AZ

Qərbi Zəngəzur, əslində, Azərbaycanın suveren ərazisi statusundadır. Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırmalıyıq - HÜQUQİ ŞƏRH

6 may 1920-ci ildə nəşr olunan “Kommunist” qəzetində dünənimiz, bu günümüz və gələcəyimiz üçün- məzmunundakı faciəyə rəğmən- olduqca böyük önəm daşıyan bir sənəd dərc olunub. Bir neçə gün öncə Azərbaycanda hakimiyyəti ələ keçirmiş bolşeviklərin əsas mətbu orqanının “Müsavat parlamanı” kimi təqdim etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin 27 apreldə keçirilmiş son iclasının qərarını dərc edib.

Müstəqilliyi de-fakto tanınmış Azərbaycan Xalq Cümhuriyyətində hakimiyyət, qərara əsasən, kommunistlərə təhvil verilir və yeni hökumətin boyununa bir neçə məsul vəzifə qoyulur. Mövzumuz baxımından bu vəzifələrdən üçü xüsusilə diqqətçəndir.

Qərarda bildirilir ki, əvvəla, sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilməlidir;

Daha sonra qeyd olunur ki, Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olmalıdır;

Nəhayət, Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görülməlidir.

Mənbə: http://anl.az/el/Download/2017/03/1998-1128.pdf

Bu üç müddəa AXC parlamentinin son iclasının stenoqramı da daxil olmaqla, hadisələrin cərəyanını əks etdirən zəngin və təkzibolunmaz tarixi materiallar, dövrün beynəlxalq hüquq normaları fonunda xüsusi incəliklə nəzərdən keçirilməlidir.

İlk növbədə onu qeyd edək ki, “11-ci Qızıl Ordu” adlanan silahlı bolşevik birləşməsi müstəqil bir dövlət olan Azərbaycan ərazisinə V.İ. Leninin əmri ilə, zorla və ölkədə hakimiyyətin qırğından yayınmaq məqsədi ilə təhvil verilməsinə baxmayaraq, qətliamlar törədərək, xalq üsyanlarına rəvac verərək daxil olmuşdu. Bu ərəfədə Azərbaycan Ermənistanla müharibə vəziyyətində idi, eləcə də bolşevik komandanı Mixail Levondovski ölkəyə bir müddət öncə hücum planı hazırlamışdı. Beləliklə, müharibə vəziyyəti və işğal faktı az sonra bəhs edəcəyimiz Haaqa Konvensiyasının prinsiplərini bu kontekstdə tətbiq etməyə imkan yaradır.

İkincisi, son nəticədə 71 il davam etməsinə baxmayaraq, Azərbaycanda sovet hökumətinin işğalçı qüvvə kimi hüquqi statusu “müvəqqəti” idi və bu müvəqqətilik parlamentin qərarında təsbit olunmaqla yanaşı, həm də 1907-ci ildə qüvvəyə minmiş və beynəlxalq adət hüququ kimi bütün dövlətlərə şamil olunan Haaqa Konvensiyanın prinsiplərinə də uyğundur.

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının (18 oktyabr, 1991) birinci maddəsində 1920-ci il aprelin 27–28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilir. Məlum olduğu kimi, işğal bir və ya bir neçə xarici dövlətin silahlı qüvvələrinin digər bir dövlətin ərazisini ələ keçirməsidir. İşğal hüquqi baxımdan müvəqqəti xarakter daşıyır və bu zaman işğal olunan ərazinin suverenliyindən doğan hüquqlar yerində olaraq qalır.

Azərbaycan bolşevik-rus işğalı nəticəsində öz müstəqil idarəetməyə malik olmaq haqqından məhrum edilmiş, lakin dövlət suverenliyini formal və kağız üzərində olsa da, həm SSRİ-yə daxil olana qədər, həm də SSRİ-nin tərkibində qorumuşdu. Başqa sözlə, ərazi işğala məruz qalmasına, idarəetmə sistemi işğalçı qüvvələr tərəfindən yenidən qurulmasına baxmayaraq, suverenlik bir hüquqi anlayış olaraq davam edirdi.

Haaqa Konvensiyasının 42, 43, 55 və digər maddələrinin əsasını təşkil edən ümumi prinsiplərdən biri odur ki, müharibə edən dövlətin işğalı qeyri-sabit, müvəqqəti hakimiyyətdir və işğala məruz qalan tərəfin suverenliyi işğalçı dövlətə keçmir. Onu qısaca olaraq, “işğal zamanı suverenliyin işğalçı dövlətə keçməməsi” prinsipi adlandırırlar. Bu prinsip işğala məruz qalan dövlətlə bağlı Haaqa konvensiyasının ziddinə attılmış bütün addımları, o cümlədən dövlətin ərazi bütövlüyünə və inzibati bölgüsünə edilən bütün qəsdləri qanunsuz saymağa əsas yaradır.

Paris Sülh Konfransında AXC parlamentinin sədri Əlimərdan bəy Topçubaşov tərəfindən rəsmən təqdim olunan sənədlərdə IX fəslində Azərbaycan Cümhuriyyətinin ərasizi təsvir edilmişdi:

“Qafqaz Azərbaycanı öz müstəqilliklərini 1813-1828-ci ilə qədər qoruyub saxlamış yuxarıda adları çəkilən xanlıqların ərazisini əhatə edir. Rus hakimiyyəti dövründə Qafqazın digər yerləri kimi Azərbaycan da hökumətin mənafeyinə uyğun şəkildə quberniyalara, vilayətlərə (oblast), bu sonuncular isə öz növbəsində qəzalara bölünmüşdür”.

Sənəddə Yelizavetpol (Gəncə) quberniyasının Gəncə, Cavanşir, Nuxa, Ərəş, Şuşa, Cəbrayıl, Zəngəzur və Qazax qəzaları, İrəvan quberniyasının Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzaları, habelə Yeni Bəyazid, Eçmiadzin, İrəvan və Aleksandropol qəzalarının bir hissəsi Qafqaz Azərbaycanını formalaşdıran inzibati bölgüsü daxilində göstərilmişdi. Gəncə quberniyasının dağlıq hissəsi, yəni Qarabağın yuxarı əraziləri təqdim olunan sənəddə “mübahisəli ərazi” kimi qeyd olunsa da, həm hüquqi, həm də praktiki baxımdan konfransın davam etdiyi müddətdə Cümhuriyyətin ayrılmaz tərkib hissəsinə çevrilmiş, hətta Baş nazir Nəsib bəy Yusifbəyli Xankəndidə hərbi parad da keçirmişdi.

Mənbə: https://history.az/pdf.php?item_id=20111201125922638&ext=pdf

Azərbaycan Xalq Cümhuriyyətinin ərazilərinin sovet işğalı dövründə Ermənistana verilməsi barədə müstəqil ölkəmizdə çox sayda tədqiqatlar aparılıb. Bu tədqiqatların hər birinin elmi əhəmiyyətini vurğulamaqla bərabər, professor, millət vəkili Vasif Qafarovun çalışmalarını ayrıca qeyd etmək, xüsusilə də onun tarixçi olmasına baxmayaraq, məsələyə hüquqi aspektdən və “işğal zamanı suverenliyin işğalçı dövlətə keçməməsi” prinsipindən yanaşmasına diqqət çəkmək istəyirəm. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu yanaşma “Qərbi Azərbaycan” kimi məşhurlaşan tarixi torpaqlarımızın hüquqi vəziyyətinin aydınlaşdırılması zamanı elmi diskussiyalarda, xüsusən də beynəlxalq hüquq mütəxəssisləri arasında ön plana çıxır. Bu müstəvidə aparılmış son tədqiqatlara misal olaraq Səftər Rəhimlinin “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq hüquq subyektliyi: Hüquqi varislik və Kontinuitet problemi” adlı doktorluq dissertasiyasını göstərmək olar. 2023-cü ildə isə, “Bakı Universitetinin xəbərləri” jurnalının sosial-siyasi elmlər seriyasının 2-ci sayında “Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Rusiyanın hərbi təcavüzü nəticəsində Ermənistan üçün təsis edilən “ümumtanınmış” ərazi” adlı elmi məqalə dərc olunub.

Seçilən
16
aznews.az

1Mənbələr