AZ

Tovuz sakini taksi sürücüsü tərəfindən aldadıldığını iddia edir VİDEO

Tovuzdan Bakıya qonaq gələn şəxs taksi sürücüsü tərəfindən aldadıldığını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, Tovuz rayon sakini Rəsul Həsənov deyir ki, Biləcəri qəsəbəsindən Alatavaya şirkətlərdən birinə məxsus taksi sifariş edib. Gedişhaqqı olaraq 4 manat 10 qəpik müəyyən edilib. Qarşılıqlı razılaşma əsasında ünvana gediş reallaşdırılıb. Lakin sərnişin iddia edir ki, mənzil başına dönmək üçün küçəni sürücüyə göstərsə də, o, hərəkətini digər istiqamətdə davam etdirib. Nəhayət sürücünün telefonuna sərnişinin getdiyi evin sakinləri məkan bildirişi göndərdikdən sonra mənzil başına çatıblar. Tərəflər arasında anlaşılmazlıq da ödəniş zamanı yaşanıb. Beləliklə, taksi sürücüsü Rəsul Həsənovdan 8 manat tələb edib və alıb.

Sərnişin baş verənlərlə razılaşmadığı üçün sözügedən taksi şirkətinin sürücülərlə işlər şöbəsi ilə əlaqə saxlayıb. Lakin şirkətin qaynar xəttinə cavab verənlər də onu yenidən sürücünün özünə yönləndiriblər.

Vətəndaşın iddialarına sözügedən sürücünün də mövqeyini öyrəndik. Həmin sifarişi icra edən sürücü Ramin Bağırov "Xəzər Xəbər"ə bildirdi ki, sərnişin özü də getdiyi yeri dəqiq bilməyib və təyinat nöqtəsini tapana kimi əlavə yanacaq və vaxt sərf olunub. Həmçinin sərnişin onun mobil telefonundan istifadə etdiyi üçün internet və danışıq balansı sərf edib. Buna görə də təyin olunan gediş haqqından əlavə məbləğ çıxıb.

Espertlər isə hesab edirlər ki, bu cür və ya buna bənzər hallar taksi sürücüləri və sərnişinlər arasında tez-tez yaşanır. Belə olan halda hər iki tərəf sifariş haqqında əlindəki dəlilləri təqdim etməklə aralarındakı anlaşılmazlığa hüquqi müstəvidə aydınlıq gətirə bilər. Buna görə də problemin qeydə alındığı ərazi üzrə hüquq mühafizə orqanlarına müraciət etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
34
xezerxeber.az

1Mənbələr