AZ

Trampın kriptovalyuta addımına "MAGA" cəbhəsindən etiraz - "The Guardian"

J. Oliver Conroy - Amerikalı yazıçı və jurnalist..

Donald Tramp ABŞ prezidentliyini üzərinə götürməsinə üç gün qalmış – və qısa müddət sonra Melaniya Trampın da eyni addımı atması ilə – öz adını daşıyan memecoini təqdim edəcəyini elan etdikdə, kriptovalyuta sənayesindəki bir çox insan dərhal narazılığını bildirdi. 

Bununla belə, Trampın əsas dəstəkçi bazasında da kiçik və nisbətən sakit, lakin eyni dərəcədə narahatlıq doğuran bir etiraz dalğası yaranmağa başladı.  

Spekulyantların kütləvi şəkildə bu sikkələri almasına səbəb olan qısa müddətli yüksəlişdən sonra Trampın hər iki kriptovalyutası əsasən dəyər itirdi. Onlayn "MAGA" icmasında – kriptovalyuta həvəskarları ilə müəyyən dərəcədə üst-üstə düşən bir cəmiyyətdə – bəzi şəxslər bu addımı xəyanət kimi qiymətləndirdi. Onların fikrincə, Tramp bəzi mühafizəkarların "sent-ştok" fırıldağından fərqləndirmədiyi bir sahəyə girişməklə öz tərəfdarlarını aldatmış oldu.  

2021-ci ildə "Bitcoin"i "dələduzluq kimi görünən bir şey" adlandıran Tramp, sonradan bu məsələdə fikrini dəyişdi. Kripto sektorunun gözləntilərinə əsasən, o, bu sahəyə müsbət yanaşan bir prezident olmalı və maliyyə bazarlarında kriptovalyutalara qanuni status qazandırmalı idi. Lakin o, əksinə, kripto icmasını məyus edərək, əsasən riskli və etibarsız hesab edilən "memecoin"lərə "qızıl axtarışı" başlatdı.  

Ənənəvi kriptovalyutalar kimi blokçeyn texnologiyası əsasında çıxarılmayan və elektron ödəniş vasitəsi kimi istifadə edilməyən "meme" sikkələr ümumiyyətlə uzunmüddətli dəyərə malik hesab olunmur. Onlar, əsasən, müəyyən bir viral hadisədən qazanc əldə etmək məqsədilə yaradılır.  

Kriptovalyuta investoru və Tramp tərəfdarı Nik Karter "New York Post" qəzetinə açıqlamasında bildirib: "Kripto tənzimləmələrinin yumşaldılmasına çox az qalmış, insanların bu sahə haqqında əsas düşüncəsi ‘bu, sadəcə "memecoin"lər üçün bir kazinodur’ oldu. Bu addım bizim üçün qanuniləşmə deyil, əksinə, bizi tamamilə qeyri-ciddi göstərir."

Eyni zamanda, Trampın amerikalı kiçik sərmayədarları müdafiə edəcəyinə ümid edən bəzi mühafizəkarlar, onun bu spekulyativ maliyyə sxeminə dəstək verməsindən dərin məyusluq hissi keçirirlər.  

Yeni prezident öz kriptovalyutasını "qalibiyyətimizi qeyd edəcək" bir addım kimi təqdim etsə də, hamı bu iddiaya inanmadı.  

Trampın sikkəsinin buraxılmasından sonra mühafizəkar "Reddit" forumlarından birində bir istifadəçi belə yazıb: "Kaş Tramp bu məsələdə daha ehtiyatlı olardı. O, kazinoların sahibidir və qumar asılılığının nə olduğunu yaxşı bilir."  

Digər bir istifadəçi isə qeyd edib ki, "memecoin" "ən kasıb və çarəsiz insanların hisslərindən istifadə edir".  

Bir başqa forum üzvü isə belə bir sual verib: "Bu addımı dəstəkləyən məntiqli bir arqument irəli sürə bilən varmı?"

Cavabların əksəriyyəti mənfi olub.  "Bu həm pisdir, həm də pis görünür" – deyə bir istifadəçi bildirib.  

Bəzi digər şərhlərdə Trampın tokeni "prezidentlik vəzifəsini alçaldan", "sıradan bir pul qazanma planı", "onun ikinci prezidentlik müddətini riskə ata biləcək səhv addım", "şübhəli" və "dəhşətli" kimi xarakterizə edilib.  

Başqa bir şəxs isə belə yazıb: "Bu kriptovalyuta tarixdəki ən açıq Ponzi sxemidir və aldadılanlar bizik."  

Bir mühafizəkar istifadəçi isə Trampın bu addımına münasibətini belə ifadə edib: "Mənim üçün əsas kriteriya budur: əgər Bayden bu işi görsəydi, necə hiss edərdim? Heç bir prezidentin bu cür bir addım atacağını təsəvvür edə bilmirəm."

Bəzi forum üzvləri isə 2028-ci ildə Respublikaçılar Partiyasının Trampdan daha yaxşı bir namizəd tapmalı olduğunu vurğulayıblar.  

"Mən bu ölkənin idarəsini Vens kimi bir kişinin öhdəsinə götürməsini istəyirəm" – deyə bir istifadəçi qeyd edib.  

Ötən həftə "IVANKA" adlı yeni bir "memecoin" istifadəyə verildikdə, İvanka Tramp bu layihə ilə heç bir əlaqəsinin olmadığını açıqlamağa məcbur qaldı. O, bu tokenin "mənim icazəm və razılığım olmadan reklam edildiyini" bildirərək, bu cür layihələrin "istehlakçıları aldatmaq və onların çətinliklə qazandıqları pulları mənimsəmək riski daşıdığını" qeyd etdi. Kriptovalyuta tənqidçiləri isə bu fikrin bütün "memecoin"lərə, o cümlədən Tramp və Melaniyanın rəsmi tokenlərinə də aid olduğunu bildirə bilər.  

Mühafizəkar dairələrdə nüfuzu ilə tanınan "Wall Street Journal" redaksiya heyəti də Trampın kriptovalyuta biznesinə girişini tənqid edən məqalə dərc edib. Yazıda "memecoin"lərin spekulyativ xarakter daşıdığı, Trampın isə bu fəaliyyətlə hüquqi, etik və siyasi problemlərlə üzləşə biləcəyi qeyd olunub.

"Heç bir ehtiyatlı prezident bu cür siyasi riski gözə almazdı və biz indiyədək belə bir addım atan heç bir prezident xatırlamırıq" – məqalədə vurğulanıb.

Tramp tokeninin rəsmi vebsaytında isə bu kriptovalyutaların "hər hansı bir investisiya imkanı, sərmayə müqaviləsi və ya qiymətli kağız olmadığı" bildirilir. Lakin bu açıqlamanın, adi sərmayədarların "memecoin"lərə baxışına nə qədər uyğun gəldiyi mübahisəlidir.  

Bütün bu tənqidlərə baxmayaraq, Trampın biznes imperiyası bu sahəyə daha da dərindən daxil olmağa hazırlaşır. Çərşənbə axşamı, Trampın sosial media platforması "Truth Social"ı idarə edən "Trump Media and Technology Group", "Truth.Fi" adlı maliyyə texnologiyası brendinin yaradıldığını elan edib.  

Rəhim

Seçilən
17
valyuta.az

1Mənbələr