Avstriyanın LASK klubunun xorvatiyalı mərkəz hücumçusu Marin Lyubiçiç bundan sonra “Union Berlin”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
Bundesliqa təmsilçisi bu transferi 4,5 milyon avroya rəsmiləşdirib. 22 yaşlı forvardla müqavilənin müddəti və digər detalları açıqlanmır.
Marin Lyubiçiç Split “Hayduk”unun (Xorvatiya) yetirməsidir. Hücumçu LASK-a 2022-ci ilin yayında icarə əsasında keçib. 2023-cü ilin yanvar ayında isə Avstriya klubu 2,9 milyon avro ödəməklə xorvat forvardın transfer hüquqlarını da alıb. Lyubiçiç LASK-ın heyətində 100 oyuna çıxıb, 36 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Marin Xorvatiyanın U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Union Berlin” öz hücumçusu Kris Bedyanı da “Yanq Boyz”a icarəyə verib. İsveçrə klubu 28 yaşlı forvardı bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.
Kris Bedya Fransanın “Tur” klubunun yetirməsidir. Karyerası ərzində “Şarlerua”, “Sulte Varegem”, “Trua”, “Soşo”, “Servett”, “Hall Siti” kimi klublarda da çıxış edib. Berlin klubu Bedyanı 2024-cü ilin yanvar ayında 2 milyon avro müqabilində “Servett”dən transfer edib. O, Bundesliqa təmsilçisinin heyətində cəmi 7 oyuna çıxıb və 1 qol vura bilib.
Kris Bedya Kot-d’İvuarın U-17, U-20 və U-23 yığmalarının heyətində meydana çıxsa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.