AZ

Front Line Defenders: İran rəsmiləri vəkil Məhəmmədrza Fəqihini qeyd-şərtsiz azad etməlidir

Hüquq müdafiəçilərinə beynəlxalq dəstək fondu Front Line Defenders bu yaxınlarda Tehranın Evin həbsxanasına göndərilən insan haqları vəkili Məhəmmədrza Fəqihiyə dəstək bəyanatı yayımlayıb.

Dublində yerləşən beynəlxalq qurum cümə axşamı günü yayımladığı mətndə İran rəsmilərindən vəkilin dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

Əslən İran Azərbaycanından olan Məhəmmədrza Fəqihi daha əvvəl məhkum olduğu 5 illik həbs cəzasını çəkmək üçün yanvarın 21-də yaşadığı paytaxt Tehranın Evin həbsxanasına göndərilib.

İranın azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi illər boyunca İranın müxtəlif məhkəmələrində bir çox siyasi məhbusu, o cümlədən İran Azərbaycanı, eləcə də Tehran və Əlburz vilayətlərində mühakimə olunan türk dil haqları fəallarını müdafiə edib.

İnsan haqları təşkilatının bəyanatında qeyd edilib ki, “Front Line Defenders Məhəmməd Rza Fəqihiyə verilən özbaşına hökm və tətbiq edilən məhkəmə basqısından narahat olduğunu bildirir və inanır ki, o, dinc insan haqları fəaliyyətlərindən dolayı, o cümlədən siyasi məhbusları məhkəmədə təmsil etmək və öz qanuni toplaşmaq və birləşmək hüquqlarından istifadə etdiyi səbəbilə hədəf alınır.”

visiontv.az



Seçilən
23
visiontv.az

1Mənbələr