Xəbər verdiyimiz kimi, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasına ağır itki üz verib. ƏHD Partiyasının Baş katibi, Milli Azadlıq Hərəkatının fəal üzvlərindən və hərəkatın lideri Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından biri - Yaşar Kələntərli 2025-ci il fevralın 1-də, 66 yaşında ürəktutmasından qəfil vəfat edib.
Publika.az bildirir ki, Yaşar Kələntərli 31 dekabr 1959-cu ildə Bakı şəhərində anadan olub.
1977-82-ci illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
1985-ci ildə Azərbaycan neft sənayesində əmək fəaliyyətinə başlayıb. 1993-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) şöbə müdiri vəzifəsinə qədər yüksəlib.
1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulub, 1993-2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi (AXC) və Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) müxtəlif məsul vəzifələrdə çalışıb.
1998-2001-ci ildə Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Bütöv Azərbaycan Birliyinin (BAB) təşkilat şöbəsinin müdiri olub.
2000-2002-ci illərdə parçalanmış AXCP-nin bütövləşmə prosesində xüsusi rol oynayıb.