Seçkidə qalib gəldikdən sonra verdiyi vədə uyğun olaraq, Tramp Kanada və Meksikadan idxal edilən mallara 25%, Çindən idxal edilən məhsullara isə 10% rüsum tətbiq edəcək.
Dünən Floridada imzaladığı sərəncama əsasən, hər üç ölkəyə qarşı tariflər fevralın 4-dən tam qüvvəyə minəcək.
Lakin Kanadadan idxal olunan enerji məhsullarına tətbiq edilən rüsumlar daha aşağı – 10% olacaq. Bu güzəşt ABŞ və Kanada arasında enerji asılılığının tanınması kimi qiymətləndirilir.
Tramp narkotik və miqrasiya məsələlərinin milli təhlükəsizliyə təhdid yaratdığını bildirərək, 1977-ci il Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına (IEEPA) əsaslanaraq rüsumları tətbiq etdiyini bəyan edib.
"Amerikalıları qorumağa ehtiyacımız var və prezident kimi borcum hər kəsin təhlükəsizliyini təmin etməkdir", – Tramp "Truth Social" platformasında yazıb.
Yeni tariflərin texniki detalları
Tramp yeni rüsumları sürətlə tətbiq etmək üçün 1977-ci il qanununa əsaslanan prezident səlahiyyətindən istifadə edib. Ekspertlərin fikrincə, bu, ona tarifləri sürətlə qüvvəyə mindirmək üçün hüquqi əsas yaradır.
Lakin "Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı"nın tətbiqi Trampa geniş səlahiyyətlər versə də, bu qərarın məhkəməyə çıxarılması ehtimalı da mövcuddur.
Həmçinin, bu qanun Konqreslə yalnız "mümkün olan hər bir halda" məsləhətləşmələri tələb edir.
Ümumilikdə, dünən atılan addım Trampın 2017–2020-ci illərdə başlatdığı ticarət müharibələrinin yenidən qızışacağına işarə edir.
Ötən dövrdə Tramp əsasən Çin idxalının yarısından çoxunu hədəf almışdı, lakin əsas diqqət polad və alüminium kimi spesifik sahələrə yönəlmişdi.
Bu dəfə isə Tramp ümumi rüsumlarla başlayıb.
Bununla belə, yaxın gələcəkdə sektora xas tariflərin tətbiqi gözlənilir. Tramp cümə günü bəyan edib ki, yarımkeçiricilər, polad, mis və əczaçılıq məhsulları kimi bir çox sahələrdə əlavə tariflər tətbiq edilə bilər.
Bundan əlavə, o, Avropa İttifaqına qarşı da rüsumlar tətbiq etməyi "qəti şəkildə" planlaşdırdığını qeyd edib.
"Nəhayət, biz çiplərə də tarif qoyacağıq", – deyə o, "Nvidia" şirkətinin baş direktoru Censen Xuan (Jensen Huang) ilə görüşdən sonra bildirib.
Bu açıqlamalar Trampın tarif siyasətinə ciddi yanaşdığını göstərir, baxmayaraq ki, iqtisadçılar və iş dünyası nümayəndələri onun bu yanaşmasına dair narahatlıqlarını ifadə edirlər. Tramp isə cümə günü tənqidlərə cavab olaraq belə deyib:
"Rüsumlar inflyasiya yaratmır, onlar uğur gətirir."
Rəhim