Afrikanın təbii sərvətlərini əldən buraxmaq istəməyən keçmiş müstəmləkə dövlətləri hər vəchlə qitəni nəzarət altında saxlamağa çalışırlar. Mövqelərin itiriləcəyindən ehtiyat edən qüvvələr indi hər yola əl atır, hərbi əməliyyatlara belə gedirlər.
Konqo və Ruanda rəsmilərindən qarşılıqlı ittihamlar
Məsələn, bölgənin ən narahat ölkəsi Konqo Demokratik Respublikası (KDR) ilə qonşusu Ruanda arasında gərginlik müharibə həddinə çatıb. KDR hökuməti ölkənin "müharibə vəziyyətində olduğunu" bəyan edib. Bu, "23 Mart Hərəkatı" (M23) qruplaşmasının ölkənin şərqində Şimali Kivu əyalətinin inzibati mərkəzi, təxminən 300 min əhalisi olan böyük Qoma şəhərini nəzarətə götürdüyünü elan etməsindən sonra baş verib. Qruplaşmanın şəhərə hücumundan əvvəl Konqo hərbçilərinə ultimatum verilmişdi. Onlardan 48 saat ərzində silahı yerə qoymaq tələb olunurdu. KDR hakimiyyətinin iddiasına görə, qruplaşma birbaşa Ruandadan dəstəklənir və onunla birgə bu ölkənin nizami ordusu döyüşür. Ruanda hakimiyyəti isə iddiaları rədd edir. Xatırladırlar ki, KDR-də təxminən yüz silahlı qruplaşma fəaliyyət göstərir və ölkə hakimiyyəti bir sıra rayonlarda vəziyyətə çox zəif nəzarət edə bilir.
![](https://kaspi.az/storage/posts/large/p7mb7RRbRxq34n9l1HcD2h0kgMNFytAa78RsPTU0.jpg)
Qərb ölkələrinin səfirliklərinə hücum
İndi hər kəs “Böyük Afrika müharibəsi”ndən danışır, prosesə bir çox dövlətin qoşula biləcəyini bəyan edir. Qeyd etdiyimiz kimi, Konqoda hakimiyyətə qarşı çıxan qüvvələrə Ruanda dəstək verir. Bu ölkəni isə Fransa özündən asılı vəziyyətə salıb. Afrikadakı digər müstəmləkələrindən qovulan Fransa indi Ruanda vasitəsilə mövqelərini bərpa etməyə çalışır. Bu məqsədlə Ruandada yerli tayfalar Konqoya qarşı qaldırılır.
BMT Təhlükəsizlik Şurası da Konqo Demokratik Respublikasındakı vəziyyəti müzakirə etmək üçün toplantı keçirib. Böyük Britaniyanın xarici işlər naziri David Lemmi Ruanda prezidenti Pol Kaqame ilə telefon danışığında Ruanda ilə KDR arasındakı sərhəddə gərginliyin azaldılmasına nail olunmasının zəruriliyini bəyan edib.
Konqonun paytaxtı Kinşasada ABŞ səfirliyi, bir neçə diplomatik nümayəndəliyə hücum edilib. Basqınçılar Ruanda, Fransa, Belçika, Uqanda və Keniya səfirliklərini hədəfə alıblar. Paytaxtın hər yerində ölkənin şərqində döyüşən Konqo silahlı qüvvələri ilə həmrəylik aksiyaları keçirilir.
![](https://kaspi.az/storage/posts/large/dxErYd8ijj1KeKbJMSsUDvZ3gVTZ0gYXpCDlfEGV.jpg)