Azərbaycan cüdoçusu Ruslan Paşayev Fransanın paytaxtı Paris şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi olub.
Arena.az xəbər verir ki, bu gün Parisdə cüdo üzrə “Böyük Dəbilqə”yə start verilib.
Yarışın ilk günündə Azərbaycan millisinin 6 idmançısı mübarizəyə qoşulub. Onlardan ikisinin çıxışı daha uğurlu alınıb.
60 kq-da mübarizə aparan Əhməd Yusifov 1/8 finalda Kenta Sekimoto (Yaponiya) ilə gücünü yoxlayıb və məğlubiyyətə üzülüb. Eyni çəki dərəcəsindəki digər təmsilçimiz Hüseyn Allahyarov ilk görüşündə Baxrom Boturovu (Özbəkistan) sınağa çəkib. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb.
66 kq-da çıxış edən Ruslan Paşayev startda Çannyeonq Kimi (Cənubi Koreya), ardınca Murad Çopanovu (İJF) məğlub edərək yarımfinala yüksəlib. Cüdoçumuz finala gedən yolda Valid Xyarla (Fransa) gücünü yoxlayıb. Paşayev bu dueldən də qalib ayrılıb. O, finalda digər fransalı Daiki Buba ilə qüvvəsini sınayıb. Yerli idmançını məğlub edən Ruslan çempion tituluna sahib çıxıb.
Eyni çəki dərəcəsindəki digər təmsilçimiz Rəşid Yelkiyev isə startda Yusuf Nurkoviçlə (Monteneqro) güləşməli olsa da, rəqib yarışdan çəkilib. Bu səbəbdən də cüdoçumuz döyüşmədən mərhələ adlayıb. Yelkiyev 1/8 finalda Xerlen Qanboldınla (Monqolustan) münasibətinə aydınlıq gətirib və qələbə qazanıb. Lakin o, 1/4 finalda Vaja Marqvelaşviliyə (Gürcüstan) uduzub.
Yekiyev təsəlliverici görüşdə Taiko Fudzisakanı (Yaponiya) məğlub edib. O, bürünc medal uğrunda komanda yoldaşının qalib gəldiyi Valid Xyarla (Fransa) üz-üzə gəlib. Görüş rəqib cüdoçunun qələbəsi ilə yekunlaşıb.
73 kq-da yarışan Rəşid Məmmədəliyev ilk qarşılaşmasında Valtteri Olini (Finlandiya) mübarizədən kənarlaşdıb. O, 1/8 finalda Mixeil Baxbaxaşvilidən (Gürcüstan) də güclü olub. Cüdoçumuz 1/4 finalda Akil Qyakovaya (Kosovo) uduzub. Məmmədəliyev təsəlliverici görüşdə Orlando Kasorlodan (Fransa) güclü olub. O, bürünc medal uğrunda Otari Kvantidze (Portuqaliya) ilə qarşılaşıb və qələbə qazanaraq fəxri kürsüdə yer alıb.
Bu çəki dərəcəsindəki digər cüdoçumuz Vüsal Qələndərzadə 1/16 finalda Laşa Şavdatuaşvili (Gürcüstan) ilə qüvvəsini sınayıb. Rəqib qalib gəldiyindən cüdoçumuz yarışla erkən vidalaşıb.
Xatırladaq ki, yığmamız turnirə 10 cüdoçu ilə yollanıb. “Böyük Dəbilqə”yə sabah yekun vurulacaq.