![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/ftb.webp)
ABŞ mediası 3 fərqli mənbəyə istinadən Federal Təhqiqatlar Bürosunun (FTB) bəzi yüksək səviyyəli məmurlarının və agentlərinin istefa verməyə məcbur edildiyini iddia edib.
Qeyd edilir ki ki, FTB-nin bir neçə yüksək rütbəli məmurundan bazar ertəsi, fevralın 3-dək istefaya getmələri istənilib, əks halda onlara işdən qovulacaqları bildirilib.
Məlumata görə, istefası tələb edilən yüksək vəzifəli məmurlar arasında bir neçə icraçı direktor müavini, cinayət və milli təhlükəsizlik araşdırmalarından məsul şəxslər və FTB-nin ölkə üzrə sahə ofislərində yüksək vəzifəli agentlər də var.
“The Times” Trampın onunla bağlı araşdırmalarda iştirak edən agentlərin təqaüdə çıxmaq və ya agentliyi tərk etmək üçün addımlar atdığını yazır. Buraya Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi və prezidentin məxfi sənədlərlə işləməsi ilə bağlı təhqiqat aparan agentlər də daxildir. Bildirilib ki, FTB-nin keçmiş direktoru Kristofer Reyin dövründə bu vəzifələrə təyin olunan məmurların əksəriyyəti hələ pensiya yaşına çatmayıb və buna görə də, vəzifədən kənarlaşdırılmaq məcburiyyətində qaldıqları halda, qazandıqları pensiya hüququ, sosial təminat və kompensasiya kimi müavinətlərdən məhrum ola bilərlər.
Mənbələr bildirib ki, hazırda kimin işdən çıxarılmasını müəyyən etmək üçün araşdırmalarda iştirak edən FTB agentlərinin siyahıları nəzərdən keçirilir və işdən qovulan agentlərin sayı arta bilər.
ABŞ mediası yazır ki, Tramp administrasiyasının prezident və onun tərəfdarları ilə əlaqəli araşdırmalarda iştirak edən yüzlərlə agenti yoxlaması "kütləvi təmizləmə" kimi qəbul oluna bilər. Bildirilir ki, bəzi respublikaçılar prezident Tramp və onun FTB direktorluğuna namizədi Patelin prezidentlə bağlı araşdırmaların qərəzli olması ilə bağlı bəyanatları ilə razılaşırlar. Lakin Patelə çox uzağa getməmək barədə də xəbərdarlıq edirlər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın FTB direktoru vəzifəsinə namizədliyini irəli sürdüyü Kaş Patel ABŞ Senatında təsdiqləmə dinləmələri zamanı bildirib ki, əgər vəzifəyə başlasa, FTB-də heç bir siyasiləşmə olmayacaq və heç kimdən, o cümlədən Trampın hədəfində olanlardan “siyasi qisas” almayacaq.
TAHİR