AZ

Paşinyan "erməni genosidi"nin tarixini alt-üst etdi -kilsəyə, diaspora ağırzərbə...

Image

Məhərrəm Zülfüqarlı: “Türkiyənin güclənməsi nə SSRİ-nin, nə də Qərbin və Amerikanın marağında idi, onun güclənməməsi üçün həm “soyqırım”, həm də əsassız ərazi iddiasından istifadə edilirdi”     

 Qondarma erməni “soyqırımını” uzun illərdir, Ermənistanın havadarları olan bəzi böyük dövlətlər Türkiyəyə təzyiq vasitəsi kimi əlində saxlayır. Ermənistan da, ermənilər də “soyqırım” nağılı ilə öz başlarını qatırlar. Ermənistanın baş naziri Nikol Paşinyan isə “soyqırım” məsələsinə fərqli yanaşır, hətta çıxışlarında bu ifadəni işlətməkdən çəkinir və  “böyük qırğın” kimi tərcümə olunan “mets egern” ifadəsini işlədir. Ümumiyyətlə, Paşinyan bu məsələyə fərqli yanaşır, bunun uydurulmuş bir yalan olduğunun fərqindədir. Paşinyan saxta genosid mövzusunu dəfələrlə qaldırıb. Ümumiyyətlə, o, son dövrlər erməni cəmiyyətinə fərqli yanaşmalar təlqin edir, diqqət çəkən ideyalar verir. O həmişə deyir ki, mifik Ermənistandan real Ermənistana keçmək lazımdır. Yəni deyir ki, nağıldan gerçəkliyə keçilməsə Ermənistan adlı dövlət məhv olacaq.  Dediyimiz kimi,  eyni zamanda da saxta “genosid” məsələsini qaldırır və tarixi olaraq haqlı sual qoyur.  

N.Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə bildirib ki, ermənilərin Osmanlı İmperiyasındakı “soyqırımı” məsələsi yenidən araşdırılmalıdır: “Biz “erməni soyqırımı”nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə “soyqırımı” gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu”. 

Paşinyan əvvəl də bu məsələyə toxunub və bildirib ki,  bu, sovet dövründə süni şəkildə kəskinləşdirilib. Paşinyan burda çox maraqlı nüanslara toxunur və  deyir ki,  bu məsələni SSRİ şişirdib. 

Bildiyimiz kimi, 1939-cu ildə Türkiyə NATO-nun üzvü deyildi və SSRİ ilə Türkiyə arasında da qarşıdurma yox idi. Bu baxımdan da, SSRİ Türkiyəyə qarşı hər hansı bir əsassız iddia qaldırmaqda maraqlı deyildi. Elə ki, 1950-ci ildə artıq Türkiyə NATO-ya üzv oldu və SSRİ ilə düşmən düşərgəni təmsil etməyə başladı, sovet hökuməti Ermənistan tərəfdən qondarma “genosid” məsələsini Türkiyəyə qarşı şişirtdi, bunu Türkiyəyə qarşı bir mübarizə məsələsinə çevirdi. Paşinyan da buna işarə edir  ki, bizi bu “genosidə” alət ediblər. “Genosidi” çox şişirdiblər. Əslində o, məsələni çox düz qoyur. Bunu həqiqətən də SSRİ ilə NATO arasında gedən mübarizənin nəticəsi olaraq bu dərəcədə şişirdiblər. Paşinyan da deyir ki, 1939-cu ildə saxta erməni “genosidi” gündəmdə yox idi, amma 1950-ci ildə bu birdən-birə meydana çıxdı, gündəmə gəldi. 

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a şərhində bildirdi ki, bu barədə çox danışılıb, çox yazılıb, indi də, görünür, yenə bu hansısa dövlətlərin, siyasi mərkəzlərin marağındadır, ona görə də gündəmə gətirilir. M.Zülfüqarlının sözlərinə görə, belə bir fikir var, Qərb ölkələri, Qərbi Avropa, Amerika Türkiyəyə nəyisə vermək istəməyəndə və yaxud Türkiyədən nəyisə almaq istəyəndə  saxta,  qondarma erməni “soqyırımından” bir vasitə kimi istifadə edir. M.Zülfüqarlı qeyd etdi ki, SSRİ İkinci Dünya müharibəsindən qalib çıxdıqdan sonra Ermənistan və Gürcüstan vasitəsilə Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı, hətta qardaş ölkəyə təcavüz etmək niyyətini ortaya qoydu. “SSRİ Türkiyəni açıq-aydın təhdid etməyə başladı. Türkiyə də dəstək üçün İngiltərəyə müraciət etdi, amma İngiltərə imtina edir. ABŞ-a müraciət etdikdə isə, ABŞ o dövrkü Türkiyə hökumətinin qarşısına şərt qoyur, bildirir ki, biz sizə SSRİ-nin təcavüzünə, təhdidinə qarşı kömək edə bilərik, ancaq bir şərtlə, siz çoxpartiyalı sistemə keçməlisiniz, bir də demokratik seçki keçirməlisiniz.  O vaxtı Türkiyənin baş naziri İsmət İnönü öz komandasını yığıb deyir ki, ABŞ bizim qarşımızda belə bir şərt qoyub. Bildirir ki, biz çoxpartiyalılığın əsasında demokratik seçki keçirsək hakimiyyətdən gedəcəyik, bunları etməsək, Türkiyə məhv olacaq, çünki SSRİ ölkəmizə təcavüz etmək istəyir. Ondan sonra Amerikanın şərtlərini qəbul edirlər, İsmət İnönü kabineti gedir, hakimiyyətə yeniləri gəlir və Türkiyə NATO-ya daxil olmaqla müdafiə olunur. Özü də SSRİ bunu tək etmirdi, Gürcüstanın və Ermənistanın adı ilə edirdi. Yəni Gürcüstan və Ermənistan Moskvanın təkidi ilə Türkiyəyə qarşı ərazi iddiası edirdi. Türkiyə NATO-ya girməsəydi təcavüzə məruz qala bilərdi”. 

M.Zülfüqarlı qeyd etdi ki, SSRİ müharibədə qalib gələndən sonra dünyanın düzəni tamamilə dəyişdi, dünənki müttəfiqlər – Amerika, İngiltərə, Fransa, SSRİ dünyanı bölmək uğrunda artıq düşmənə çevrildilər. Türkiyə İkinci Dünya müharibəsində iştirak etməmişdi, axıra yaxın Almaniyaya müharibə elan etdi, ancaq iştirak etmədi, zəif dövlət idi. Bular da qalib dövlətlər idilər. Məqsəd  təkcə ərazi iddiası deyildi, həm də boğazlar məsələsi idi. 

Ermənistan necə ki, indi bizə qarşı ərazi iddiası irəli sürürdü, o vaxt da Moskvanın təkidi ilə Gürcüstanla birgə Türkiyəyə qarşı ərazi iddiası qaldırırdı. Bunu da saxta, əsassız iddialarla edəcəkdilər”.

M.Zülfüqarlının sözlərinə görə, qondarma erməni “soyqırımı” məsələsinin o dövrdə gündəmə gəlməsində həm SSRİ-nin, həm də Qərbin və ABŞ-ın əli olub. O dövrdə BMT-də Holokost genosidi ilə bağlı qərar qəbul edilib və ermənilər də bundan istifadə edib saxta “soyqırımlarını” ortaya atdılar. O hesab edir ki, Qərb ölkələri Türkiyəni SSRİ-yə qarşı qoymaq üçün onu SSRİ sərhədində olan NATO dövləti kimi qəbul edirdilər. M.Zülfüqarlı qeyd etdi ki, Türkiyə Avropa Birliyinə daxil olmaq istəyirdi, Qərb  onun bu quruma qəbul olunmasının qarşısını almaq üçün “soyqırım” kartından istifadə edirdi, indi də edir. “Türkiyəyə qarşı SSRİ də, Qərb də öz kartlarından istifadə edirdilər. Türkiyənin güclənməsi nə SSRİ-nin, nə də Qərbin və Amerikanın marağında idi, onun güclənməməsi üçün həm “soyqırım”, həm də əsassız ərazi iddiasından istifadə edilirdi. Qərb Türkiyədən NATO dövləti kimi SSRİ-yə qarşı istifadə etmək istəsə də, onun Avropa Birliyinə qəbul olunmasına qarşı idi.  Çünki Türkiyənin əhalisinin sayı çox olduğu üçün onun Avropa Birliyində səsi çox ola bilərdi, bu da Qərb ölkələrini narahat edərdi. Avropa Birliyi bir xristian blokudur. Ona görə də, qondarma “genosid” məsələsindən Türkiyəyə qarşı istifadə edirdilər. SSRİ də ərazi iddiası irəli sürürdü. Həm Qərb, həm Amerika, həm də SSRİ erməni kartından Türkiyəyə qarşı təhdid, təzyiq vasitəsi kimi istifadə etməklə öz maraqlarını təmin edirdi”. 

M.Zülfüqarlının fikrincə, güclü Türkiyə həm SSRİ, həm də həmin dövlətlər üçün ciddi təhlükə idi, bu səbəbdən də ona qarşı hər cür vasitədən istifadə edirdilər.

M.Zülfüqarlı hesab edir ki, saxta erməni “soyqırımı” məsələsinin şişirdilməsində SSRİ-dən çox, Qərb və ABŞ böyük rol oynayıb. 

M.Zülfüqarlının sözlərinə görə, Paşinyanın bu məsələni qaldırması Fransanın və digər Qərbi Avropa ölkələrinin, ABŞ-ın sifarişidir. “Türkiyə Avropa Birliyinə üzv olmağa yaxınlaşır və bütün tələbləri yerinə yetirir, amma onu bu quruma qəbul etməmək üçün qarşısına “erməni soyqırımını tanı” tələbi qoyulur. Deyirlər ki, sən bunu qəbul et, səni Avropa Birliyinə qəbul edək. Bunu tanımaq da Türkiyə üçün nə deməkdir? Türkiyə təzminat verməlidir, ərazi itirməlidir ki, Qərb ölkələri rahatlasın. Qərb ölkələri demokratiyadan danışsalar da, amma türk və müsəlman ölkələrinə qarşı uydurma təzyiq siyasətindən əl çəkmirlər.

44 günlük müharibədən və antiterror tədbirlərindən sonra Paşinyan belə bir fikir söylədi ki, artıq erməni xalqı nağıllara inanmamalıdır, reallıqdan çıxış etməlidir. Yəni qondarma, mifik “Böyük Ermənistan” xülyasından, saxta “soyqırım” iddiasından əl çəkməlidir və reallıqla hesablaşmalıdır, reallıqdan çıxış etməlidir, əks təqdirdə indiki dövlətçiliyini də itirə bilər, Bunu Paşinyan deyirdi. Belə bir söz var: “İlana zəhər verən kərtənkələ”. Elə ki, fransız qüvvələri sərhəddə peyda oldu (indi də sərhəddə “müşahidə aparmaq” adı ilə missiyalarını davam etdirirlər-M.Z), məhz onların təsiri ilə Paşinyan fikrini dəyişdirdi. Bununla da hələlik öz dediyi fikri inkar etdi. Amma yəqin gələcəkdə yenə bu fikri təkrarlayacaq ki, boş, mənasız  iddialardan əl çəkməsək Ermənistanın dövlətçiliyini itirmək təhlükəsi var. Çünki Türkiyə və Azərbaycana qarşı nifrət, düşmənçilik etmək, ərazi iddiaları  irəli sürmək Ermənistanın özünə ziyan vurur. Artıq bu iddialardan əl çəkib qonşularla normal münasibət qurmağın vaxtıdır”.

M.Zülfüqarlının qeyd etdiyinə görə, saxta “soyqırımla” bağlı Türkiyə dəfələrlə bəyan edib ki, bu məsələni araşdırmaq tarixçilərin işidir. O bildirdi ki, bu məsələnin araşdırılması üçün Türkiyə öz arxivlərini açmağa hazırdır, Ermənistan isə arxivlərini açmaq istəmir, çünki arxivləri açan kimi ermənilərin 1915-ci ildə törətdikləri cinayətlər üzə çıxacaq. “Arxivləri açarlarsa ermənilərin 1915-ci ildə rusların xeyrinə  Türkiyəyə qarşı etdikləri xəyanətlər, cinayətlər açılacaq, bu yalanlar ifşa olunacaq. Erməni “soyqırımının” yalan olduğunu bütün dünya yaxşı bilir, sadəcə, bundan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək Qərbə lazımdır, ona görə də onu gündəmdə saxlayırlar”-deyə M.Zülfüqarlı əlavə etdi.

İradə SARIYEA          

 






Seçilən
23
baki-xeber.com

1Mənbələr