Həftənin əvvəlində dünya mediasında, "ChatGPT"dən daha ucuz, lakin eyni dərəcədə effektiv olduğu iddia edilən Çin çat-botu ilə bağlı xəbər geniş rezonans doğurdu. Bu xəbər təkcə ABŞ-nin texnologiya nəhənglərinin səhmdarlarını deyil, həm də enerji şirkətlərinin mövqelərini sarsıtdı. Yeni çat-bota bazarın kəskin reaksiyası neft qiymətlərinə də təsir etdi və onlar bir anda təxminən 2% azalaraq gerilədi.
Bəs bu necə baş verdi və süni intellekt sahəsindəki yeniliklər qlobal enerji bazarına hansı təsiri göstərir? Neft qiymətlərinin daha da düşməsi ilə bağlı narahatlıq varmı və süni intellektin inkişafı neftə olan tələbatı necə dəyişir?
Çinin "DeepSeek" şirkəti "R1" adlı yeni çat-bot versiyasını təqdim etdi.
Çinin "DeepSeek" şirkəti 20 yanvarda "R1" adlı yeni çat-bot versiyasını təqdim etdi. Bildirilir ki, bu çat-bot ABŞ-nin "OpenAI" şirkətinin qabaqcıl "ChatGPT" versiyasını üstələyir. Onun hazırlanmasına "ChatGPT" ilə müqayisədə təxminən iki dəfə az vəsait xərcləndiyi güman edilir. Buraxıldıqdan cəmi bir həftə sonra Çin çat-botu "App Store" reytinqlərində bir sıra ölkələrdə, o cümlədən Çin, ABŞ, Böyük Britaniya və BƏƏ-də birinci yerə yüksəldi.
Lakin "DeepSeek-R1"in ən böyük "nailiyyəti" fond bazarına təsiri oldu. Bu çat-botun uğuru texnologiya nəhənglərinin səhmlərinin ucuzlaşmasına səbəb oldu. "OpenAI" üçün bahalı çiplər tədarük edən "Nvidia" şirkətinin səhmləri bazar ertəsi günü 17%-ə yaxın dəyər itirdi. Nyu-York birjasında texnologiya nəhənglərinin səhmlərini əhatə edən "Nasdaq" indeksi isə 3%-dən çox gerilədi.
"Bloomberg"in məlumatına görə, Çin çat-botunun populyarlığının fonunda dünyanın ən zəngin insanları ən azı 108 milyard $ itirdi.
"Nvidia" şirkətinin səhmləri bazar ertəsi günü 17%-ə yaxın dəyər itirdi.
Fond bazarlarında yaranan ümumi panikaya gözlənilməz şəkildə neft qiymətləri də qoşuldu. Yanvarın 9-dan sonra ilk dəfə olaraq neftin bir barelinin qiyməti 77 $-dan aşağı düşərək bazar ertəsi günü təxminən 2 % azaldı. "Reuters" agentliyi qiymət azalmasını bazarın enerji tələbi ilə bağlı narahatlıqları ilə əlaqələndirdi. Belə ki, yeni Çin çat-botunun daha az enerji sərf etməsi bazarda enerji istehlakının azalacağına dair gözləntilər yaradıb. Bu isə süni intellektin inkişafından elektrik enerjisi tələbinin artacağını gözləyən enerji şirkətlərinin səhmlərinə mənfi təsir göstərib.
Texnoloji irəliləyiş və enerji istehlakı
Beynəlxalq Enerji Agentliyinin ("BEA") məlumatına görə, hazırda dünya üzrə elektrik enerjisinin təxminən 1%-i məlumat mərkəzləri ("data-centers") tərəfindən istehlak edilir. Böyük iqtisadiyyatlarda – ABŞ, Çin və Avropa İttifaqında bu göstərici artıq 2-4% arasında dəyişir. ABŞ-nin beş ştatında bu rəqəm 10%-i, İrlandiyada isə 20%-i keçib. "BEA" bildirir ki, iri məlumat mərkəzlərinin illik elektrik istehlakı 350-400 min elektrik avtomobilinin enerji tələbatına bərabərdir.
Rusiyanın Neft-qaz sənayesi üzrə Analitik Mərkəzin beynəlxalq bazarlar üzrə departament rəhbəri Almaz İxsanov bildirib ki, son illərdə dünyada elektrik enerjisinə tələbat gözləniləndən daha sürətlə artır. Onun sözlərinə görə, 2010-cu ildən bəri qlobal elektrik enerjisi istehlakı 39 % artıb və 2030-cu ilə qədər bu göstəricinin daha 26 % yüksələcəyi proqnozlaşdırılır. 2015-2023-cü illər ərzində isə məlumat mərkəzlərinin və rabitə şəbəkələrinin enerji istehlakı 20-50 % artıb ki, bu da texnoloji transformasiyanın miqyasını vurğulayır.
"Bu, onu göstərir ki, müasir dünya yeni texnoloji mərhələyə qədəm qoyur. Bu dövrün əsas xüsusiyyətləri süni intellektin sürətli inkişafı və "Böyük Məlumat"ın ("Big Data") dominant mövqeyidir. Belə olduğu halda, enerji effektivliyi texnologiyalarının inkişafına baxmayaraq, elektrik enerjisinə olan tələbat artmaqda davam edəcək", – deyə ekspert qeyd edib.
Süni intellektin inkişafı üçün enerji haradan əldə ediləcək?
Qlobal enerji bazarından danışarkən ilk növbədə neft yada düşür. Müasir dünyada neft çoxsaylı sahələr üçün əsas xammal olaraq qalır – gündəlik tələbat mallarının istehsalı, avtomobil və təyyarələrin hərəkəti, neft ixracından asılı olan ölkələrin iqtisadi inkişafı, geosiyasi proseslər və fond bazarlarının vəziyyəti birbaşa neftlə əlaqəlidir. Lakin süni intellektin inkişafında neftin rolu olduqca cüzidir.
"Finam" analitiki A.Potavin hesab edir ki, Çin çat-botu "DeepSeek-R1"in buraxılışı ilə neftin ucuzlaşması arasında yalnız zaman baxımından təsadüfi uyğunluq var. O bildirir ki, neft qiymətləri azalmağa hələ yanvarın ortalarından başlamışdı, yəni Çin çat-botunun müzakirəyə səbəb olduğu dövrdən təxminən bir həftə əvvəl. "Lakin süni intellektin enerji bazarlarına təsirinin dərinliyini qiymətləndirmək hələ qarşıdadır", – deyə Potavin "TASS"a bildirib.
Onun fikrincə, süni intellektin inkişafı qlobal neft tələbatına ciddi təsir göstərməyəcək, çünki neft elektrik enerjisi istehsalında əsas xammal deyil. Enerji və Maliyyə İnstitutunun tədqiqat direktoru Aleksey Beloqoryev də eyni mövqeni sərgiləyib. O bildirib ki, neftin elektrik enerjisi istehsalında mühüm rol oynadığı dövr 1970-1980-ci illərdə başa çatıb. 2023-cü ildə qlobal elektrik istehsalında neft məhsullarının payı cəmi 2,3% təşkil edib. Avropa İttifaqında bu göstərici 1,7%, Rusiyada 0,6%, ABŞ-də 0,4%, Çin və Hindistanda isə 0,1%-dən bir qədər çox olub.
"Neft elektrik enerjisi istehsalında əsasən Fars körfəzi ölkələri, Afrika, Meksika və Yaponiya kimi regionlarda istifadə olunur. Yaponiyada bu pay 3,3%-dir. Digər hallarda neft nadir hallarda ehtiyat yanacaq kimi istifadə edilir. Buna görə də süni intellektin enerji tələbatının artmasının neft bazarını dəstəkləyəcəyini düşünmürəm. Daxili yanma mühərriki ilə işləyən avtomobillərin yüksək enerji istehlakı tələb edən süni intellektlə təchiz ediləcəyini gözləmirəm", – deyə Beloqoryev vurğulayıb.
Neft və süni intellektin digər əlaqəsi
Ekspertlərin proqnozlarına görə, süni intellektin inkişafı neft bazarına enerji istehlakı baxımından təsir etməsə də, bu iki sahə arasında başqa bir əlaqə var. Neft hasilatı və texnologiyadan asılı olan digər sahələr daim inkişaf edir. Süni intellektin tətbiqi isə yataqların axtarışı, ehtiyatların qiymətləndirilməsi və hasilat proseslərinin daha səmərəli olmasına kömək edə bilər.
"Finam" analitiki Potavin, "Goldman Sachs" ekspertlərinin proqnozlarına əsaslanaraq bildirib ki, süni intellektin tətbiqi şist neft hasilatının xərclərini 30% azalda bilər. Bu isə hasilatın artırılmasına və nəticədə bazarda təklifin yüksəlməsinə səbəb olacaq. "Burada logistikanın təkmilləşdirilməsi, hasilat proseslərinin avtomatlaşdırılması və effektivliyin yüksəldilməsi gözlənilir. Bu dəyişikliklər neft ehtiyatlarının artmasına gətirib çıxara bilər və bu da öz növbəsində qiymətlərə təsir edəcək", – deyə ekspert qeyd edib.
Eyni zamanda, beynəlxalq neft nəhəngləri də süni intellektə aktiv şəkildə investisiya yatırırlar. "Saudi Aramco" (Səudiyyə Ərəbistanı), "ADNOC" (Birləşmiş Ərəb Əmirlikləri), "Shell", "BP", "Chevron" və digər Qərb şirkətləri süni intellektdən neft-qaz sektorunda geniş şəkildə istifadə edirlər.
Məsələn, noyabr ayında Əbu-Dabi Milli Neft Şirkəti ("ADNOC") "Microsoft" ilə əməkdaşlıq edərək "Energy to the Power of AI" adlı süni intellekt layihəsini inkişaf etdirdiyini açıqlayıb. Onun sözlərinə görə, bu sistem yalnız petabaytlarla məlumatı analiz etməklə kifayətlənməyəcək, həm də tədqiqat müddətlərini qısaldacaq və hasilat proqnozlarının dəqiqliyini 90%-ə qədər artıracaq.
Rəhim