![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/elm-mur.webp)
Elməddin Muradlı: “İctimai nəqliyyatla bağlı məsələlər artıq insanları çox yorur”
Məlum olduğu kimi, bir neçə gün öncə Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirib. Həmin müşavirədə ictimai nəqliyyatın fərdi nəqliyyat vasitələrindən üstün olması müzakirə edilib.
Bəlli olduğu kimi, bu gün Bakı yollarında fərdi nəqliyyat vasitələri üstünlük təşkil edir. Məlumat üçün bildirək ki, paytaxtda hər 1000 nəfərə düşən avtomobil sayı 132-dən 320-dək artıb. Əhali sayının sürətli artımı şəhərin infrastrukturuna və xidmət sahələrinə, xüsusilə nəqliyyat sektoruna əlavə təzyiq göstərir. Maraqlıdır, ictimai nəqliyyatın fərdi nəqliyyatdan üstünlüyünü təmin etmək üçün hansı addımlar atıla bilər?
“Avtomobilləşmənin yüksək həddə çatması, avtomobillərin sayının günü-gündən artması şəhərdə xaotiklik yaradıb”
Nəqliyyat eksperti Elməddin Muradlı baki-xeber.com-a şərhində bildirdi ki, ictimai nəqliyyatla bağlı məsələlər artıq insanları çox yorur: “Avtomobilləşmənin yüksək həddə çatması, avtomobillərin sayının günü-gündən artması şəhərdə xaotiklik yaradıb. Aparılan təhlillər belə nəticəyə gəlməyə əsas verir ki, avtomobil səfərlərinin 50-60 faizi, əslində, ictimai nəqliyyata yönələ bilər. Yəni bu qədər maşın səhər və axşam hərəkət edirsə, deməli, burada yalnız iş prosesini önə çıxarırıq. İş və dərs səhər başlayır, axşam bitir, tıxac, sıxlıq buna görə yaranır. Avtobusların sayı arta, intervallar azalarsa, artıq insanlar seçim etmək şansı əldə edərlər. Bilirsiniz, hər kəs öz büdcəsini daha da yaxşı inkişaf etdirməyə çalışır. Bunun üçün ən optimal həll yollarından biri də ictimai və ya şəxsi nəqliyyata xərclənən vəsaiti tənzimləməkdir. Adam fikirləşir ki, uşağı bir həftə məktəbə şəxsi maşınla aparıb-gətirmək ona 50 manata başa gəlir, amma metro və avtobusla 5 manat xərc çəkir. İnsanları bu cür vasitələrlə ictimai nəqliyyata həvəsləndirmək lazımdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, tələbələr böyük kütlədir, onları ictimai nəqliyyata qaytarmaq lazımdır. Belə olarsa yolda avtomobil sayı kifayət qədər azalar”.
Günel CƏLİLOVA