Yaxın gələcəkdə Azərbaycanda özəl pensiya fondları fəaliyyətə başlayacaq. Hazırda özəl pensiya sisteminin qurulması üzrə qanun layihəsi üzərində işlər davam etdirilir. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq təcrübələr, o cümlədən Rumıniya, Polşa, Fransa, Xorvatiya, Türkiyə və bir sıra digər ölkələrin təcrübəsi öyrənilməklə bunun əsasında pensiya fondlarının fəaliyyətinə dair ilkin qanunvericilik layihələri hazırlanıb.
Yeri gəlmişkən, Mərkəzi Bankda hesab edirlər ki, özəl pensiya fondlarının qurulması ölkədə investisiya mühitinin təkmilləşdirilməsinə, yeni maliyyə institutlarının formalaşdırılmasına, uzunmüddətli maliyyə alətlərinin formalaşdırılmasına və maliyyə bazarlarının dərinləşməsinə şərait yaradılmasına imkan verməklə yanaşı, əhalinin sosial sığorta münasibətləri çərçivəsində pensiya yaşına çatmazdan əvvəl maliyyə təminatını möhkəmləndirməyə, sosial rifahının artırılmasına, sağlamlığına və ya maddi təminatına dair yarana biləcək çətinliklərin vaxtından əvvəl aradan qaldırılmasına müsbət təsir göstərəcək: “Hazırda bençmark sayılan ölkələrin təcrübələri əsasında ən effektiv idarəetmə mexanizmləri və tənzimləmə istiqamətləri təhlil edilir. Fondların maliyyə sabitliyinin təmin edilməsi istiqamətində tənzimləmələrin gətirilməsi, həmçinin vətəndaşların özəl pensiya fondlarına marağının artırılması, vətəndaş müraciətlərinə dair qanunvericiliyin təkmilləşdirilməsi və investisiyaların qorunması kimi məsələlərə xüsusi diqqət mərkəzində olacaq".
AMB-dən vurğulanıb ki, pensiya fondlarına dair qanunvericilik layihələrinin təkmilləşdirilməsinə töhfə verilməsi məqsədi ilə həyat sığortası sahəsi üzrə fəaliyyətə dair lisenziyası olan sığortaçıların nümayəndələri öz dəstəklərini göstərirlər: "Sığortaçılar tərəfindən özəl pensiya fondlarının tətbiq olunduğu beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən pensiya fondlarının fəaliyyətində sığortaçıların rolu, işlərin təşkili və digər effektiv mexanizmlərlə bağlı təhlillər aparırlar.
Məlumat üçün bildirək ki, özəl pensiya fondları qeyri-dövlət pensiya fondudur və beynəlxalq təcrübədə geniş istifadə edilir. Bu cür fondlar sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır.
Özəl fondlarla dövlət fondlarının fərqi könüllülük prinsipinə söykənməsidir. Fond və vətəndaş arasında imzalanan müqavilə şərtlərinə uyğun olaraq onun hər ay maaşının və yaxud gəlirlərinin bir hissəsindən köçürdüyü pullar alternativ pensiya yığımına çevrilir. Həmin vəsaitin hansı faiz və şərtlərlə və neçə müddətə geri qaytarılması tərəflərin razılaşmasından asılıdır. Bir çox ölkələrdə bu rəqəm 12-15 il arasında müəyyənləşir.
Özəl pensiya fondlarına toplanan vəsaitlər təyinatına görə, bəzi hallarda bank depozitlərinə bənzəyir. Banklara da vətəndaş pul qoyur və divident əldə edir. Fondun təminatlı vəsaitləri ilə bank dividentləri arasındakı onun birbaşa sosial məzmunlu olmasıdır. Belə ki, fonda toplalan pullar aylıq və ya illik geri qaytarılmır, ödənilən vəsaitin məbləğinə görə, hər il artaraq kapital yığımına çevrilir, bu vəsaitlər inflyasiya və s. amillərə görə, sığortalanır. Eləcə də özəl fondlarda kapitalın qorunması riskləri idarə olunur, vətəndaşın pensiyasının gəlir artımı baxımından yaxşılaşmasını təşviq edir.
Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir. Amerika və Asiyada da fərdi pensiya fondlarının fərqli modelləri mövcuddur. Ümumilikdə, dünyada 300-dən çox özəl pensiya fondu mövcuddur ki, onların toplam idarə olunan aktivləri təxminən 24 trilyon ABŞ dolları təşkil edir. Dünya ölkələrində tətbiq edilən fərdi pensiya modelləri ümumi olaraq bir mexanizmə əsaslanır, bu da vətəndaşların aylıq gəlirlərinin bir hissəsinin divident xarakterli yığımlara yönəldilməsidir. Belə ki, vətəndaşlar hər ay maaşlarından ödədiyi sosial sığorta haqqından əlavə, təxminən, 1-2 faiz intervalında pullarını həmin fonda köçürürlər. Özəl fondlar həmin vəsaitləri investisiya məqsədilə yığır və müxtəlif iqtisadi sahələrə sərmayə, maliyyə investisiyası kimi yönəldir, dividentlər əldə edir. Həmin dividentlər illər üzrə yığılır və bankdakı əmanət hesabı kimi formalaşaraq təqaüdçülərə pensiya yaşında geri ödənilir. Müqavilə şərtlərinə uyğun, fonda pul qoyan şəxs pensiya yaşına çatmasa , həmin kapital dərhal onun varislərinə ötürülür. Varis o pulu birdəfəlik və ya hissə-hissə götürə bilir.
Ekspertlər hesab edirlər ki, ölkəmizdə özəl pensiya fondunun yaradılması vətəndaşların həm dövlət, həm də özəl fondlar vasitəsilə kapital yığımını təmin etməklə daha etibarlı və böyük pensiya vəsaiti almasına imkan yaradacaq. Eyni zamanda, qeyri-dövlət pensiya fondlarının yaranması pensiya sığorta sistemində rəqabəti formalaşdırmaqla yanaşı, DSMF-nin dövlət büdcəsinin transfertlərindən asılılığını da azalda bilər.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, özəl pensiya fondları inkişaf etmiş ölkələrin təcrübəsində sınanmış mexanizmlərdən biridir: “Bu mexanizm ahıllıq dövründə əhalinin rifah səviyyəsinin daha yüksək olmasını təmin edir. Təbii ki, burada müəyyən məqamlar var. Bir sıra təcrübələr onu göstərir ki, bu istiqamətdə çox ciddi nəzarətlə tənzimlənmə mexanizmləri olmalıdır. Xüsusilə 2008-ci ildə qlobal maliyyə böhranı zamanı inkişaf etmiş ölkələrin bir çoxunda özəl pensiya fondlarının defoltla üzləşməsi əhalini ciddi pul, vəsait itkisinə gətirib çıxardı. Azərbaycan aspektindən baxmış olsaq, azərbaycanlıların yığım imkanları məhduddur. Özəl pensiya fondlarının fəaliyyətinin davamlılığı üçün dövriyyəyə nail olması çox vacib faktordur”.
R.Həsənov qeyd edib ki, Azərbaycanda vətəndaşlar əsasən, əksər depozitlərini qısamüddətli dövrdə banklara yerləşdirirlər: “Uzunmüddətli maliyyə institutlarına etibar səviyyəsi aşağıdırsa, özəl pensiya fondlarına münasibətdə eyni davranışlar ortaya çıxa bilər. Burada etibar məsələsi çox vacib məqamlardan biridir. Əhalinin imkanlarını, alıcılıq və yığım etmə qabiliyyətini nəzərə almaq lazımdır. Özəl pensiya fonduna yerləşdirilən vəsaiti təqaüdçülər yığırlar. Bu məbləğ 100 faiz dövlət tərəfindən sığortalanacaqsa, çox uzun müddətli planlanma tətbiq edilə bilər. Bu müddət üçün dövlət təminatının etibarlılığı çox vacibdir. Özəl pensiya fondları müəyyən mənada öz təsirini göstərir. Bazarda əlavə alətin formalaşması insanların ahıllıq dövründə gəlirlərinin artmasına səbəb ola bilər. Əslində, buna bənzər bir model var”.
O, həmçinin vurğulayıb ki, bu mexanizmin fəaliyyətinə təminat verilərsə, ölkəmizdə tətbiqi mümkün ola bilər: “Bəzi hallarda inflyasiya səviyyəsinin yüksək olduğunu nəzərə alsaq, fondlar tərəfindən yığımlara təklif olunan məbləğin faizi dövlət strukturlarındakı əlavə faizlərdən fərqlənmir. Burada vəsaitlərin itməsi ehtimalı yox səviyyəsindədir. Sadəcə, insanlar özəl fondlara könüllü yığımlar etmirlər. Bu özü də bir təcrübədir. Təminat verildikdən sonra, düşünürəm ki, həyata keçirilə bilər”.