İtaliyanın “Leççe” klubunun sağ vingeri Patrik Dorqu bundan sonra “Mançester Yunayted”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Premyer Liqa nəhəngi bu transferi 30 milyon avroya rəsmiləşdirib. 20 yaşlı danimarkalı futbolçu ilə “qırmızı şeytanlar” arasındakı müqavilənin müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulub.
Patrik Dorqu Danimarkanın “Nordsyelland” klubunun yetirməsidir. “Leççe” onu 2023-cü ilin iyulunda 220 min avro müqabilində heyətinə qatmışdı. Gənc yarımmüdafiəçi A Seriyası təmsilçisinin heyətində 57 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Əslən Nigeriyadan olan Dorqu Danimarkanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2024-cü ilin sentyabrında bu ölkənin əsas millisində debüt edib. O, Danimarka yığmasında 4 oyuna çıxıb, 1 qol vurub.
“Mançester Yunayted” “Arsenal”ın yetirməsi Eyden Heveni də heyətinə qatıb. 18 yaşlı mərkəz müdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb. Transferin maddi detalları açıqlanmır.
“Arsenal”ın yetirməsi olan Heven bu klubun əsas komandasında cəmi 1 oyun keçirib. O, İngiltərənin U-18 və U-19 yığmalarında da çıxış edib.
“Mançester Yunayted” gənc mərkəz yarımmüdafiəçisi Daniel Qoru da “Roterem Yunayted”ə icarəyə verib. 20 yaşlı ingilis futbolçu cari mövsümün sonunadək icarədə olacaq.
“Börnli”nin yetirməsi olan Daniel Qor 2018-ci ildən Mançester klubunun formasını geyinir. O, bu klubun əsas komandasında 2 oyun keçirib. “Qırmızı şeytanlar” bu oyunçunu daha öncə “Port Veyl”ə də icarəyə veriblər. Qor İngiltərənin U-16, U-18 və U-20 yığmalarında da forma geyinib.