AZ

Teycon Byukenen “İnter”i tərk etdi - “Vilyarreal”a görə

Futbol üzrə Kanada yığmasının və Milan “İnter”inin sağ vingeri Teycon Byukenen bundan sonra “Vilyarreal”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sözügedən klub kanadalı 25 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. La Liqa təmsilçisi yarım mövsümlük icarə üçün “İnter”ə 1 milyon avro ödəyib.

Xatırladaq ki, “İnter” Teycon Byukeneni 2024-cü ilin yanvarında Belçikanın “Brügge” klubundan transfer edib. Transfer “neradzurri”yə 7 milyon avro məbləğində başa gəlib. “İnter” kanadalı yarımmüdafiəçi ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Byukenen “İnter”in heyətində ilk kanadalı futbolçu olub. Teycon sağ cinahda çoxyönlü fəaliyyəti ilə səciyyəvi oyunçudur, həm vinger və həm də kənar müdafiəçi kimi cinah boyu oynaya bilir. O, Milan klubunun heyətində meydana çıxdığı 17 oyunda 1 qol da vurub.

Byukenen böyük futbola 2018-ci ildə Kanadanın “Siqma” komandasının heyətində qədəm qoyub. 2019-2021-ci illərdə isə ABŞ-ın “Nyu-İnqlend Revolyuşn” komandasında çxış edib və buradan “Brügge”yə yol tapıb.

Byukenen “Brügge” ilə 2 dəfə Beçika çempionatının qalibi olub. O, “İnter”in heyətində də bir dəfə İtaliya çempionu adını qazanıb, bir dəfə İtaliya Super Kubokunun qalibi olub.

Teycon Byukenen 2021-ci ilin iyununda debüt etdiyi Kanada yığmasının heyətində 43 oyun keçirib, 4 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı kanadalı yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

“İnter” digər sağ vingeri İssiaka Kamateni də “Modena”ya icarəyə verib. 20 yaşlı fransalı futbolçu cari mövsümün sonunadək icarədə olacaq. O, cari mövsümün ilk dövrəsini Portuqaliyanın AVS klubunda icarədə keçirib. O, Milan klubunun öz yetirməsi olsa da, hələ “İnter”in əsas komandasında debüt etməyib.

“Vilyarreal” da hücumçusu Pau Kabanesi “Alaves”ə icarəyə verib. 19 yaşlı ispan forvard da bu mövsümün sonunadək icarədə olacaq.

Kabanes “Roda”nın yetirməsi olsa da, 2023-cü ildən “Vilyarreal”dadır. O, La Liqa klubunun əsas komandasında 12 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb.

Seçilən
39
arena.az

1Mənbələr