NBA-də gözlənilməz dəyişiklik baş verib.

Offsideplus.az xəbər verir ki, “Los Angeles Lakers” mövsümün ən böyük transferinə imza ataraq Luka Donçiçi heyətinə qatıb. Bunun qarşılığında Anthony Deyvisi, Maks Kristini və 2029-cu il birinci tur seçim haqqını “Dallas Mavericks”ə verib.

Bu basketbol dünyası üçün şok dəyişiklik olub. Luka Donçiç, NBA-in ən güclü oyunçularından biri kimi tanınır və keçən mövsüm “Dallas”ın finala çıxmasında böyük payı olub. Onun başqa bir komandaya keçidi gözlənilməz olub. Kevin Dürant, Devin Buker, Cey Cey MakKolum və digər ulduzlar təəccüblərini gizlədə bilməyiblər. Bəziləri Donçiçin “Lakers”ə keçməsinə inanmadığını bildirib, digərləri isə NBA tarixinin ən böyük keçidlərindən biri olduğunu vurğulayıb.

NBA azarkeşləri və mütəxəssislər bu keçidin liqaya necə təsir edəcəyini müzakirə edirlər. Donçiçin Lebron Ceymslə eyni komandada oynayacağı fikri həyəcan yaradır. Maraqlıdır ki, nə Lebron, nə də Donçiç bu dəyişikliyi öncədən bilmirmiş.

Bəzi basketbolçular bu keçidin NBA-də yeni bir tendensiyanın başlanğıcı ola biləcəyini düşünür. Əgər Donçiç belə asanlıqla başqa komandaya keçirsə, digər ulduzlar üçün də oxşar qərarlar verilə bilər.

Bu gözlənilməz keçid NBA-də yeni bir dövrün başlanğıcı ola bilər! “Lakers” yenidən çempionluğun əsas favoritlərindən birinə çevrilə bilər.