Təxminən 8 aydan sonra Belçikada yeni hökumət razılaşması əldə edildi
Belçikada keçirilən seçkilərdən 236 gün sonra koalisiya danışıqlarında razılıq əldə olunub.
“İki sahil” xəbər verir ki, Kral ailəsinin yaydığı məlumata görə, hökumətin qurulmasından məsul olan Bart De Wever, dünən axşam keçirilən görüşdə kral Filipə koalisiya danışıqlarında razılıq əldə edildiyini bildirib.
236 gündür hökumətin qurulmadığı ölkədə indi partiyaların, kabineti formalaşdıracaq şəxslərin razılaşdıracağı gözlənilir.
Daha sonra yeni kabinet təsdiq üçün krala təqdim olunacaq. Kral yeni nazirlərin təyinatını təsdiq edən fərmanları imzaladıqdan sonra hökumətin andiçmə mərasimi keçiriləcək.
Həmin gün yeni baş nazir hökuməti və koalisiya sazişini Federal Parlamentə təqdim edəcək və hökumət faktiki olaraq vəzifəyə başlayacaq.
O vaxta qədər hazırkı baş nazir Aleksandr de Kroo vəzifəsini davam etdirəcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”