“Milan”ın italyan məzunu, “Montsa”nın yarımmüdafiəçi Daniel Maldini bundan sonra “Atalanta”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Atalanta”nın rəsmi saytına istinadən xəbər verir.
Sözügedən klub bu transferi 1 milyon avroya rəsmiləşdirib. 23 yaşlı futbolçu yeni klubu ilə 2029-cu ilin 30 iyununadək anlaşıb.
Xatırladaq ki, Daniel Maldini “Milan”ın yetirməsidir. Hücumameylli yarımmüdafiəçi “Montsa”ya 2024-cü ilin iyulunda “Milan”dan azad agent qismində keçmişdi. Buna qədər Maldini “Spetsiya”, “Empoli” və “Montsa”da icarə əsasında çıxış edib. Maldininin “Montsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvədəydi.
Cari mövsümdə Maldini “Montsa” üçün 21 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. O, “Montsa”da bütövlükdə 32 oyun keçirib, 7 qol vurub, 2 assistlə yadda qalıb.
Daniel Maldini İtaliyanın U-18, U-19 və U-20 yığmalarında oynayıb, əsas yığmada isə 2024-cü il oktyabrın 14-də debüt edib. Maldini millidə 2 oyun keçirib, fərqlənə bilməyib.
Daniel Maldininin qənimətlər muzeyində “Milan”la İtaliya A Seriyası çempionluğu (2021/2022) var.
“Transfermarkt” internet-portalı 23 yaşlı italyan yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
Maldinini satan “Montsa” da heyətinə yeni oyunçular cəlb edib. Sözügedən klub “Latsio”nun yarımmüdafiəçisi Qaetano Kastrovillinini icarəyə götürüb. 27 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə çıxış edəcək.
“Montsa” İsveçin “Myalbu” klubunun mərkəz müdafiəçisi Arvid Brorssonu da heyətinə qatıb. 25 yaşlı isveçli futbolçu ilə 2027-ci ilin 30 iyununadək müqavilə imzalanıb. “Montsa” bu keçidi 600 min avroya rəsmiləşdirib.