Azərbaycanda məktəb avtobuslarının təmin edilməsi təhsil sistemində müsbət dəyişikliklərə səbəb olacaq mühüm addımlardan biridir. Şagirdlərin rahat və təhlükəsiz şəkildə təhsil müəssisələrinə daşınması onların davamiyyətinin artmasına, tıxacların azalmasına və ekoloji problemlərin həllinə töhfə verəcək. Prezidentin sərəncamına əsasən, bu təşəbbüsün həyata keçirilməsi planlaşdırılır və marşrutların hansı istiqamətlər üzrə təşkil ediləcəyi əsas müzakirə mövzularından biridir.TehsilForumu.Az xəbər verir ki, bu barədə Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov açıqlama verib. O bildirib ki, təhsil müəssisələrinə nəqliyyat xidmətinin göstərilməsi, xüsusilə məktəbəqədər və ibtidai sinif şagirdləri üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycanda mövcud nəqliyyat infrastrukturunda, səhər saatlarında məktəblərə gedən şəxsi nəqliyyat vasitələrinin sıxlıq yaratdığı müşahidə edilir:"Məktəb avtobuslarının fəaliyyət göstərməsi valideynlərin şəxsi avtomobillərdən istifadəsini azaldacaq, bu isə nəqliyyat axınında rahatlıq yaradacaq. Məsələn, Bakı şəhərində səhər saatlarında məktəblərin yaxınlığında yaranan sıxlıq avtobus marşrutlarının effektiv idarə olunması ilə müəyyən qədər azaldıla bilər".Ekspertin fikrincə, məktəb avtobusları şagirdlərin təhlükəsizliyini təmin etmək baxımından da vacibdir."Qanunvericilikdə uşaqların məktəbə daşınması ilə bağlı konkret tələblər mövcuddur. Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinə əsasən, məktəbli avtobusları xüsusi işarələrlə təmin edilməli və sürücüləri müvafiq qaydalara riayət etməlidirlər. Dünyada tətbiq olunan bu praktika, xüsusilə ABŞ və Kanadada məktəbli avtobuslarının hərəkət etdiyi zaman digər nəqliyyat vasitələrinin dayanmasını tələb edir. Beləliklə, məktəb avtobusları şagirdlərin yol hərəkəti zamanı mümkün təhlükələrdən qorunmasına imkan yaradır.Beynəlxalq təcrübəyə nəzər saldıqda, inkişaf etmiş ölkələrdə məktəb avtobuslarının istifadəsinin nə qədər vacib olduğu görünür. ABŞ-də məktəb avtobusları təxminən 26 milyon şagirdin daşınmasını təmin edir. Kanadada bu rəqəm 2 milyon civarındadır. Avropa ölkələrində, məsələn, Almaniyada məktəb avtobusları daha çox kənd və şəhərətrafı bölgələrdə aktiv fəaliyyət göstərir və burada marşrutlar konkret olaraq təhsil müəssisələrinin yerləşdiyi ərazilərə uyğun planlaşdırılır. Azərbaycanın da bu təcrübədən faydalanaraq sistemli bir yanaşma ortaya qoyması vacibdir", - deyə o bildirdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta