Kot-d’İvuar yığmasının və İsveçin “Hammarbü” klubunun sol vingeri Bazumana Ture bundan sonra “Hoffenhaym”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
Bundesliqa təmsilçisi bu transferi 10 milyon avroya rəsmiləşdirib. 18 yaşlı vingerlə imzalanmış uzunmüddətli müqavilənin dəqiq detalları açıqlanmır.
Bazumana Ture Kot-d’İvuarın “Mimozas” klubunun yetirməsidir. O, “Hammarbü”yə 2024-cü ilin mart ayında 443 min avro müqabilində cəlb olunmuşdu. 18 yaşlı futbolçu İsveç klubunun əsas komandasının heyətində meydana çıxdığı 23 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Bazumana Kot-d’İvuarın U-20 yığmasının da formasını geyinir.
“Transfermarkt” internet-portalı 18 yaşlı müdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.
![](https://s3.tsg-hoffenheim.de/public/news/2025/20250201-sap-tsg-hoffenheim-toure.jpg)
“Hoffenhaym” Danimarkanın “Sonderyuske” klubunun qapıçısı Yakub Busku da icarəyə götürüb. 31 yaşlı danimarkalı qolkiper bu mövsümün sonunadək (2025-ci ilin 30 iyununa qədər) Bundesliqa klubunun uğurları üçün çalışacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Yakub Busk Danimarkanın “Kopenhagen” klubunun yetirməsidir. O, karyerası ərzində “Horsens”, “Sandefyord”, “Union Berlin” kimi klubların da formasını geyinib. 2024-cü ilin iyulundan “Sonderyuske”də çıxış edən təcrübəli qolkiper bu komandada 16 oyun keçirib, 32 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb. O, Danimarkanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı qapıçının transfer dəyərini 250 min avro məbləğində qiymətləndirir.
![](https://s3.tsg-hoffenheim.de/public/news/2025/20250131-sap-tsg-hoffenheim-busk.jpg)