Gənclər gələcəyimizin qarantıdır
2 fevral – Gənclər Günu ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Masallı Rayon Komitəsi tərəfindən təhsil müəssisələrində çalışan bir qrup fəal gənclə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışında gəncləri gələcəyimizin qarantı adlandıran ATİAHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev qeyd edib ki, Ümummilli lider Heydər Əliyev gənc nəslin formalaşmasına, onların vətənpərvər ruhda yetişməsinə xüsusi önəm verib. Bu gün də gənclərin təhsili, işlə təminatı və digər məsələlərə dövlət tərəfindən həssaslıqla yanaşılır.
Komitə sədri gəncləri təbrik edib, onlara tövsiyələrini verib.
Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev idarəetmə, intellektual bacarığı ilə seçilən vətənpərvər ruhlu Azərbaycan gənclərinin cəmiyyətdə əvəzsiz rolundan danışıb, onlara xoş arzularını çatdırıb.
Bambaşı kənd C.Qasimov adına tam orta məktəbinin müəllimi Aygün Rəşidova, Sərçuvar kənd S.Məmmədov adına tam orta məktəbinin müəllimi, 44 günlük Vətən müharibəsi iştirakçısı Rza Məmmədov dövlət idarəçiliyi və digər sahələrdə gənclərin çalışması üçün yaradılan geniş imkan, eləcə də onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqalarını bildiriblər.
ATİAHİ rayon komitəsi rəyasət heyətinin üzvləri – Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbinin direktoru Möhsüm Süleymanov, Bambaşı kənd C.Qasımov adına tam orta məktəbinin direktoru Azadəli Vəliyev və başqaları gənclərə həyatda və fəaliyyətlərində uğurlar arzulayıblar.
Çıxışlarda Azərbaycanın daha da güclənməsi və tərəqqisi naminə gənclərimizin üzərinə düşən vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə əminlik ifadə olunub.
Tədbirin sonunda bir qrup fəal gəncə ATİAHİ rayon komitəsinin Fəxri Fərmanı təqdim edilib.
Akif AĞAYEV