AZ

Torpaqlar icarəyə veriləcək

Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək. Bu, məsələ “Torpaq icarəsi haqqında” qanunda öz əksini tapıb. Eyni zamanda, həmin torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.

Nazirlər Kabineti tərəfindən bununla bağlı yeni qaydalar da təsdiq olunub. Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli 544 nömrəli Qərarı Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib. Sənəddə vurgulanır ki, işğaldan azad edilmiş ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, habelə həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli idarə edilməsi dövlətin əsas prioritet istiqamətlərindəndir. Gələcəkdə torpaq islahatının predmeti ola biləcək və dövlət mülkiyyətində saxlanılacaq həmin torpaqların həcminin müəyyən edilməsi, habelə müvafiq yaşayış məntəqələri salındıqca onların inzibati ərazi sərhədləri daxilində səmərəli parselləşdirilməsi və zəruri infrastrukturla (suvarma, meliorasiya, elektrik və s.) təmin edilməsi hazırda mühüm məsələlərdəndir. Növbəti mərhələdə isə əlverişli və şəffaf sahibkarlıq mühitinin yaradılması məqsədilə torpaqlara investorların cəlb olunması, habelə torpaqların kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrində məskunlaşmış sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Qərarda torpaqların icarəyə verilməsinə dair müraciətlər, icarəyə verilməsinin təşkili, nəzarət və hesabatlılıq mexanizmi öz əksini tapıb. Eyni zamanda, qərarda torpaqların birillik əkinlər və yonca əkinləri üzrə ilkin olaraq 2 il, çoxillik əkmələr üzrə 5 il müddətinə icarəyə verilməsi nəzərdə tutulub. Müəyyən edilmiş müddətlərin sonunda isə torpaq sahələrindən icarə müqaviləsinə uyğun istifadə olunduğu müəyyən edildikdə birillik əkinlər və yonca əkinləri üzrə icarəyə verilən torpaqların icarə müddəti 3 il müddətinə, çoxillik əkmələr üzrə icarəyə verilən torpaqların icarə müddəti isə 15 il müddətinə uzadılır. Həmin torpaqların icarə haqlarına güzəştlər “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən icarə haqqının miqdarına sıfır əmsalı tətbiq edilməklə hesablanması nəzərdə tutulub.

Sənəddə qeyd olunur ki, bu qərarın qəbulu kənd təsərrüfatı təyinatlı torpaqlardan və su resurslarından səmərəli istifadə edilməklə regionda kənd təsərrüfatının inkişafına töhfə veriləcək, dayanıqlı məskunlaşmanın təmin edilməsinə və məşğulluğun yaradılmasına imkan yaradacaq.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, həmin bölgədə 1980-ci illərdə 139.8 min hektar əkilmiş sahə mövcud olub. Əkinlərin strukturunda taxıl sahələri və üzümlüklər üstünlük təşkil edib. Belə ki, əkilmiş sahənin 55 faizi taxıl məhsullarının, 35 faizi isə üzümlüklərin payına düşüb.

Hazırda işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən kompleks tədbirlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə səlahiyyətli dövlət orqanlarının rəhbər şəxslərindən ibarət Əlaqələndirmə Qərargahı da formalaşdırılıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb.

Bu bölgədə şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri strukturların və mədəni-tarixi abidələrin bərpası, yaşayış evlərinin  tikintisi və s. çoxsistemli tədbirlər planı üzrə ötən 4 ildə dövlət büdcəsindən 17,5 milyard manat vəsait yönəldilib. Artıq 3 min km avtomobil və dəmir yolları inşa edilib, 70 km uzunluğunda 45 tunel və 450 körpünün tikintisi davam etdirilir, azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib, bir neçə su-elektrik stansiyasının açılışı olub və s. 2025-ci ildə bu sahəyə 4 milyard manatdan artıq vəsait ayrılması nəzərdə tutulur. Nəticədə ümumi xərc portfelinin həcmi 22 milyard manata çatacaq. Eyni zamanda, son illərin büdcə siyasəti çərçivəsi üzrə aparılan dürüstləşmələrin 2025-ci ildə də davam etdirilməsi istisna olunmur. 2026-cı ildə büdcə xərclərində sözsüz ki, əsas hədəf olan Qarabağ və Şərqi-Zəngəzurda aparılan fasiləsiz quruculuq missiyasının dayanıqlı maliyyə təminatı yenə də ön planda duracaq.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əli Əlirzayev deyib ki, Qarabağın yenidənqurulması və bərpası Azərbaycan hökumətinin əsas prioritetləri sırasındadır. Onun fikrincə, bu əraziyə investisiya qoyuluşu həm yerli, həm də beynəlxalq miqyasda iqtisadiyyat üçün mühüm strateji əhəmiyyət kəsb edir: “Qarabağ bölgəsi zəngin təbii resurslara, əlverişli coğrafi mövqeyə və kənd təsərrüfatı üçün geniş ərazilərə malikdir. Region yüksək məhsuldar kənd təsərrüfatı mərkəzinə çevrilə bilər. Turizm və sənaye sahələri sürətlə inkişaf etdirilə bilər. Eyni zamanda, Qarabağın “yaşıl enerji” zonası elan edilməsi, alternativ enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilməsi, investorlar üçün cazibədar şərait yaradır. Bu sahədəki layihələr uzunmüddətli iqtisadi faydaları təmin edəcək”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə bildirir  ki, azad edilmiş ərazilərdə mina təmizləmə işlər gündən-günə sürətlənir: “Statistik məlumatlara görə, artıq 600 min hektardan artıq torpaq sahəsi əkin dövriyyəsinə qatılmağa hazırdır. Son illərdə yüz min hektarlarla ərazidə buğda, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları yetişdirilib. Qeyd edim ki, ərazilərin minalardan təmizlənməsi kənd təsərrüfatı məhsullarının artımı baxımından çox vacibdir. Çünki sovetlər dövründə həmin ərazilər ölkə kənd təsərrüfatı ümumi məhsulunun 10-12 faizini ödəyirdi. Əgər mina təmizləmə davam edərsə, həmin torpaqlar əkin dövriyəsinə daxil olarsa, göstərici daha yüksək ola bilər. O torpaqlar münbitdir, orada pambıqçılıq, taxılçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün böyük üçün potensial var. Son illərdə Kəlbəcərə mal-qaranın qaldırılması, arı ailələrinin saxlanması və digər ərazilərdə əkinlərin aparılması göstərir ki, bu torpaqlar gələcəkdə böyük fayda verəcək. Torpaq icarəsi haqqında qanun var, burada göstərilir ki, istənilən şəxs torpaqları icarəyə götürə bilər. Əgər şəxs sahibkardırsa, imkanı varsa niyə də götürməsin? Sahibkar istənilən yerdən torpaq icarəyə götürüb təsərrüfatla məşğul ola bilər. Hər bir ölkə vətəndaşının hüququ var ki, istədiyi yerdən torpaq icarəyə götürüb biznesini qursun. Ona görə də həmin ərazilərdə də təhlükəsizlik təmin olunduqca torpaq icarəyə götürə bilər”.

Millət vəkili vurğulayır ki, həmin ərazilərdə kiçik və orta sahibkarlar indi də faəliyyət göstərirlər: “600 min hektar torpağın əkin üçün hazır olduğunu qeyd etdim. 100 min hektar ərazidə əkin aparılıb. Bunları əlbəttə ki, sakinlər edib. Bu gün xeyli insan tanıyıram ki, Qarabağda təsərrüfatla məşğul ola bilmək üçün ərazilərin minadan təmizlənməsini gözləyir. O yerlərin təsərrüfatı inkişaf etdirilməsi üçün böyük potensialı var. Amma hər şeydən əvvəl orada təhlükəsizlik tam təmin olunmalıdır. Ermənilər bulaq başına da, qəbir daşlarına da mina basdırıblar. Təhlükəsizlik təmin olunduqdan sonra insanlar sözsüz ki, təsərrüfatla məşğul olmaq üçün oraya axın edəcəklər. Orada müasir texnologiyalardan istifadə edilməlidir, bu gün köhnə üsullarla işləmək mümkün deyil. Ona görə də torpaqlardan səmərəli istifadə olunması üçün yeni imkanlar müəyyən olunmalıdır".

 

Seçilən
31
hafta.az

1Mənbələr