Bəs, mövcud vəziyyəti necə şərh etmək olar? Komandanın premyer-liqada qalacağına inam varmı? Bayıl təmsilçisinin daha bir neçə transfer etməsi mümkündümü?
“Football-plus.az”ın suallarını “Səbail”in icraçı direktoru Firuz Abdulla cavabladı:
“Bəli, aşağı pillələrdə qərarlaşan komandalar arasında amansız mübarizə gedir. Biz də sonuncu pillənin ətrafında var-gəl edirik. Çempionatımızda belə gərginliyin olması sevindirici haldı. Həm avrokuboklara yollanmağa çalışanlar, həm də premyer-liqada qalmaq istəyənlər özünü yaxşı tərəfdən göstərməyə çalışır. “Səbail”ə gəlincə, qışdan sonra keçirdiyimiz ilk iki oyunda maksimum nəticə əldə etdik. 6 xal qazanmaq bizim üçün çox müsbət haldı. Ona görə ki, həm də psixoloji cəhətdən daha hazırlıqlı oluruq. Təbii ki, premyer-liqada qalacağımıza inanırıq. Əks halda, meydana çıxmaq, mübarizə aparmaq mənasız olardı. Ümid edirik ki, mövsümün sonunda premyer-liqanı tərk edən komanda biz olmayacağıq. Heyətə gəlincə, futbolçularımıza inanırıq. Könül istərdi ki, daha bir neçə futbolçu alaq. Lakin büdcəmiz yalnız indiki heyət üçün yetərlidi. Hər halda, azı bir oyunçu almaq istəyirik ki, boşluqları müəyyən qədər doldura bilək”.
Xatırladaq ki, “Səbail” 15 xalla 10-cu sıradadı.
KƏNAN BAHADIR