![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/tramp-putin.webp)
Donald Trampın komandasının Ukraynadakı münaqişəyə son qoymaq üçün “etibarlı plan” üzərində işlədiyi bildirilir.
Trampın xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalına müsahibəsində deyib ki, atəşkəs həm Rusiya, həm də Ukraynaya təzyiq etməklə və hər iki tərəfə müsbət stimullar verməklə əldə edilə bilər. Kelloq, Trampın nə vaxt təzyiqlərə başlayacağını dəqiq bildiyini və bu prosesin illərlə deyil, aylarla tamamlana biləcəyini iddia edib.
Kelloqun sözlərinə görə, Tramp administrasiyası münaqişəyə son qoymaq üçün qarşısına 100 günlük məqsəd qoyub. Bununla belə, “The Wall Street Journal” xəbər verir ki, demək olar ki, heç kim bu dövrdə sülhün əldə olunacağına inanmır. Tramp yanvarın 31-də Moskva ilə “ciddi danışıqlar” apardığını açıqlayıb, lakin heç bir təfərrüat açıqlamayıb.
Bu arada Tramp Rusiya prezidenti Putinlə görüşəcəyini açıqlayıb, ancaq vaxtla bağlı təfərrüatları paylaşmayıb: "Biz danışacağıq və ola bilsin önəmli bir addım atdıq. Bu müharibəni bitirmək istəyirik. Mən prezident olsaydım, bu müharibə başlamazdı".
Tramp bildirib ki, Vaşinqton Ukraynadakı münaqişənin həlli ilə bağlı Moskva ilə əlaqə saxlayır. Artıq müzakirələrin başladığını deyən ABŞ prezidenti tərəflərin hansı səviyyədə təmasda olduğunu açıqlamayıb və müzakirələri "çox ciddi" adlandırıb.
Trampa Putinlə birbaşa danışıb-danışmadığı barədə sual da ünvanlanıb, o, isə bu barədə danışmaq istəmədiyini deyib.
Bununla belə, Kreml Trampın komandasından indiyədək heç bir rəsmi sülh planı təklifi almadığını bildirib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Moskva Vaşinqtondan gələn bütün siqnalları diqqətlə izləyir, lakin Putinlə Tramp arasında hələlik görüş planlaşdırılmayıb.
TAHİR