AZ

Eyran Kaşin “Brayton”da

İngiltərənin “Derbi Kaunti” klubunun mərkəz müdafiəçisi Eyran Kaşin bundan sonra “Brayton”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Brayton”un rəsmi saytı məlumat yayıb.

Sözügedən klub bu transferi 10,75 milyon avroya rəsmiləşdirib. 23 yaşlı futbolçu yeni klubu ilə 2030-cu ilin 30 iyununadək müqavilə imzalanıb.

Eyran Kaşin “Derbi Kaunti”nin yetirməsidir. O, bu klubun əsas komandasının heyətində meydana çıxdığı 144 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Eyran İrlandiyanın U-18 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Eyran Kaşini heyətinə qatmış “Brayton” iki futbolçusu ilə də yollarını ayırıb. Sözügedən klub polşalı yarımmüdafiəçisi Yakub Moderi “Feyenoord”a satıb. Bu transferi 1,5 milyon avroya gerçəkləşdirmiş Niderland klubu yeni oyunçusu ilə 2028-ci ilin 30 iyununadək anlaşıb.

Yakub Moder peşəkar karyerasına “Lex” (Poznan) klubunda başlayıb. “Odra”da da oynamış futbolçu “Brayton”a 2020-ci ildə 11 milyon avro müqabilində keçmişdi. Polşalı futbolçu Premyer Liqa klubunun heyətində 71 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

Polşanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış 25 yaşlı yarımmüdafiəçi 2020-ci ilin sentyabrında debüt etdiyi əsas millidə 31 oyuna çıxıb, 2 qol vurub.

“Brayton” hücumçusu Xulio Sesar Ensisonu da “İpsviç Taun”a icarəyə verib. 21 yaşlı futbolçu cari mövsümün sonunadək icarədə olacaq.

Xulio Ensiso “Libertad”ın yetirməsidir. O, “Brayton”a 2022-ci ilin iyulunda 11,6 milyon avro müqabilində məhz Paraqvay klubundan gəlib. 21 yaşlı hücumçu İngiltərə klubunda 57 oyun keçirib, 5 qol vurub, 6 məhsuldar ötürmə verib.

Paraqvayın U-16, U-23 və Olimpiya yığmalarında da oynamış Ensiso 2021-ci ilin iyununda əsas millidə debüt edib. O, Paraqvay yığmasında 23 oyuna 2 qol vurub.

“İpsviç Taun”da da iki ayrılıq yaşanıb. Sözügedən klub 23 yaşlı sağ cinah müdafiəçisi Harri Klarkı “Şeffild Yunayted”ə, 22 yaşlı iraqlı hücumçusu Əli Əl-Hamadini isə “Stok Siti”yə icarəyə verib. Onların hər ikisi bu mövsümün sonunadək icarədə olacaq.

Seçilən
43
arena.az

1Mənbələr