əməkhaqqı artımları ilə bu qrup indi əhəmiyyətli dərəcədə genişlənib.

1000 avrodan az

Bu 10 Avropa İttifaqına üzv dövləti və bütün namizəd ölkələri əhatə edən ən böyük qrupdur. Bunlardan Xorvatiya (970 avro), Yunanıstan (968 avro), Malta (961 avro), Estoniya (886 avro), Çexiya (826 avro), Slovakiya (816 avro) və Rumıniya (814 avro) daha yaxşı mövqedədir, çünki bu ölkələrdə minimum əməkhaq1ları 800 avrodan yuxarıdır.

Namizəd ölkələr arasında ən yüksək minimum əmək haqqı Türkiyədədir – 708 avro. Bu iki Aİ üzv dövləti – Macarıstan (707 avro) və Bolqarıstandakı (551 avro) göstəricidən yüksəkdir.

Nominal olaraq Aİ-də ən yüksək maaşlı ölkə olan Lüksemburqda minimum əməkhaqqı alan bir işçi Bolqarıstanda minimum əməkhaqqı alan işçidən təxminən beş dəfə (4.8) çox qazanır. AQP üzrə müqayisədə bu fərq 2.3 dəfədir, lakin müqayisə olunan ölkələr ən yüksək minimum əməkhaqqı ilə Almaniya (1,992), ən az minimum əməkhaqqı ilə isə Estoniyadır (878).

Məlumatın mövcud olduğu 24 ölkədən dördündə real əmək haqqı azalıb. Bu qiymətləndirmə illik inflyasiya (2023 dekabr – 2024 dekabr) ilə minimum əmək haqqı artımlarını (2024 yanvar –2025 yanvar) yerli valyutalarda müqayisə edərək aparılıb.

Türkiyədə illik inflyasiya 44,4%-ə çatıb, ancaq minimum əməkhaqqı 30% artıb. Real olaraq azalma olan digər ölkələr Kipr, Albaniya və Belçikadır, amma bu azalma cüzidir.

Monteneqro ən yüksək real minimum əməkhaqqı artımını qeyd edib – nominal artım 25,9% olub, inflyasiya isə yalnız 2,6% təşkil edib. Bu, alıcılıq qabiliyyətində əhəmiyyətli artıma səbəb olub.

Real əmək haqqı artımı baxımından Rumıniya, Bolqarıstan, Xorvatiya və Litvada da əhəmiyyətli artımlar qeydə alınıb.

Qeyd edək ki, Aİ üzvü olan 27 ölkədən 22-də milli minimum əməkhaqqı göstəricisi mövcuddur, Danimarka, İtaliya, Avstriya, Finlandiya və İsveçdə isə belə bir tətbiq yoxdur. Buna görə də, müqayisələr yalnız həmin 22 ölkə və məlumatın mövcud olduğu namizəd ölkələr arasında aparılıb.


Müəllif: Mirvari Əzizova
Seçilən
16
teleqraf.com

1Mənbələr