Serbiyanın “Srvena Zvezda” klubunun sağ cinah müdafiəçisi Oqnen Mimoviç bundan sonra “Fənərbaxça”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Transferin detalları açıqlanmayıb. 20 yaşlı serbiyalı futbolçu ilə müqavilənin müddəti isə 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulub.
Oqnen Mimoviç futbola “Metalak”da başlayıb. 2021-ci ildən “Srvena Zvezda”da olan müdafiəçi 2023/2024 mövsümünü icarə əsasında “OFK Belqrad”da keçirib. O, “Srvena Zvezda”nın əsas komandasının heyətində 34 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Serbiyanın U-18 və U-19 yığmalarında da oynamış Mimoviç 2024-cü ilin martından U-21-də çıxış edir.
“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.
“Fənərbaxça”nın dayaq yarımmüdafiəçisi Bartuğ Elmaz isə “Maribor”a keçib. Sloveniya klubu 21 yaşlı türkiyəli futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bir sözlə, icarə müddəti başa çatdıqdan sonra Elmaz yenə “Fənərbaxça”nın düşərgəsinə qayıdacaq.
Bartuğ Elmaz “Qalatasaray”ın yetirməsidir. Bir müddət Fransanın “Olimpik” (Marsel) klubunda çıxış etdikdən sonra 2023-cü ildə “Fənərbaxça”ya cəlb olunmuş yarımmüdafiəçi İstanbul nəhənginin əsas komandasında 12 oyuna çıxıb. O, bu oyunlarda 1 qol və 1 assistlə yadda qalıb. Bartuğ 2024-cü ildə “Sivasspor”da da icarədə olub.
Türkiyənin U-15, U-16, U-17, U-19 və U-21 yığmalarında oynamış Bartuğ Elmaza əsas millidə hələlik ehtiyac duyulmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.