AZ

Jan Onana “Beşiktaş”ı bu dəfə “Cenoa”ya dəyişdi

Futbol üzrə Kamerun milli komandasının dayaq yarımmüdafiəçisi Jan Onana Türkiyənin “Beşiktaş” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu İtaliyanın “Cenoa” klubuna keçib.

Bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. “Cenoa” Onananı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Jan Onana peşəkar karyerasına Portuqaliyanın “Leyşoyş” klubunda başlayıb. Fransanın “Lill”, “Bordo” və “Lans”, Belçikanın “Muskron” klublarında da oynamış dayaq yarımmüdafiəçisi “Beşiktaş”a 2023-cü ilin iyul ayında azad agent kimi qoşulub. Yarımmüdafiəçi “qara qartallar”ın heyətində 16 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Kamerunlu futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsi 2027-ci ilin 30 iyununa qədərdir. O, ötən mövsüm Marsel “Olimpik”ində (Fransa) də icarədə olub.

Onana Kamerun yığmasında 10 oyun keçirib, məhsuldarlıq nümayiş etdirə bilməyib.

“Cenoa” Buxarest “Rapid”inin isveçrəli qapıçısı Benyamin Ziqristi də heyətinə qatıb. İtaliya klubu 33 yaşlı qolkiperi də bu mövsümün sonunadək icarəyə götürüb.

Benyamin Ziqrist karyerası ərzində “Dandi Yunayted”, “Aston Villa”, “Vaduts”, “Solihall Murs”, “Kembric Yunayted”, “Seltik”, “Uikomb” və “Barton” kimi klublarda da çıxış edib. Təcrübəli qolkiper 2024-cü ilin yayında qoşulduğu Rumıniya klubunun heyətində 13 oyuna çıxıb, 10 qol buraxıb, 5 matçda qapısıını toxunulmaz saxlayıb.

İsveçrənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Ziqristə əsas millidə debüt qismət olmayıb.

“Cenoa” üç futbolçusu ilə də yollarını ayırıb. İslandiyalı dayaq yarımmüdafiəçisi Mikael Ellertsson (22 yaş) və italiyalı mərkəz müdafiəçisi Alessandro Markandalli (22 yaş) “Venesiya”ya icarəyə veriliblər. Onların hər ikisi bu mövsümün sonunadək icarədə olacaq. İtaliyalı mərkəz yarımmüdafiəşçisi Filippo Meleqoni isə “Cenoa”nı birdəfəlik tərk edərək “Karrareze”yə keçib. 25 yaşlı futbolçu yeni klubu ilə 2027-ci ilin 30 iyununadək anlaşıb.

Seçilən
78
arena.az

1Mənbələr