İtaliyanın “Roma” klubunun polyak yarımmüdafiəçisi Nikola Zalevski bundan sonra Milan “İnter”inin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “İnter”in rəsmi istinadən məlumar verir.
İtaliya çempionu 23 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Milanlılar yarım mövsümlük icarə üçün “Roma”ya 600 min avro ödəyəcəklər. Yayda “İnter” Zalevskinin tranfer hüquqlarını almaq üçün isə azı 10 milyon avro ödəməlidir.
Xatırladaq ki, Nikola Zalevski “Roma”nın yetirməsidir. 23 yaşlı sol cinah yarımmüdafiəçisi 2021-ci ilin yayından “canavarlar”ın əsas komandasında forma geyinir. Polşalı futbolçu bu komandada 123 oyuna çıxıb, 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Zalevski Polşanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2021-ci ilin sentyabrında əsas yığmada debüt edib. O, indiyə qədər Polşa millisində 27 matç keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.
“Roma”nın ispan müdafiəçisi Mario Hermoso isə Almaniya çempionu “Bayer”ə keçib. Bundesliqa nəhəngi təcrübəli oyunçunu bu mövsümün sonunadək icarəyə götürüb. Amma Zalevskidən fərqli, Hermosonun müqaviləsində satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Xatırladaq ki, 2024-cü ilin yayında Madrid “Atletiko”sundan azad agent kimi ayrılmış ispaniyalı mərkəz müdafiəçisi Mario Hermoso sentyabr ayında “Roma”ya keçib. O, paytaxt klubu ilə 3 illik (2027-ci ilin 30 iyununadək) müqavilə bağlayıb. Mario “canavarlar”ın heyətində 13 oyuna çıxıb, 1 qol da vurub.
Mario Hermoso Madrid “Real”ının yetirməsidir. Ölkəsində “Valyadolid” və “Espanyol”un da şərəfini qorumuş 29 yaşlı ispan müdafiəçi 2019-cu ildən “Roma”ya keçənədək “Atletiko”nun uğurları üçün çalışıb. O, Madrid klubunun heyətində 174 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
Müdafiənin sol cinahında da oynamağı bacaran Hermoso, vaxtilə İspaniyanın U-19 yığmasında forma geyinib. 2018-ci ildə əsas millidə debüt matçına çıxmış Mario, İspaniya yığmasında cəmi 5 matça çıxıb. O, bu oyunlarda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.