"TASS" informasiya agentliyinin baş redaktoru vəzifəsinə Svetlana Karajas təyin ediləcək.
Valyuta.Az Rusiya mediasına istinadən xəbər verir ki, hazırda "TASS"ın baş redaktoru vəzifəsini tutan Mixail Petrov agentlikdə baş direktorun müavini vəzifəsinə keçəcək.
Həmçinin o, yeni vəzifəsində dövlət qurumları ilə qarşılıqlı əlaqəyə ("GR") də nəzarət edəcək. Kadr dəyişikliklərinə dair sənədlərin yaxın zamanda imzalanacağı bildirilir.
Qeyd edək ki, Svetlana Karajas 2024-cü ilin əvvəlindən "TASS"da çalışır. Təyinatından əvvəl o, baş redaktorun birinci müavini vəzifəsini icra edirdi. Karajas agentliyə "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyindən keçib, burada əsas informasiya idarəsinin direktor müavini olub.
Mixail Petrov isə 2019-cu ildə "TASS"ın baş redaktoru təyin edilib. O, agentlikdə 20 ildən artıqdır ki, çalışır. Müxtəlif illərdə Kremlin jurnalistlər qrupunun müxbiri olub, Kremlin və hökumət xəbərləri redaksiyasına rəhbərlik edib, həmçinin baş redaktorun müavini vəzifəsində çalışıb.
Rəhim